Manatı gözləyən təhlükə

Mərkəzi Bank hazırkı templə bir neçə aya rezervsiz qala bilər

Məhəmməd Talıblı: «Manatın məzənnəsinin süni yol ilə saxlanması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı güclü deyil»

Mərkəzi Bank son iki ay ərzində manatın məzənnəsinin saxlanmasına 2.5 milyard dollar vəsait xərcləyib. Bu isə mərkəzi Bankın valyuta ehtiyatının 15 faizinin xərclənməsi deməkdir. Bu isə o deməkdir ki, hazırda Mərkəzi Bankın sərəncamında 12 milyard 680 milyon dollar ehtiyat qalıb. Manatla bağlı siyasətin davamı isə o demək olacaq ki, Mərkəzi Bank qarşıdan gələn bir neçə ay ərzində bu rezervini də xərcləmiş olacaq. Bu isə ölkənin təhlükəli həddə çatdırılması deməkdir.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, yaranmış situasiyada hökumət manatın ucuzlaşmasına getməkdən çəkinməməlidir: “Yalnız dekabrda bu qədər vəsait xərcləyib. Amma ümumilikdə il boyu cəmi 1,5-2 milyard xərcləyib. Amma yanvarda nə qədər xərclədiyi hələki açıqlanmayıb. Əlbəttə ki, bu qədər vəsait xərcləmək sərf etmir. Amma digər tərəfdən manatı birdən-birə buraxsaq həm daxili, həm xarici bazarda, ərzağın qiymətlərində ciddi problemlər yaranar, ümumiyyətlə, bahalaşma baş alıb gedər. Ona görə də ən yaxşı çıxış yolu manatı yumşaq-yumşaq buraxmaqdır”.

Amma manatın ucuzlaşmasına gediləcəyi hiss olunmur. Ekspertlər hesab edir ki, bu addımın atılmaması təsadüfi deyil. Çünki manatın ucuzlaşdırılması əhalinin aldığı istehlak kreditlərini də dəyərsizləşdirəcək ki, bu oliqarxların maraqlarına uyğun deyil. Ona görə oliqarxlar dövləti təhlükə altına atmaq bahasına olsa belə manatın ucuzlaşdırılmasına getmirlər.

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, manatın məzənnəsinin dövlət tərəfindən saxlanması vəziyyətdən çıxış yolu deyil. Yaxın keçmişdə belə bir siyasətin yürüdülməsinə ehtiyac olduğunu deyən M.Talıblı bildirdi ki, manatın bu formada saxlanması səhv siyasətdir: “Mərkəzi Bank manata dəstəyinin hesabına bu valyutanın dönərliyini həyata keçirir. Amma belə olmalı deyil. Manatın arxasında güclü istehsal və istehlak prosesi dayanmalıdır. Güclü istehsal olan ölkələrdə milli valyutalar dönərliyini və sabitliyini özləri saxlayırlar. Amma idxal asılılığı böyük olan ölkələrdə manatın bu formada hökumət tərəfindən saxlanılması süni nəfəs verilməsinə bənzəyir. Bu prosesi isə gərək daimi həyata keçirəsən. Amma əgər ölkədə ÜDM-in formalaşmasında bütün sektorların payı qalırsa o zaman manatın dönərliyi təmin edilir”.

Azərbaycanda ixracat yönümlü məhsulun yalnız neft və neft məhsulları olduğunu deyən M.Talıblı vurğuladı ki, ölkəyə yalnız neft dollarları daxil olur. M.Talıblının sözlərinə görə, hazırda əsas sual MB-nin ayda 1.3 milyard dollar xərcləməklə manatın məzənnəsini nə vaxta qədər saxlayacağı ilə bağlıdır: “Manatın məzənnəsinin süni yol ilə saxlanması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı güclü deyil. Iqtisadiyyat dekorativ olaraq yaxşı görünür. Amma neft pulları olmayan zaman Azərbaycan iqtisadiyyatı yaxşı işləmir. Amma iqtisadiyyatın bütün sektorlar üzrə güclü inkişafını təmin etmək istəyiriksə, o zaman biz büdcə daxil olmalarında bütün sektorlar üzrə büdcə daxil olmalarının inkişafına nail olmalıyıq”.

Regiondan büdcəyə daxil olmaların olduqca aşağı olduğunu deyən M.Talıblı bildirdi ki, ÜDM-in formalaşmasında regionlarla paytaxt arasında böyük fərq var.

Manatın dəyərsizləşdirilməsinin əhaliyə kredit verən bankları kredit resurslarını dollar ilə satmağa vadar edəcəyini düşünən M.Talıblı bildirdi ki, bu zaman valyutanın konvertasiyası siyasəti reallaşmış olacaq: “Mərkəzi Bankın hazırda vəziyyətini təhlil edən zaman görürsən ki, sanki başqa çarə qalmayıb və bank bu siyasəti süründürür. Bunun nə zaman dayandırılacağı, hansı mərhələdə 1 milyard 300 milyon deyil, sadəcə 600 milyonun bazara çıxarılacağı hələ bəlli deyil? Bu siyasət uzun davam edə bilməz”.

Hikmət