Baş Prokurorluqda cinayət işi başlanıb, Penitensiar Xidmətin iki əməkdaşı istintaqa cəlb olunub
Məsələ ilə bağlı İlham Əliyevin qərarı gözlənilir; Aslan Aslanov və bir neçə məmur həbs oluna bilər
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılma vaxtı bəlli olub. Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyevin “Azadlıq”a verdiyi məlumata görə, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.
Bu arada redaksiyamıza “Lamiyə olayı” ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Baş Prokurorluqda Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi faktı ilə bağlı cinayət işi başlanıb. Artıq iki nəfər istintaqa cəlb olunub. Onlar Penitensiar Xidmətin əməkdaşlarıdır.
Məlumatlarda daha sonra deyilir ki, hələ 2013-cü ilin dekabrında Penitensiar Xidmətin rəhbərliyinə bəlli olub ki, Lamiyə Quliyeva hamilədir. Penitensiar Xidmət bundan xəbər tutanda uşağı abort etdirmək vaxtı ötübmüş. Ona görə də məsələnin maksimum şəkildə gizli saxlanılması tapşırılıb. Məlumatlarda bildirilir ki, uşağın atası Lamiyə Quliyevanın açıqlamalarında adı keçən məhbus deyil. Penitensiar Xidmət həmin şəxsin kim olduğunu bilir, lakin bunu ictimaiyyətə açıqlamanması məqsədəuyğun sayılmır. Həmin şəxsin adı bizə də bəllidir. Lakin hələlik açıqlamırıq. Lamiyə Quliyevanın uşağının atası olduğu deyilən məhbusun adı da redaksiyamıza bəlli olub. Lakin E.R adlı bu şəxsin də adını tam açıqlamaq istəmirik. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu şəxs Lamiyə Quliyevanın uşağının atası deyil. Sadəcə Lamiyə Quliyeva həmin şəxsin adını hallandırmağa məcbur edilib.
Adının açıqlanmasını istəməyən Penitensiar Xidmətin keçmiş əməkdaşlarından biri də bizimlə söhbətində Lamiyə Quliyevanın hansısa məhbusla intim münasibətdə olmasının qeyri-mümkün olduğunu deyib: “Lamiyə Quliyeva qadınlar üçün nəzərdə tutulan həbsxanada cəza çəkir. Orada kişi məhbus ola bilməz. Ona görə də olayın Kürdəxanı təcridxanasında baş verməsi versiyasını ortaya atıblar. Lakin həmin təcridxanada hansısa kişi məhbus Lamiyə Quliyeva ilə görüşmək üçün ən azı 7 qapı keçməlidir. Necə olub ki, həmin məhbus heç bir maneəsiz, nəzarətçilərin gözündən yayınaraq Lamiyə ilə görüşüb və üstəlik intim münasibətdə olub? Bu sadəcə mümkün deyil”, – deyə mənbə bildirib.
Məlumatlarda həmçinin bildirilir ki, bu məsələ hakimiyyət daxilində də ciddi müzakirə mövzusudur. “Lamiyə olayı”nı Milli Məclisdə qabardılması, bu işdə təqsiri olan şəxslərin cəzalandırılmasının tələb edilməsi də bundan irəli gəlir. Iş o yerə çatıb ki, YAP-çı deputat Siyavuş Novruzov da açıq şəkildə günhakarların cəzalandırılmasını tələb edib:
“Kimliyindən asılı olmayaraq, kimlər qanunu pozubsa, qanuna qarşı gedibsə və yaxud hansısa məhkəmə qanunsuz qərar çıxarıbsa, dərhal məsuliyyətə cəlb olunmalıdır”,- deyə o, “Qafqazinfo”ya açıqlamasında bildirib.
Deputat qeyd edib ki, bu, bir cinayət işidir: “Bununla əlaqədar bütün cəmiyyət ortaya düşüb. Hesab edirəm ki, bu məsələ hüquq-mühafizə orqanlarının, məhkəmənin işidir. Bu məsələ araşdırılmalıdır, təqsirkarlar cəzalandırılmalıdır. Qanunun aliliyi tətbiq olunmalıdır”.
Məlumatlarda bildirilir ki, hakimiyyətdə ölkə başçısı Ilham Əliyevin baş verənlərlə bağlı qərarını gözləyirlər. Əgər ölkə başçısı “Lamiyə işi”nin ciddi araşdırılmasını və tədbir görülməsini bildirsə, o zaman Aslan Aslanov və bir neçə məmuru həbs olunmaq təhlükəsi gözləyir.