Bildiyimiz kimi, fevralın 6-da Müsavat Divanı başqanlığa keçmiş namizəd, Divan üzvü Qubad İbadoğlunun Müsavat Partiyası sıralarından çıxarılması haqda qərar qəbul edib. Divanın bu qərarı Müsavat Partiyasında qarşıdurmaların güclənməsinə və yeni istefalara səbəb olmaqla yanaşı, ictimaiyyətin, vaxtilə partiyada təmsil olunan şəxslərin də marağına səbəb olub. Partiya sıralarını tərk edən keçmiş msavatçılardan fərqli olaraq tanınmış yazar Elnur Astanbəyli qərarın qəbul olunamsında daha çox Qubad İbadoğlunu günahlandırıb. Yazara görə, vəziyyətin indiki mərhələyə gəlməsi, Qubad İbadoğlunun buraxdığı səhvlərin nəticəsidir. Elnur Astanbəyli Qubad İbadoğlunun hansı yanlışlara yol verdiyini düşünür? Onun facebook səhifəsində paylaşdığı:
Qubad İbadoğlunun yanlışları
1. Qurultayda az qala nümayəndələrin yarısının səsini almasına baxmayaraq, Müsavatın bu günü və gələcəyi ilə bağlı çox narahatlıqları olan müsavatçılar adından doğru və cəsarətli qərarlar qəbul etməkdə gecikməməli, partiyanı yenidən əli əliyevlərlə bir yerdə oturmağa məcbur edən zehniyyətə qarşı açıq, aydın, birmənalı mövqe ortaya qoymalı, bununla da qarşı tərəflə real fərqi göstərməli idi. Əfsuslar ki, bunu etmədi.
2. Fraksiya addımından geri çəkilməsi və ADR yaradılması kökündən yanlış idi. Məram bütün şərtlər altında Müsavatı qorumaq idisə, partiyadakı hakim qrupun qanunsuz təhdidlərinə boyun əyməmək və nizamnamə ilə əsla ziddiyyət təşkil etməyən (niyəsini hüquq elmindən az-çox başı çıxanlar yaxşı bilir) fraksiyanı yaratmaq, partiyadaxili narazı kəsimi bütöv saxlamaq lazım idi. Mövcud rəhbərliyin fraksiya qorxusundan yaranan təhdidlərinə təslim olduqdan və həmin ideyadan vaz keçdikdən sonra dünən baş verənlər təəccüblü deyildi. Belə bir biabırçı qərara imza atmaq cəsarətini o Divana həm də fraksiya məsələsində qətiyyətsizliyi ilə Qubad bəy verdi.
3. Qubad İbadoğlu qardaşı Vüqar Bayramovun davranışlarından dolayı hətta onu dəstəkləmiş bir çox adamlarda yaranan suallara açıq, birmənalı cavablar verməli idi.
4. Hazırda faktiki olaraq "konstruktiv müxalifət" leksikonuna sürüklənmiş Müsavat daxilində həqiqətən də real müxalif səs olduğunu ötən müddətdəki açıqlamaları, bəyanları ilə ortaya qoymalı idi.
5. Tərəfdarları burada Müsavatda hakim olmuş qrup tərəfindən mənəvi terror edilərkən, zorən və könüllü şəkildə sürətlə partiyanı tərk etməkdəykən hətta nə qədər müstəsna əhəmiyyət daşısa belə, Avropa ölkələrinə səfərlərini ertələməli, ən azı oradan fotosessiyalar paylaşmağın siyasi və mənəvi baxımdan doğru olmadığını bilməli idi. Xeyli narazı müsavatçı məhz bundan dolayı Qubad İbadoğlu üçün partiyada baş verənlərin ikinci dərəcəli olduğu qənaətinə vardı və səssiz şəkildə partiyadan getdi. Bu cür gedənlərin sayı hədsizdir. Buna imkan verməmək lazım idi.
6. Müsavat daxili qarşıdurmanın iki nəfərin (Arif Hacılı-Qubad İbadoğlu) savaşı kimi görünməsini əngəlləyən davranış və düşüncə sərgiləməli idi. Göstərməli idi ki, bu əsla iki fərdin yaxud iki qrupun çəkişməsi deyil, bu dəyərlər, prinsiplər qarşıdurmasıdır. Təəssüf ki, Qubad bəy partiyadakı hakim qrupun diqtə etdiyi oyun qaydalarına tabe oldu, məsələn, ADR yaratmaq ideyası məhz qarşı tərəfin arzularına uyğun idi, nəinki partiya içi narazı kəsimin maraqlarına…
7. Qubad bəy qurultayda aldığı səslərin, eləcə də qurultaya qədər və ondan sonrakı müddətdə partiya içindən aldığı geniş dəstəyin əhəmiyyətli hissəsinin heç də tamamilə ona və komandasına verilmiş səslər və dəstək olmadığını nəzərə almalı, bunda Müsavat daxilində kifayət qədər böyük bir kəsimin partiyanın bu günü və gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaşamasının da mühüm rolu olduğunu aydın görməli, məhz buna uyğun qərarlar verməli, addımlar atmalı idi.
Qeyd 1. Partiyadakı hakim qrupun yanlışlarından yazmağı yersiz sayıram, çünki onların qərarlarında və addımlarında bu günədək doğru heç nə görməmişəm. Bundan sonra da hər hansı doğru addımlar atıb düzgün qərarlar verə biləcəklərinə heç bir ümidim yoxdur.
Qeyd 2. Yanlışların sıralaması şərtidir, bu yanlışları bölüşən hər kəs onları istədiyi kimi sıralaya bilər.
Səslənən fikirləri bölüşən və bölüşməyən hər kəsə öncədən təşəkkür edərək əks fikirləşənlərlə polemikaya girməyəcəyimi bəri başdan duyurmaq istəyirəm. Düşünürəm ki, fikirlərimi aydın ifadə edə bilmişəm, əlavə sözüm yoxdur.
***
Müsavat partiyasnın üzvü Mustafa Hacıbəyli isə Elnur Astanbəylinin qeydlərilə qismən razılaşdığını bildirib. Mustafa Hacıbəyliyə görə, Qubad İbadoğlu Müsavata qarşı hakimiyyətə münasibətdə olduğundan daha qətiyyətli və ardıcıl mübarizə aparıb. Mustafa Hacıbəylinin fikirlərini də təqdim edirik:
"Elnur Astanbəyli yazısında qərəzini və özəl məqsədləri ilə tam uzlaşan mövqeyini gizlədə bilməsə də, cox maraqlı məqamlara toxunub. O, yazıb ki, Qubad İbadoğlu Müsavat rəhbərliyinə qarşı mübarizədə qətiyyətli olmadı, fraksiya yaratmadı. Daha sonra yazıb ki, “Qubad ibadoğlu Avropa ölkələrinə səfərlərini ertələməli, ən azı oradan fotosessiyalar paylaşmağın siyasi və mənəvi baxımdan doğru olmadığını bilməli idi. Xeyli narazı müsavatçı məhz bundan dolayı Qubad İbadoğlu üçün partiyada baş verənlərin ikinci dərəcəli olduğu qənaətinə vardı”. Hörmətli Elnur Astanbəyli tam haqlıdır. Lakin orasını yazmır ki, hakimiyətlə mübarizədə Qubad İbadoğlu indikindən daha qətiyyətsiz, və fəaliyətindəki pauzalar daha boyuk olub. Müsavatçılarin əksəriyyəti elə qurultaydan əvvəl də Qubad İbadoğlunun qətiyyətsiz oldugunu biliblər, İbadoğlu üçün partiyanın ikinci dərəcəli olduğu qənaətinə də varıblar. Müsavatçılar bunu bildikləri üçün Qubad İbadoğlu seçkuni uduzub. Qurultaya qədər bilməyənlər isə, bunu qurultaydan sonra bildilər – Elnur Astanbəylinin dediyi kimi. Qubad İbadoğlu qətiyyətli olsaydı, Müsavatı birinci dərəcəli məsələ saysaydı, Elnur Astanbəylinin dediyi kimi qardashı ilə bağlı suallara aydın cavab verə bilsəydi, o, indiki Qubad İbadoglu olmazdı və bəlkə də belədə, elə qurultayda qalib gələrdi".