Vicdanın cəzalandırılması

Coşqun

Deyəsən, Lev Tolstoyun sözləridi, hərçənd, Tomas Bruksun da adına çıxırlar. Deyib ki, dünyada heç bir yaxşılıq cəzasız qalmır…

Sedrik Kanın “Gözəl həyat” filmində əla bir epizod var. Uşağı anası atalığın yanında qoyub Fransadan okeanın o tayına işləməyə gedir. Bir gün atalıq görür ki, uşaq evə yeni idman ayaqqabısı ilə gəlib. Sorğu-suala tutur, öyrənir ki, oğurlayıb. Məcbur eləyir ki, gedib qaytaraq. Gəlirlər qaytarmağa, mağaza sahibi ayaqqabını geri götürmür. Qızıl-qırmızı deyir ki, bunu indi kimə satacam, pulunu ver, apar. Uşağın atalığı şoka düşür. Çünki vicdanlı davranışın qarşılığında tamam başqa münasibət gözləyirdi. Mağaza sahibi onları hədələyir ki, almasanız, polisə şikayət eləyəcəm. Başqa çarə qalmır, 109 avro 99 sent verib alırlar. Vicdanlı davranış uşağın atalığına belə baha başa gəlir.

Hər dəfə siyasi məhkəmələrdən sonra evdə həyat yoldaşımla cinayət işini müzakirə eləyirik. Baxıram ki, çox sarsılıb. O gün Intiqam Əliyevin məhkəməsindən sonra deyir ki, axı göz görə-görə necə insafsızlıq eləmək olar? Hələ də təəcüblənir. Özünə də dedim, başqa cür necə olmalıdı ki?! Nəyə təəccüblənirsiz axı? O vaxt təəccüblənmək olardı ki, vicdanlı adama ləyaqətlə yaşadığına görə təşəkkür eləyələr. Vicdanlı adamın cəzalandırılması niyə təəccübləndirir sizi?..

Mən elə bir valideyn tanımıram ki, rüşvət almayan həkim, prokuror, gömrükçü oğluyla fəxr eləsin. Vicdanlı yaşasanız, sizi yalnız qınayacaqlar. Deyəcəklər ki, filankəsin oğlu fərsizdi, əlinin altında o boyda imkan var, amma istifadə eləmir. Valideyniniz vicdanlı yaşadığınıza görə cəmiyyət içində xəcalət çəkəcək. Vicdansız, amma varlı qohum hamının fəxridi. Məclisdə başda oturdurlar. “Müəllim” adlandırırlar. Qarşısında ikiqat əyilirlər, yaltaqlanırlar. Qızına görə qapısında elçilər ard-arda düzülür. Sizin övladlarınıza isə çəpəki baxacaqlar. Həyat yoldaşınıza məzəmmət eləyəcəklər. Sizi işəyaramayan adlandıracaqlar. Olacaqsız hamı üçün faydasız adam.

Sizi vicdanlı yaşadığınıza görə bağışlamayacaqlar….

Bir gün yerdə qalan vicdanlı adamlar da buna görə dara çəkiləcək. Daha başqa bəhanə fikirləşməyəcəklər, elə birbaşa deyəcəklər ki, vicdan daşımaqda ittiham olunursuz. Qanunlar da belə deyəcək. Həbs eləyəcəklər. Nəticəsi hamıya məlum olan cansıxıcı məhkəmə iclasları başlayacaq. Həbsinə günlər qalan bir neçə vicdanlı yoldaşdan başqa daha heç kim gəlməyəcək. Hakim ayağa qalxıb sizə hökm oxuyacaq: “Vicdanlı yaşadığına görə filan qədər azadlıqdan məhrum olunsun!” Zaldakılar təəccüblənməyəcək. Qohumlar eşidəndə kimsə deyəcək ki, öz cəzasıdı, qoy çəksin, gərək vicdanlı yaşamayaydı…

…Bir gün bütün vicdanlıların qollarından qandallar açılacaq. Hamı onların görüşünə tələsəcək. Hiss eləyəcəklər ki, təkcə o adamlar azadlığa çıxmayıb, hamı azadlıqdadı. Hamı vicdanı bağrına basacaq…