Qubad İbadoğlu Müsavatdan çıxarıldı

Onun qərara münasibəti təhqiramiz oldu; Partiyadan ona elə sözlərlə cavab verildi ki… YENİLƏNİB

Qubad İbadoğlu: "Mən onları kişi kimi mübarizə aparmağa çağırmışdım, amma nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!"

Mustafa Hacıbəyli: "Müsavatın mübarizəsində kişilər irəli gedərkən, həmişə bir addım geri qoyan birisi indi özünü hər kəsdən daha artıq müsavatsevər göstərməyə çalışır"

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyadan çıxarıldı. Bu barədə qərar fevralın 6-ı axşam saatlarında partiyanın Divanında verilib.

Divanın iclası növbədənkənar keçirilib. Belə ki, Divan növbəti iclasında Qubad İbadoğlunun məsələsinə baxmağı planlaşdırıb. İclasda onun özünün iştirakı da razılaşdırılıb. İclasın rqafik üzrə vaxtında Qubad İbadoğlunun xarici səfərdə olacağı bəlli olub. Buna görə də iclasın vaxtı irəli çəkilib.

Qubad İbadoğlu Divanın iclasına qatılmaq üçün müəyyən şərtlər irəli sürüb. O, iclasda müsavatçıların (yəqin ki, öz tərəfdarlarının) iştirakına və videoçəkiliş aparılmasına razılıq verilməsini istəyib. Özünün bildirdiyinə görə, Müsavat başqanının müavini Elman Fəttah buna razılıq verildiyini deyib, lakin o, oclasa qatılanda şərtlərinin qəbul edilmədiyini görüb. Buna görə də iclası tərk edib. Divan onun iştiraklı olmadan məsələni müzakirə edib.

"Mən əvvəlcədən də demişdim ki, videoçəkiliş olmasa, iclas müsavatçıların iştirakı olmadan keçirilsə, toplantıda iştirak etməyəcəm. Indi məlum oldu ki, videoçəkilişə icazə vermirlər. Bu sırf qanun pozuntusu olduğuna görə mən iclasa qatılmadım. Elman Fəttahla danışdığımız zaman o, videoçəkilişə icazə veriləcəyini bildirmişdi. Amma indi iclasda yalnız iki müsavatçının iştirak edə biləcəyi deyildi", – deyə Qubad İbadoğlu bildirib.

Qərarı jurnalistlərə izah edən Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsinin səbəbi onun Divanın iclasını tərk etməsi, partiya nizamnaməsini kobud surətdə pozan davranışlara yol verməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olmasıdır.

Qubad İbadoğlu isə APA-ya açıqlamasında Divanın müzakirəsini "formal" adlandırıb. "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi", – deyə o bildirib. Qubad İbadoğlu qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir". Qubad İbadoğlu qərarı "yanlış və əsassız" adlandırıb.

O, daha sonra şəxsi facebook səhifəsində Divanın qərarına geniş və çox sərt münasibət bildirib. Qubad İbadoğlu yazır ki, Müsavat Divanı vədinə xilaf çıxıb, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəcədən verdiyi razılığı son anda pozub. "Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular", – deyə o qeyd edir.

Qubad İbadoğlu Divanın onunla bağı müzakirəsini "idbar məhkəmə" adlandırır və belə qərar çıxarılacağını əvvəldən bildiyini yazır: "Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən "divantutma"nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma ki, nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!".

Qubad İbadoğlu onun barəsində çıxarılan qərarı Müsavatda repressiyanın davamı adlandırır: "Mən xeyli əvvəldən bu sifarişi nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bugün sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər.
Görəsən, bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar. Görünən kəndə nə bələdçi, bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq.
Bugün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək siyasətidir". Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir".

Qubad İbadoğlu sonda müsavatçılara müraciət edir: "Fədakar müsavatçı bacı və qardaşlarım!
Qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz, deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb!".

Müsavatın üzvü, partiya başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə facebook səhifəsində Qubad İbadoğlunu ağır sözlərlə ittiham edib. O, Qubad İbadoğluna görə Müsavat Partiyasına "üzr" borcu olduğunu bildirib. Qeyd edib ki, Qubad İbadoğlunu Müsavata gətirdiyinə, QHT sektorunda tanıtdığına və seçkilərdə ona yardımçı olduğuna görə partiyadan üzr istəyir:

"Qubad İbadoğlunu Müsavat Partiyasına 1996-cı ildə rəsmən zəmanət verərək mən gətirmişəm. Daha dəqiq ifadə etsəm,  Nəsimi rayon təşkilatında təbliğat məsələləri üzrə Katib olduğum illərdə Musavat Partiyasina gətirdiyim 70-ə yaxın üzvdən biri idi Qubad İbadoğlu. Onunla münasibətlərim çox isti olub özü də bu münasibətlər Qurultaydan illər öncə, onun başqanlığa namizəd olacağı bəlkə heç özünün də ağlına gəlmədiyi dövrdə korlanıb, bunun səbəbinə qayıdacam.
 
Qubad İbadoğlu QHT sahəsində fəaliyətə başlayanda da ona dəstək olmuşam. Sahil metrosunun yaxınlığındakı ofisimizdə ona bir otaq ayırmışdım. Bu otağın müqabilində ofisimin icarə haqqının ödənilməsinə kömək edirdi. Hakimiyyət QHT-ləri nəzarətə götürmək qərarına gəldiyi gündən müxalifətə xidmət edən QHT nümayəndələri seçim qarşısında qaldı. Hakimiyyətin diktə etdiyi şərtləri qəti qəbul etməyənlər dərhal, qismən qəbul edənlər isə bir müddət keçəndən sonra üçüncü sektordan uzaqlaşmalı oldular. Bu şərtlərə tam uyğunlaşanlar isə, əksinə “irəli” getməyə başladılar. Hakim rejim demək olar ki, hər bir müxalifətçini vicdan və dolanışıq seçimi qarşısında qoyub və yalnız ən rasional insanlar prinsiplərdən vaz keçərək nəinki dolanışıqlarını təmin edib, hətta “uğur” belə qazanıblar. Qubad İbadoğlu yaxşı əxz elədi bu şərtləri. Və uğura bir bax – Leyla Yunusu, İntiqam Əliyevi və başqalarını tutduran, ölkədən didərgin salan hakimiyyət Neft Fondunun əli ilə öz nəzarətindəki QHT-lərə ayıracağı milyonlarla avro həcmində qrantları bölmək səlahiyyətini Qubad İbadoğluna vermək qərarına gəldi… 
 
Qubad İbadoğlu ilə mənim münasibətim 2005-ci ildə korlandı. 2005-ci parlament seçkilərində Fizulidən olan seçki məntəqələrinin əksəriyyətinə rayonun keçmiş icra başçısı Nəbi Muxtarovun qohumları və yaxın dostları biılavasitə rəhbərlik edirdi. Bu barədə məlumatı o vaxt mənə əslən Fizulidən olan Cəlil adlı  müsavatçı vermişdi (Qərargahda mühafizəçi işləyirdi). Mən bu məlumatı dərhal dərc etməmişdim, Cəlil bəyə təklif etmişdim ki, Nəbi Muxtarovun hansı məntəqədə hansı qohumunun sədr, yaxud katib olması barədə dəqiq siyahı hazırlasın. Cəlil bəy 20-dən çox məntəqədə sədr və katib olan şəxslərin adlarını və onların Nəbi Muxtarovla qohumluq əlaqələrini yazıb gətirdi. Bu siyahını “Yeni Müsavat”da o vaxt müxbir işləyən və əslən Fizulidən olan Məhəbbət Orucova verdim. Ki bunun əsasında bir məqalə hazırlasın. Sonra faktlara əsaslanan bu yazını özümün növbətçı redaktor olduğum gün “Yeni Müsavat”da dərc etdirdim. O vaxt Qubad bəy Fizulidən deputatlığa namizədliyini irəli sürmüşdü. Məntiqlə, o, mənə bu yazıya görə təşəkkür etməliydi. Amma təsəvvür edin ki, bunun tam əksi oldu. Qubad İbadoğlu bu yazıya görə mənə hucum elədi. Dedi ki, “Nəbi Muxtarovla razılaşmışıq, seçki vaxtı bir-birimizə qarşı təbliğat aparmayaq”. Mən bu sözü eşidib dəhşətə gəlmişdim. Dedim ki, Qubad bəy, əgər sən Nəbi Muxtarovun qarşısında öhdəlik götürmüsənsə, özün üçün götürmüsən, axı sən öhdəlik götürməmisən ki, Mustafa Hacıbəyli də sənə qarşı heç nə yazmayacaq. Mən o gündən anladım ki, Qubad İbadoğlu bizim kimi müsavatçı deyil, icra başçısı ilə danışığa da gedə, razılaşma da əldə edə bilər. Oysa, məni hələ borclu çıxarırdı. Yazını yazan Məhəbət Orucovun da üstünə təpinmişdi. Sonrakı seçkidə də, onun dolaşıq mövqeyi yenə üzə çıxdı. 2010-cu ilin seçkilərində Bakıdan namizəd olan Qubad İbadoğlu özünün izahına görə, “xaricdən gec qayıtdığı üçün və DSK ona əngəl törətdiyi üçün lazım olan sənədləri çatdırmaq naminə” deputatlığa namizədliyini Müsavat üzvü kimi yox, bitərəf kimi qeydə aldırmışdı.  
 
Nəbi Muxtarovun qarşısında SUSMAQ öhdəliyi götürən şəxs indi özünü DANIŞMAQ hüqüqunun ən radikal tərəfdarı kimi göstərməyə çalışsa da, kimin kim olduğu hər kəsə bəllidir. Nə ermənilərlə, nə iqtidarla, nə də başqa bədxahlarla mübarizədə onu yanımızda gördük. Müsavatın haqq mübarizəsində kişilər irəli gedərkən, həmişə bir addım geri qoyan birisi indi özünü hər kəsdən, hətta İsa Qəmbərdən də daha artıq müsavatsevər göstərməyə çalışsa da, yenə kimin kim olduğu hər kəsə bəllidir.
 
Onun yeni dostları bəzən deyirlər ki, “Qubad İbadoğlu ilə fəxr edirdiniz, indi nə oldu?”. A tövbə, şəxsən mən həmişə Müsavatla fəxr etmişəm. Kiminsə fəaliyyəti Müsavata əlavə xallar gətiribsə, buna sevinmişəm. Yəni müsbət münasibət kiminsə qara qaşlarına görə yox, Müsavata görə olub, Müsavata xeyir verən əməlinə görə olub. Necə ki, bugün də onunla şəxsi mənada problemim yoxdur, rus demiş, «ничего личного», Müsavata qarşı olduğu üçün mənfi münasibət qörür.
 
Müsavata görə onun eyibinə də göz yummuşam, "buranın yaxşısı da pisi də bizimdi" prinsipi ilə Qubad İbadoğlunun bu dolaşıq işlərini dilə gətirməmişəm, qələmə almamışam illər boyu. Son günlərədək ümid elədim ki, nə vaxtsa Müsavata gətirdiyim şəxsə görə peşman olmayacam. Amma artıq başa düşürəm ki, mənim də Müsavata bir üzrxahlıq borcum var – partiyaya gətirdiyim şəxsin dolaşıq işlərinə göz yumduğuma görə. Bilməliydim ki, Nəbi Muxtarovla gizli danışığa gedən şəxs, Şahmar Mövsumovla da, Samir Şərifovla da, başqası ilə də danişığa gedə bilər. Bilməli idim ki, prinsiplərdən yayınan adamdan prinsipial mübarizə aparan müsavatçılara yoldaş olmaz. Bilməli idim ki, Nəbi Muxtarovun yanında sözü yerə düşdüyü üçün yaxın dostuna qarşı gedən adam, sabah daha böyük məmurun yanında sözü yerə düşməsin deyə bütövlükdə Müsavata qarşı da gedə bilər. Gedə bilərdi və getdi də… Üzr istəyirəm, dəyərli müsavatçılar!