İngiltərənin azadlıq mübarizəsinin 800 ili

Böyük Azadlıqlar Xartiyasının qəbul olunmasından 8 əsr ötür
 

Bu il müasir Avropanın tarixində ilk konstitusiya aktı hesab olunan Böyük Azadlıqlar Xartiyasının (Magna Carta Libertatum) qəbul olunmasından 800 il keçir.  
15 iyun 1215-ci ildə İngiltərə kralı Torpaqsız İoann və baronları arasında imzalanmış xartiya kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Bu sənəd İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynayıb. Magna Carta-ya əsasən, baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir.
Xartiya 63 maddədən ibarət olub. Bunlardan 60-a yaxını sonradan parlament tərəfindən ləğv edilib. Dörd maddə isə bu günə qədər qüvvədədir.

Magna Carta necə yarandı  

Xartiyanın yaranmasına səbəb kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi olub. Belə ki, hüquqlarını müdafiə etmək istəyən baronlar kralı belə bir sənəd imzalamağa məcbur edib.
Xartiya faktiki olaraq kralla cəmiyyət arasında müqavilə hesab olunur. Bu müqavilə qarşılıqlı münasibətləri tənzimləyir, zadəganların hüquqlarını özündə əks etdirirdi.

Xartiyanınn əhəmiyyəti

Xartiya ədalətli mühakimə, sərbəst yerdəyişmə kimi hüquqları təsbit edirdi. Dövrünə görə bu olduqca mühüm bir yenilik idi. Belə ki, hər bir azad insan yalnız məhkəmə qərarı nəticəsində azadlıqdan məhrum oluna bilərdi. Bu müddəa andlılar məhkəməsi təsisatının möhkəmlənməsinə gətirib çıxardı.
Latın dilində tərtib edilən xartiya sonradan fransız dilinə də tərcümə edilib. Səbəb isə həmin dövr İngiltərədə fransiz dilinin rəsmi dil olması idi. Sonralar ingilis dilinə tərcümə edilən xartiya The Great Charter kimi tanındı.
Xartiya bu öhdəlikləri pozacağı təqdirdə baronların, krala qarşı üsyan haqqını tanıyırdı.
2009-cu ildə YUNESKO Xartiyanı “Dünyanın yaddaşı” reyestrinə salıb.