Aslan Aslanov YAP-ın arxasında gizlənir

Hakim partiyada təmsil olunmaq, qanunsuzluğa bəraət qazandırır?

Bəxtiyar Sadıqov isə insan taleyini qeyri-ciddi hesab edir

Son günlər mətbuatın əsas gündəmini zəbt edən Lamiyə Quliyeva olayı ilginc faktları ilə davam edir. Bu məsələ haqqında müxtəlif mülahizələr, açıqlamalar eşidirik. Əsas olan isə budur ki, bu hadisə nəticəsində bir çox insanların taleyi qaralıb, ədalətsizliklər, amansızlıqlar “at oynadıb”. Sanki hansısa romanın, teleserialın cazibəsinə düşmüşük.

Bu məsələdə ən çox adı hallanan Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovdur. Lamiyə Quliyeva onun oğlunu qətlə yetirməkdə ittiham edilib və hazırda həbsxana həyatı yaşayır. 

Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin atası Ibrahim Ismayılov isə “Azadlıq”a açıqlamasında bildirir ki, oğlunun bu qətldə heç bir təqsiri yoxdur, ittiham aktında yazılanlar Aslan Aslanovun quramasıdır: “Təkcə bir faktı deyim. Ruslan Aslanova 3 bıçaq vurulub və amma ittiham aktında yazılıb ki, guya ona 18 bıçaq zərbəsi endirilib. Bu, Aslan Aslanovun quramasıdır. O, oğlunun amansızlıqla qətlə yetirildiyi barədə rəy yaradırdı. Istəyirdi ki, Vüqarı ömürlük həbsxanaya saldırsın, buna da nail oldu. Aslan Aslanov prokurora, müstəntiqə, bir sözlə, hamıya təzyiq edirdi. Mənim oğlumun bu hadisədə təqsiri yoxdur. Sadəcə Ruslan qətlə yetirilən vaxt orda olub. Özü də onu ora elə Ruslanın özü aparıb. Deyib ki, mənimlə gedək Lamiyə ilə üzləşim. Bu işə görə Vüqar və Lamiyədən başqa mən, həyat yoldaşım, baldızlarım, qaynım, yeznəm, Lamiyənin anası, ümumilikdə 12 nəfər ən müxtəlif ittihamlarla həbs olundu”- deyə Ibrahim Ismayılov bildirir.

Bu fikirlərdən aydın olur ki, Aslan Aslanov oğlunun qətlinin motivin dəyişmək üçün bütün vasitələrə əl atıb, hətta düşmənlərini zərərsizləşdirmək də istəyib.

Bu hadisənin detalları haqqında mətbuatda gedən materiallardan tanışsız. Ona görə də təfərrüatlara varmadan  Aslan Aslanovun açıqlamasını oxuyaq: “Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarını həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.

Göründüyü kimi, Aslan Aslanov bu açıqlamasında YAP-ı sığınacaq kimi təqdim edir. Guya, YAP-ın Siyasi Şurasında olmaq “müqəddəslik setifikatı” verir. Ancaq bu ölkədə bütün neqativ tendensiyalar YAP-ın adı ilə bağlıdır. Mandat alverində, seçki saxtakarlığında, repressiyada, korrupsiyada, şər-böhtan kampaniyasında YAP-ın adı qırmızı hərflərlə keçir. YAP-ı yaradan şəxslərdən biri bu partiyanı “simasız quldurlar partiyası” adlandırırdı. Qocaman YAP-çı Əli Insanov bu partiyada olduğuna görə xalqadan üzr istəyir. Belə faktlar çoxdur. Yəni demək istəyirik ki, YAP-çı olmaq günahsızlığın sübutu kimi yox, günahkarlığın dəlili kimi mötəbərdi.

Amma Aslan müəllimin bir sözündə həqiqət var ki, bugün YAP-a xidmət etmək, dövlətçiliyə xidmət kimi dəyərləndirilir. YAP-a xidmətə görə “Şərəf”, “Şöhrət” ordeni alırlar, mandat qazanırlar, zənginləşirlər. Hakimiyyət dövləti yaplaşdırmaqla məşğuldur. 

Yapçı deputat Bəxtiyar Sadıqov da Lamiyə Quliyeva ilə bağlı məlumatların ictimailəşməsini qeyri-ciddi hal kimi qiymətləndirib: “Ciddi mövzular tapa bilmirlər. Saxta erməni soyqırımı, mənviyyat, vətənpərvərlik, Avropa Oynuları məsələsi kənarda qalıb. Hamı işini-gücünü atıb bu qızın üstünə düşüb”.

Əvvəla qeyd etmək lazımdır ki, heç bir Avropa Oyunları, “Eurovision” və digər yarışma insan taleyindən, insan taleyi üzərində qurulan oyundan önəmli ola bilməz. Bir məmurun bu qədər qanunsuzluğa imza atmasını ictimailəşdirmək mənəviyyat məsələsidir. Vətənpərvərlik, həm də vətəndaşın taleyinə biganə qalmamaqdır. Əgər bu mətbuat orqanları YAP-ın Siyasi Şurasının üzvü Aslan Aslanovu tərif atəşinə tutsaydı, Bəxtiyar Sadıqov yenə də təəssüfünü bildirəcəkdimi? 

Söhbət bır qızın taleyindən, bu taleyə “ssenarı” yazanlardan gedirsə, buna niyə əhəmiyyətsiz yanaşılmalıdır?

Bəxtiyar Sadıqov korrupsiyadan, siyasi məhbuslardan, hüquqsuzluqdan yazılanda da təəssüflənir. Ümumiyyətlə, “Azərbaycan” qəzetinin yaza bilmədiyi bütün mətləblər, Bəxtiyar Sadıqova əhəmiyyətsiz görünür.  

Görünür, “Azərbaycan” qəzeti üçün müxalifətə ləkə atmaq, siyasi məhbusları ittiham etmək, hakimiyyəti mədh etmək, ən böyük vətənpərvərlik və mənəviyyat göstəricisidir.

Reallıq isə budur ki, Lamiyə Quliyeva hadisəsi həm də hakimiyyətin mahiyyətini ifadə edir. Çünki, normal ölkədə hansısa məmur nə sifarişli həbs qərarı verə bilər, nə də bir həbsdən müxtəlif məqsədlər üçün istifadə edə bilərdi.

Akif