Hakimiyyət açıq şəkildə işğalçıya vəkillik etmək öhdəliyi götürüb
“Mən nə edim, çıxım deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər? Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?”
Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.
A.Mişşenko çıxışı zamanı əsas diqqətini Rusiyanın işğalçı siyasəti üzərində cəmləyib. Səfir həmçinin bu yaxınlarda AŞ PA-da keçirilmiş müzakirələrə və onun nəticəsində Rusiyanın səsvermə hüququndan mərhrum edilməsinə toxunub. O, Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı həmin müzakirələr zamanı tutduğu mövqedən təəssüfləndiyini də gizlətməyib. “Azərbaycan Ermənistanla birgə AŞ PA-da Rusiyanı dəstəklədi. Niyə? Özü də erməni deputatları heç səsvermədə də iştirak etmədilər, yəni daha diplomatik davrandılar. Azərbaycan həmişə ikili standartlardan şikayətlənir. Ədalət Azərbaycanın tərəfindədir. Bəs Ukraynanın günahı nədir?” deyə Mişşenko bildirib.
Ukraynanın ölkəmizdəki səfirinin bu açıqlaması hakimiyyətin növbəti ifşasıdır. Bir səfirə senzura qoymaq, onu Rusiya əleyhinə fikirlərdən çəkindirmək, zəng vuraraq təzyiq göstərmək kimin xidmətidir? Azərbaycan hakimiyyəti uzun illərdi ölkədə “5-ci kolon” axtarışına çıxıb. Amma bir daha məlum olur ki, “5-ci kolon” hakimiyyətin çətiri altındadır.
Rusiya Ukraynanın ərazisini işğal edib və buna görə bütün dünya ilə konflikt vəziyyətindədir. Rusiya eyni zamanda Ermənistan adı altında Qarabağı da işğal edib. Indi Azərbaycan hakimiyyətinin cəsarəti və vətən sevgisi qeybə çəkilib deyə, Ukrayna da öz ərazisindən imtina etməlidir?
Hakimiyyət Ukrayna səfirindən belə bir “xahiş” edirsə, bu həm də Ukraynanın ərazi bütövlüyünü tanımamaq, işğalçılığa haqq qazandırmaqdır. Onsuz də AŞ PA-dakı səsvermə Azərbaycan hakimiyyətinin həm də Qarabağa münasibəti idi. Bu addımla hakimiyyət həm də Qarabağın işğalını dəstəkləmiş oldu. Bu boyda biabırçılıqdan sonra Rusiyanı Ukrayna səfirinin tənqdilərindən qorumaq cəhdi siyasi riyakarlıq, siyasi cahillikdir.
Azərbaycan hakimiyyəti istəyir ki, Ukrayna hakimiyyəti işğala görə Rusiyaya təşəkkür bildirsin. Bəli, “5-ci kolon” rolunda çıxış edən hakimiyyət komandası Rusiyaya vəkillik öhdəliyi götürüb. Bunun qarşılığında isə dövlət və millət naminə heç nə yoxdur.
Baş verənləri həm də Ukrayna səfirinin Azərbaycandakı “5-ci kolon”u ifşa etməsi kimi dəyərləndirmək lazımdır. Azərbaycan hakimiyyəti bütün dəyərlərdən, dövlət maraqlarından nə qədər uzaq olduğunu hər addım da nümayiş etdirir.
AŞ PA-dakı səsverməni Ermənistana sanksiya tətbiq edilməməsi ilə əsaslandırmağa çalışan hakimiyyət, Ukrayna səfirinə senzura qoymağı necə əsaslandıracaq?
Akif


