Lamiyə olayı – bir xalqın faciəsi

Bu olayla «Lotu Quli»yə verilən ittihamı nə birləşdirir?

Bir aya yaxındır ki, gündəmi Lamiyə Quliyeva və onun yeni doğulan övladı zəbt edib. Bu mövzunu gündəmdən düşməyə qoymayan jurnalistlərə irad tutanlar da var. Sanki yüzlərlə problem olan bir ölkədə yazmaq üçün mövzu tapmaq çətindir. Təbii ki, məsələyə bu qədər bəsit yanaşma qətiyyən doğru deyil. Bu təkcə Lamiyənin, onun keçmiş nişanlısı Vüqarın, onların ailələrinin faciəsi deyil. Baş verənlər bütöv bir xalqın, bir dövlətin faciəsidir. Bir rayonun icra başçısı bu qədər özbaşınalıq edə, məhkəmə sistemindən tutmuş, Penitensiar Xidmətə qədər istənilən sahədə meydan sulaya bilirsə, bu həm də o dövlətin, o xalqın hansı vəziyyətdə olmasının göstəricisidir.

Bu ölkədə icra başçısı nələr edə bilər?

Qısaca xatırladaq ki, Lamiyə Quliyeva və onun keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayon icra hakimiyyətinin başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. O dövrdə bu cinayət işi üzrə istintaqı, eləcə də məhkəmə prosesini izləyənlər yaxşı bilir ki, o cinayətin bədəlini Lamiyə və Vüqarla yanaşı, onların hər ikisinin az qala, bütün nəsilləri ödəməli oldu. Lamiyənin atası o zaman həbsdə idi, anasının isə başına nə zülmlər gətirildi… Vüqarın özü ilə yanaşı, atasını, anasını, hətta xalasını, qardaşının hamilə həyat yoldaşını da həbs eləmişdilər. Bu ailələrin Şəmkirdə nəyi vardısa, yerlə yeksan olundu.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində uzun müddət davam edən araşdırmanın “nəticəsi” belə olmuşdu ki, Vüqar Əliyevin atası Ibrahim kişi Şəmkirdə qanunsuz torpaq zəbt edib, icra başçısı Aslan Aslanov da qanuna uyğun olaraq, dövlətin malını onun əlindən alıb. Bu səbəbdən də Ibrahim kişinin oğlu Vüqar nişanlısı Lamiyə ilə birlikdə icra başçısının oğlunu öldürməklə ondan qisas alıb.

O zaman Aslan Aslanova yaxın şəxslər müxtəlif yollarla mediaya da təzyiq edərək, qətlin gerçək səbəbini gizlədib, cinayətin guya, torpaq mübahisəsindən doğan qisasçılıq zəminində baş verdiyi versiyasını yaymağa çalışırdı. Muzdlu “jurnalistlərin” əlilə bu mövzuda xeyli məqalələr yazdırılırdı.

Lakin Lamiyə məhkəmədə açıq şəkildə dedi ki, Ruslan Aslanov hələ 13 yaşı olarkən onu zorlayıb. Bununla da kifayətlənməyərək, Vüqarla nişanlanandan sonra da ona problemlər yaradıb. Bu üzdən də Ruslanın əməllərindən bezərək, onu bıçaqla qətlə yetirib.

Buna baxmayaraq, Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi, Əlövsət Abbasov və Azər Orucovdan ibarət hakimlər heyəti də qətlin torpaq mübahisəsindən doğan qisasçılıq zəminində törədildiyi “qənaətinə gəldi”, həm Lamiyəyə, həm də Vüqara Azərbaycan qanunvericiliyində nəzərdə tutulan ən ağır cəzanın verilməsinə dair hökm çıxardı. Vüqar Əliyev ömürlük azadlıqdan məhrum edildi. Lamiyə isə cinayəti törədərkən yetkinlik yaşına çatmadığından – 16 yaşı tamam olmadığından ona verilə biləcək maksimum cəza 10 il həbs ola bilərdi. Lamiyə də 10 il azadlıqdan məhrum olundu. Elə həmin hökmə əsasən, Vüqar Əliyevin atası Ibrahim kişiyə də 5 il həbs cəzası verildi.

Bundan sonra Qobustandakı qapalı həbsxanada Vüqarın başına gətirilənlər, onun intihar həddinə çatdırılması, özünü öldürmək üçün damarlarını doğraması, işgəncələrə məruz qalması, Lamiyənin cəza müddəti başa çatmağa yaxın guya, cəzaçəkmə müəssisəsində nəzarətçi ilə mübahisəyə görə CM-nin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə ona 2011-ci ildə daha 5 il 6 ay həbs cəzasının verilməsi, bununla da kifayətlənməyərək sonradan CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə daha bir ittiham irəli sürülməsi və nəhayət, bu yaxınlarda oğlan uşağı dünyaya gətirməsi haqda son vaxtlar mətbuatda çox yazılıb. Ona görə də bu olayların detallarına varmağa ehtiyac yoxdur.

Bütün bunların öz-özünə baş vermədiyi hamıya gün kimi aydındır. Azərbaycanda məhkəmələr çox nadir hallarda – ya “yuxarı”dan göstəriş veriləndə, ya da cinayət pula görə və son dərəcə amansızlıqla törədiləndə bir qətl hadisəsinə görə ömürlük həbs cəzası təyin edirlər. Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin sırasına nəzər salmaq görərik ki, yüzlərlə məhkum arasında belələrinin sayı uzağı 5-6 nəfərdir. Əminliklə demək olar ki, Ruslan Aslanov o vaxt icra başçısı, sonradan isə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun oğlu olmasaydı, Vüqara ömürlük həbs cəzası verilməyəcəkdi. Özü də qətlin başvermə səbəbini bilə-bilə…

Yeri gəlmişkən, həmin hökmü çıxarmış Əli Seyfəliyev hazırda Ali Məhkəmənin hakimidir. Bu iş üzrə çıxarılmış hökm və qərarlar həm də Azərbaycanın məhkəmə sisteminin acınacaqlı durumunu, nəinki prezident, nazir, hətta bir icra başçısının sözü ilə bütün qanunlara tüpürdüyünü bir daha sübut edir.

Həbsxanada Vüqarın, Lamiyənin başına gətirilənlər isə Azərbaycanda məhkumların necə təhlükəli şəraitdə saxlanıldığını göstərir. Belə çıxır ki, məhkumun düşmən münasibətdə olduğu şəxs ən azı icra başçısıdırsa, “içəridə” onun başına istənilən oyunu açdıra bilər – işgəncədən tutmuş, zorlamaya qədər…

Məhz bu baxımdan Lamiyənin, Vüqarın başına gələnlərə iki adamın, iki ailənin, iki nəslin yox, bu ölkənin bütün insanlarının bədbəxtliyi kimi yanaşılmalıdır.

Həbsxana, yoxsa mehmanxana?

Bir müddət əvvəl Lamiyə Quliyeva vəkili vasitəsilə açıqlama yayaraq bildirmişdi ki, ömrünün sonuna kimi həbsdə çürüyəcəyini dərk etdiyinə görə ana olmaq qərarı verib və övladının atası ilə könüllü şəkildə münasibətdə olub. Onun sözlərinə görə, sonradan açılan cinayət işi üzrə ibtidai araşdırma aparılarkən Kürdəxanıdakı istintaq təcridxanasında saxlanıldığı müddətdə orada başqa bir dustaqla öz istəyilə görüşüb, uşağın atası da odur.

Bu arada, Ombudsman Aparatı da məlumat yayıb ki, əməkdaşları Lamiyə Quliyevanın övladının atası olduğunu iddia etdiyi məhkumla görüşüb. Həmin şəxs ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edərək bildirib ki, Lamiyə ilə qiyabi tanışlıq münasibəti olub, heç bir canlı təması olmayıb. Uşağın atasının müəyyənləşdirilməsilə bağlı dəqiqləşdirmə aparılması üçün DNT qan analizi də verib.

Göründüyü kimi, şəxs Lamiyənin övladının atası olması barədə deyilənləri təkzib edir.

Hətta bir anlıq Lamiyənin övladının atası və onunla münasibəti barədə açıqlamasını doğru saysaq belə, yenə də ortaya çoxsaylı suallar çıxır. Əvvəla, Kürdəxanı təcridxanasında qadın dustaqlarla kişilər tamamilə ayrı-ayrı yerlərdə saxlanılır. Necə olub ki, Lamiyə Quliyeva övladının atası olduğunu iddia etdiyi şəxslə görüşüb, onunla intim münasibətdə olub? Kürdəxanı təcridxanasında vicdan məhbuslarını iki də yox, dörd gözlə izləyən, Intiqam Əliyevin, hətta “Azadlıq” qəzetinin 25 illiyinə yazdığı təbriki də tapıb müsadirə edən nəzarətçilər necə olub ki, bu boyda həngaməni görməyiblər? Görüblərsə, biliblərsə, ona şərait yaradıblarsa, bəs niyə cəzalandırılmırlar?

Yeri gəlmişkən, Lamiyə olayı bir neçə il əvvəlki məhkəmə prosesini xatırlatdı. Söhbət kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun məhkəməsindən gedir. Səlifova qarşı da həbsdə olduğu müddətdə yenidən cinayət işi qaldırılmış, ona qarşı bir sıra yeni ittihamlar irəli sürülmüşdü. Cinayət işinin materiallarında iddia olunurdu ki, “Lotu Quli” Qobustandakı qapalı həbsxanada “Miss Azərbaycan 2006″ müsabiqəsinin prezidenti olmuş, aktyor Arif Quliyevin keçmiş gəlini Pərvanə Əfəndiyeva, bir neçə klipdə çəkilmiş Dilarə Rzayeva ilə dəfələrlə intim münasibətdə olub.

Quş quşluğu ilə uçmayan Qobustan həbsxanasında bu hadisə necə baş verə bilərdi? Həbsxana nəzarətçiləri hara baxırdı? O qadınları həbsxanaya kim buraxmışdı?

Cəzaların Icrası Məcəlləsinin 81-ci maddəsində məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşünün qaydalarından bəhs olunur. Göstərilir ki, məhkumlara dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir.

Göründüyü kimi, uzunmüddətli görüşlər yalnız yaxın qohumlarla verilir. Məhkumun yaxın qohumu olmayan şəxslərin uzunmüddətli görüşünə kim və ya kimlər şərait yaradır?

Bəhs etdiyimiz hər iki olayın məsuliyyəti, necə, hansı şəraitdə baş verməsindən asılı olmayaraq, Penitensiar Xidmətin üzərindədir. Hər halda, cəzaçəkmə müəssisələri mehmanxana deyil…

Azad Akifoğlu