Uşağın atasını axtarırıq…

Bəlkə, gözəlliyinin qurbanı olmuş bu qızı sakit buraxaq?

…General Mədət Quliyevdən vəzifə gərəyi həmişə cansıxıcı, bədbin açıqlamalar eşitməyə adət etmişik. Əslində, buna görə ona heç bir irad tutmaq da lazım deyil, çünki o danışanda yalnız həbsxanalarla, orada cəza çəkən məhbuslarla bağlı danışır. Azərbaycan həbsxanalarında cəza çəkməyin nə demək olduğu haqda uzun-uzadı danışıb sizi yormaq istəmirəm, onsuz da hər şeyi bilirsiniz. Ən azı (!) bir qohumunuz, dostunuz hazırda ya həbsxanadadır, ya da cəzasını çəkib. Şəxsən mən hazırda həbsdə olan dostlarımın ad və soyadını yazsam, gərək yazını burada tamamlayam. Odur ki, Mədət Quliyevin açıqlamaları ilə dostları, onların məhkum həyatını bir daha xatırlayır və kədərlənməyə davam edirik.  

Lakin bu günlərdə general, həbsxanada uşaq dünyaya gətirən məhkum Lamiyə Quliyeva haqqında verdiyi açıqlaması ilə özü haqqında formalaşan sterotipləri alt-üst etdi. Körpənin sağ-salamat doğulmasından məmnunluğunu gizlətməyən general, hazırda onun atasını axtardıqlarını(!) və ən qısa zamanda buna nail olacaqlarını dilə gətirdi. Bəli, Mədət Quliyev sübut etdi ki, o heç də darıxdırıcı adam deyil. Əksinə, biz kədərliyik və getdikcə yumor hissimizi itirməyə başlamışıq.  Bu fikrimin inkişafı üçün qısa bir haşiyədən sonra əsas məsələyə, yəni Lamiyə məsələsinə münasibət bildirəcəm.  

…Bu yaxınlarda mətbuatda doğrudan da maraqsız, ömrünün 20 ildən çoxunu 150 manata yaxşı yaşamağın mümkünlüyünü sübut etməyə(!) çalışan deputat Hadı Rəcəblinin müsahibəsi ilə tanış oldum. Hər il olduğu kimi bu il də xarici kurortlarda dincəldiyini deyən deputatın elə həmin müsahibədən növbəti fikrini olduğu kimi nəzərinizə çatdırıram: “Amma ən yaxşı istirahət etmək üçün Azərbaycan yaxşıdır(gülür)…” Sizi inandırıram ki, Hadı Rəcəbli yüz faiz əmindir ki, biz gülmək qabiliyyətimizi itirmişik. Ona görə də keçib hamının hırıldaya biləcəyi qara yumora. Və özü də gülərək, milləti ələ salmağın keyfini çıxarır… Bu aktual(!) mövzuya yenidən toxunacağıq. Hələlik isə…

Gələk Lamiyə məsələsinə… Mən heç də təsadüfən uzun-uzadı Mədət Quliyevin yumor hissi ilə müşayiət olunan açıqlmasına yer ayırmadım. Fikrimcə, Azərbaycan reallığında Lamiyə üçün ən təhlükəsiz məkan elə həbsxanadır…

Fikrimcə, bu qız gözəlliyinin qurbanı olub. Kiçik yaşlarında üst-üstə bir neçə faciə yaşayıb. Yəni o qədər qaranlıq idi bu qızın cinayəti? Mən inanıram ki, cinayət işini aparan müstəntiq robot deyildi və yəqin, “niyə məhz qarət etmədi, öldürdü”, “hansı səbəbdən bu baş verdi”, “doğrudan da mərhumu bu qızcığazmı öldürdü” kimi suallar üzərində düşünüb. 

…Ana nəvazişi ilə boyüməli ikən taleyinə sərt həbsxana çarpayısı qismət olub. Cəmi 15 yaşında… 10 illik həbsə atılıb. Ədalətsizliyə baxın, bu zavallı həbs müddəti başa çataçatda müddət yenidən 5 illiyə “artırırlır”. Fikrimcə, Mədət Quliyev uşağın atasını axtarmaqla bərabər, onun ikinci dəfə nədən məhkum olmasını araşdırmalıdır. Inanıram ki, gün gələcək bu işdə qaranlıq heç nə qalmayacaq. Buna hər kəs əmin olsun. Biz məhv olmağa məhkum edilmiş xalq deyilik… 

Bir ömür həbsxanada keçirəcəyini yəqin edən Lamiyənin ana olmaq istəyi təbiidir. Heç olmasa bir nişanəsi qalmasını istəyən Lamiyə bununla təsəlli tapmaq, mənasız keçən həyatını dəyişmək istəyir. Heç olmasa, bu haqqı ona tanıyaq, ona toxunmayaq. Gedək həyətlərə, boloklara atılan körpələrin qayğısına qalaq.

Deputatların, xüsusən qadın deputatların münasibətlərini oxuduqca dəhşətə gəlirəm. Hamısı məsələni ört-basdır edilməsinin tərəfdarıdır. Heç birisi bu işin yenidən araşdırılmasını istəmir. Və ağıllarına belə gətirmirlər ki, sabah onların yaxınları Lamiyənin taleyini yaşaya bilərlər. 

Istər-istəməz ölməz Mirzə Cəlilin “Ölülər”i yada düşür. Ölülərin hər şeyinə sahib çıxmış qohumlar onların “dirilməməsi” üçün şeyx Nəsrullaha rüşvət verməkdən ötrü növbəyə düzülürlər. 

…Nə qədər bəxtsiz, talesiz olsa da, Azərbaycan reallığı ilə nisbətdə Lamiyə sona qədər şanssız deyil. 

…Mədət Quliyevin əvəzinə Penitensiar Xidmətin rəisinin, bir başqası, məsələn… ombudsman Elmira Süleymanovanın olmaması, Lamiyə və körpəsi üçün xoş bir təsadüfdür…