Tərtər polisində müəmmalı ölüm əhalini ayağa qaldırdı

Polis 32 yaşlı Səbuhi Dünyamalıyevin intihar etdiyini, bacısı isə işgəncə ilə öldürüldüyünü deyir

«Döyüb qara ciyərini partlatmışdılar, dərman alıb verdik. Gəncəyə apardılar, vəziyyəti ağır idi deyə, qaytardılar…»
 
Tərtər Rayon Polis Şöbəsində baş vermiş ölüm hadisəsi əhalini ayağa qaldırıb. Dünən axşam saatlarında şöbədə müəmmalı şəkildə dünyasını dəyişmiş 32 yaşlı Səbuhi Dünyamalıyevin yaxınları, eləcə də rayon sakinləri polis şöbəsinin qarşısına toplaşıblar. Təxminən 500 nəfərdən ibarət Səbuhi Dünyamalıyevin şöbədə məruz qaldığı işgəncə nəticəsində dünyasını dəyişdiyini bildirərək, onu öldürənlərin çıxıb cavab verməsini tələb edib.
 
Məlumata görə, polislər etirazçı sakinləri şöbənin qarşısından uzaqlaşdırarkən zorakılıq edib və nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Vəziyyət o həddə çatıb ki, Tərtərə qonşu rayonlardan polis qüvvələri cəlb olunub.
 
Polislər iddia edir ki, narkotik ittihamı ilə saxlanılan Ağdam sakini Səbuhi Dünyamalıyev şöbədə özünü asıb.
 
Lakin mərhumun yaxınları bu haqda deyilənlərin yalan olduğunu, Səbuhi Dünyamalıyevin işgəncə ilə qətlə yetirildiyini bildirir.
“Xəbər gəldi ki, özünü asıb. Bunun nadzoru hara baxırdı? KPZ-nin rəisi hara baxırdı? Rayonun rəisi hara baxırdı?” – deyə mərhumun qohumu Əlövsət Dünyamalıyev bildirib.
 
Mərhumun bacısı Süsən Dünyamalıyeva “anspress”ə açıqlamasında işgəncə nəticəsində qardaşının qara ciyərinin parçalandığını deyib: “Döymüşdülər, qara ciyərini partlatmışdılar. Dərman aldıq verdik. Bura təcili yardım çağırıldı. Gəncəyə apardılar. Gəncədən qaytardıqları bir saat deyil, öldü. Görüblər vəziyyəti ağırdı, yalandan ”özünü asıb” dedilər”.
 
Tərtər Rayon Prokurorluğundan bildirilib ki, Səbuhi Dünyamalıyev istintaqın gedişilə əlaqədar Gəncə şəhərindən Tərtər rayon polis şöbəsinə etap olunub. Axşam saatlarında isə şöbənin müvəqqəti saxlama kameralarından birində özünü mələfə ilə asaraq intihar edib. Hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinədədir.
 
Qeyd edək ki, mərhum Səbuhi Dünyamalıyevin iki azyaşlı övladı var.

İnformasiya şöbəsi