«The Telegraph» Ərdoğanın sülalə planlarından yazdı

“Məlumatlara görə, Türkiyə prezidenti oğlunu və qızını siyasətə gətirir”

Britaniyanın «The Telegraph» qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sülalə hakimiyyəti qurmaq planlarından yazıb.

Qəzet yazır ki, Ərdoğan özünü müasir sultan kimi aparmaqda ittiham olunur. Onun diktatura siyasəti yeritdiyi, min otaqlı saray tikdirdiyi vurğulanır. Ancaq indi üzə çıxır ki, 35 yaşlı oğlu Bilal və 30 yaşlı qızı Sümeyye üçün də böyük planları var.

«Məlumatlara görə, Türkiyə prezidenti oğlunu və qızını siyasətə gətirir. Opponentləri qorxurlar ki, bu addım uzunmüddətli siyasi sülalənin yaradılmasını hədəfləyir», – deyə yazıda qeyd olunur.

Bildirilir ki, Bilal və Sümeyyanın iyunda keçiriləcək parlament seçkilərində atasının hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürəcəyi gözlənir. Parlamentə seçilmək isə onların toxunulmazlıq qazanması demək olacaq. Xatırladılır ki, onların hər ikisinin adı 2013-cü ilin dekabrında korrupsiya qalmaqalında çəkilirdi.

Təhlükəsizlik məsələləri üzrə təhlilçi Mahmut Akpınar da Türkiyənin «Today’s Zaman» qəzetinə deyib ki, Ərdoğan övladlarının toxunulmazlıq qazanması üçün deputat olmalarını istəyir.

Qəzet Ərdoğanın Osmanlı sultanlarına bənzəməyə çalışması barədə deyilənləri təkzib etdiyini də yazır. Eyni zamanda qeyd edir ki, Ərdoğan iyun seçkilərində partiyasının yetərli güc toplamasından sonra konstitusiyanı dəyişdirməyə və prezidentin səlahiyyətlərini genişləndirməyə ümid bəsləyir.