ABŞ-dan rəsmi Bakıya növbəti xəbərdarlıq nəzərə alınacaqmı?

Fuad Qəhrəmanlı: «Xəbərdarlıqlar nəzərə alınmayacağı təqdirdə, ABŞ-dan sanksiyaların tətbiqi, qəti qərarların qəbulu gözləniləndir»

ABŞ növbəti dəfə Azərbaycan hakimiyyətinə yürütdüyü siyasətə görə xəbərdarlıq edib. Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə aparıcı tədqiqatçısı E.Wayne Merry “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti azalmaqdadır: “Son aylarda Azərbaycan hökuməti artan dinamika ilə Amerikanın heysiyyatına dəyər verməkdən imtina edir. Azərbaycan hökuməti elə əməllərə əl atır ki, bunlar təkcə ABŞ hökumətini, prezident Obamanı deyil, Konqresdəki mühüm adamları da qıcıqlandırır.

Ola bilsin, bu, Bakıdakılara önəmli görünməsin, çünki onlara daim Azərbaycanın necə mühüm olduğu və s. deyilir. ABŞ kimi böyük qüdrətlər üçünsə bu cür narazılıqlar üst-üstə toplanır, hansısa məqamda haqq-hesab çəkmək vaxtı yetişir”.

Ekspert onu da bildirib ki, Azərbaycan ABŞ üçün Əfqanıstana gedən yolda şimal paylaşma şəbəkəsinin tranzit nöqtəsi kimi əhəmiyyətlidir. Amma Amerikanın Əfqanıstandakı rolu azaldıqca, Azərbaycanın da əhəmiyyəti azalır.

Maraqlıdır ki, bununla artıq necənci dəfədir ki, ABŞ-dan Azərbaycan hakimiyyətinə xəbərdarlıq edilir. Bundan öncə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bildirmişdi ki, neft faktoru Azərbaycanla ABŞ arasında siyasi faktor deyil, iqtisadi məsələdir. Yəni müxtəlif yollarla Azərbaycan hakimiyyətinin diqqətinə çatdırılır ki, Azərbaycan yürütdüyü daxili siyasətə ciddi dəyişikliklər etməlidir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycan hakimiyyətinə yönələn xəbərdarlıqlar artıq bir davamlı xarakter alıb. Azərbaycan hakimiyyətinə birmənalı şəkildə bildirilir ki, o, daxili siyasətini dəyişməzsə, bu, ABŞ-ın Azərbaycana qarşı daha sərt mövqe ifadə etməsi, sanksiyaların tətbiqinə gətirib çıxara bilər. F.Qəhrəmanlının sözlərinə görə, bu xəbərdarlıqlar sadəcə olaraq ekspertlərin rəyini əks etdirmir: “Bu mövqelər Obama admnistrasiyasının Azərbaycanla bağlı narahatlığının ifadəsi sayılmalıdır. Azərbaycan elə bir siyasət yürüdür ki, bu məsələyə etinasız yanaşma Amerikanın prinsiplərindən vaz keçməsi demək olardı. Digər tərəfdən, Azərbaycan hakimiyyətinin atdığı addımlar təkcə demokratiyanı təhdid etmir. Bunlar eyni zamanda ABŞ-ın maraqlarına, demokratik ənənələrinə bir zərbədir. ”Azadlıq” radiosunun fəaliyyətinin dayandırılması, Amerikan QHT-lərinin Azərbaycanda fəaliyyətinin faktiki olaraq qadağan olunması, onlara qarşı kampaniyaların aparılması hakimiyyətin antiAmerikan siyasətinə rəvac verdiyini deməyə əsas verir”.

F.Qəhrəmanlının fikrincə, bu təkcə daxili məsələ deyil. Bu addımların davamı xarici siyasətdə Rusiyaya doğru meyillənmənin daha çox qabarması, antiAmerikan əhvalının güclənməsi deməkdir: “Azərbaycanın yerləşdiyi həsas geosiyasi mövqe nəzərə alınarsa, ölkəmizə neytral yanaşmaq mümkün olmayacaq. Bu xəbərdarlıqlar nəzərə alınmayacağı təqdirdə, ABŞ tərəfindən sanksiyaların tətbiqi, qəti qərarların qəbulu gözləniləndir. Hazırda gündəmdə daha çox Rusiya məsələsi, Ukrayna böhranıdır. Baş verənləri Azərbaycan hakimiyyəti özü üçün bir fürsət kimi dəyərləndirir. Düşünülür ki, Rusiya gündəmdə olduğundan Qərbin, xüsusilə ABŞ-ın diqqəti daha çox bura yönəlib. Hakimiyyət düşünür ki, bu səbəbdən ona qarşı hər hansı addım atılmayacaq və o, hazırkı siyasətinin fakt kimi qəbuluna nail olacaqdır. Amma bu, ağıllı yanaşma deyil. Çünki bu addımlara qarşı hələlik ABŞ tərəfindən konkret addımlar atılmır, xəbərdarlıqlar edilir. Amma bu cür hərəkətlərin toplanması və onların Azərbaycanın imicinə çevrilməsi, ölkənin xarakterini təşkil etməsi növbəti mərhələdə Azərbaycana münasibətdə daha ciddi addımların atılmasına səbəb olacaq. Yəni münasibətlərdə artıq bir növ manevr imkanları da aradan qalxır”.

Xəyal