Aslan Aslanovun qanunsuz əməllərinə Ramiz Rzayev də şərait yaradıb
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin başına gələnlər barədə yazdıqlarının növbəti hissəsinin oxuculara təqdim edirik. Qeyd edək ki, Vüqar hadisəni bədii üslübda, üçüncü şəxsin dilindən yazıb:
(əvvəli ötən sayımızda)
“Onsuz da ümidsizliyə qapılan ”ömürlük”lərə televizor veriləndən sonra, demək olar, sözün əsl mənasında qəbiristanlıqda olduğu kimi korpuslarda da tam sakitlik yaranmışdı. Əvvəllər Vüqara görə 5-10 məhbus etiraz edirdisə, indi hamı susmuşdu. Kamera yoldaşı Sergeydən başqa ona kömək edən yeganə adam Bəxtiyar idi ki, o da həbsxana rəhbərliyini şübhələndirməmək üçün sakit oturub bacardığı qədər Vüqar üçün ərizələr yazır və gəzintidə onunla “daha nə etmək olar” barədə məsləhətləşirdi. Yaranmış sakitlikdən istifadə edən həbsxana rəisi açıq-aşkar Vüqarın ərizələrinə göndəriş qəbzi vermirdi. Artıq bir aydan çox idi ki, Vüqarın ərizələrinə heç bir cavab gəlmirdi. Həbsxana rəisi bilirdi ki, soyuq havada aclıq aksiyası keçirmək ağlasığmazdır.
***
2009-cu il dekabr ayının 4-ü idi. Hirsindən qışqıra-qışqıra danışan Vüqar Bəxtiyara deyirdi:
– Qaqa, mən daha gözləyə bilmərəm! Sabahdan aclıq aksiyasına başlayıram! Bunlarla başqa cür danışmaq mümkün deyil.
Bu söhbətdən 6 gün sonra Vüqarla təsadüfən gəzintidə rastlaşan Bəxtiyar bir anlıq tutuldu.
Adətən aclıq aksiyası keçirən məhkumu 7-ci korpusa köçürüb onu həkimlərin nəzarəti altında saxlayırdılar. Və yaxud da həbsxana işçiləri rəisin göstərişi ilə özlərini elə aparırdılar ki, guya aclıq aksiyası keçirən məhkumla qətiyyən maraqlanmırlar. Bu cür psixoloji təzyiqə dözməyən məhbuslar adətən 3-4 gün sonra aclığı dayandırırdılar. Bəxtiyar Vüqara dedi:
– Qaqa, yoxsa aclıq aksiyasını kamerada keçirirsən?
– Keçirirdim! Gördülər ki, dayanan deyiləm dünən köçürdülər 225-ci kameraya. Sabah bir həftə olur ki, aclıq edirəm. Heç kimin də vecinə deyil. Nə həkim gəlib baxır, nə də yoxlayan var.
Buz kimi olan bu kameraya Vüqarı salmaqla onu sındırmaq istəyirdilər.
Az da olsa həbsxana həyatı yaşayan Vüqarın anası Məlahət xanım aclıq aksiyası keçirən oğlunun nələr çəkdiyini çox yaxşı bilirdi. Bu cür təzyiqlərə məruz qalan həyat yoldaşı Ibrahim cəza çəkdiyi illər boyu vərəm xəstəliyinə yoluxmuşdu, hələ də o xəstəlikdən əziyyət çəkirdi. Oğlunun da bu xəstəliyə tutulacağından təşvişə düşən ana nazirliyə kimi getmiş, bu vəhşiliyə son qoymalarını tələb etmişdi. 2009-cu ilin dekabr ayının 19-da həbsxana rəisi uduzduğunu qəbul edib 2 həftəlik aclıq aksiyasından sonra Vüqarın tələblərini yerinə yetirmişdi.
***
Kars tipli kamerada 14 günlük aclıq aksiyası keçirən Vüqar nəinki cəza çəkdiyi müddət ərzində xəstəliyi ilə əlaqədar “mərkəzi xəstəxana”ya müalicə almaq üçün neçə dəfə getdiyini təsdiq edən arayış aldı, hətta həbsxananın baş həkimindən ombusdman Elmira Süleymanovanın köməkliyi ilə Ali Məhkəməyə müraciət üçün ötürdüyü vaxtın günahkarı olan Sənan Məmmədovun etirafına nail oldu. Bu, Vüqarın Aslanova vurduğu ikinci zərbə idi. Artıq ötürülmüş vaxtın bərpasına zidd olan heç bir bəhanə qalmamışdı. Eyni zamanda da ATƏT-in nümayəndələrinin nəzarəti öz təsirini göstərirdi.
Bütün bu nail olunanlara baxmayaraq Ali Məhkəmənin sədri Ramiz Rzayev Vüqarın atası Ibrahim kişiyə qəbulunda demişdi ki, Elmira kimdi ki, mənim işimə qarışır. Getsin öz işi ilə məşğul olsun!
Məmurların bu cür çəkişməsinə şahid olan Ibrahim kişi ANS telekanalına üz tutaraq “Günəbaxan” verlişində həqiqəti çatdırmağı xahiş etmişdi.
Ancaq Vüqarın işi ilə bağlı bu proqramda heç bir xəbər verilmədi.
***
Qobustan qapalı həbsxanasının “canlı qəbiristanlığında” ağır mühit yaşanırdı. Illər ötdükcə ömürlük məhkumların sayı artdığına görə artıq onları yerləşdirməyə çətinlik çəkən həbsxana rəisi nazirin əmrinə əsasən bir-birinə düşmən olan ömürlük məhbusları bir kameraya zorla saldırırdı ki, ikisindən biri ölsün və sayları azalsın.
Uzun illər boyu mübarizə edəndən sonra “ötürülmüş vaxtı” bərpa edən Vüqar məhkəmənin nə vaxt olacağını gözlədiyi bir çağda kamerada xarab olmuş televizoru bəhanə edərək onu karsa, elə bir adamın yanına salmışdılar ki, mütləq ikisindən biri bu görüşdə ölməli idi.
Nazirin göstərişi ilə Vüqarın məhkəməsinə mane olmaq istəyən həbsxana rəisi həbsxana zabitlərini o karsın yanında saxlatmış, nəticə barədə ona məlumat verilməyini tapşırmışdı.
Bundan xəbər tutan məhkumlar bir-birləri ilə mübahisələrini bir kənara qoyub sakitcə gözləməyə başladılar. Bir neçə saat sonra karsdan heç bir səs gəlmədiyini görüb zabitlər qapını açdılar və çox təəccübləndilər. Vüqar ona düşmən olan məhkumla sakitcə söhbət edirdi.
– Gedin rəisinizə deyin ki, bu dəqiqə Aslanovu da mənim yanıma gətirsəniz, ona toxunan deyiləm. Bu qardaşla bir problemimiz var idi, sizin sayənizdə onu həll etdik.
***
Vüqarı on sutka karsda saxladılar. Vüqarın məhkəməsi dekabrın 8-nə təyin edilmişdi.
Amma məhkəmə gecikirdi. Vüqar eşitmişdi ki, 2007-ci ildə onun vəkilinə təzyiq etmişdilər və vəkil məhkəmədə vəsatət qaldırıb ki, guya Vüqar ömürlük həbs cəzası ilə razılaşıb, cəzasının yüngüləşdirilməsini xahiş edir. Bunu bəhanə edərək məhkəmə keçirmək istəmirdilər. Amma ATƏT-in nümayəndəsi Monika xanımın təzyiqi ilə məhkəmə dekabrın 15-nə təyin edildi.
15 dekabr 2010-cu il tarixində Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən məhkəmədə Vüqarın vəkili nə qədər sübutlar gətirsə də, heç nəyi nəzərə almayaraq Vüqarın ömürlük həbs cəzasını dəyişmədən saxladılar.
ATƏT-in nümayəndəsi Monika xanım bu qərardan dəhşətə gələrək “Azərbaycanda qanun işləmir! Siz harda görmüsünüz ki, sübut olunmayan bir ölümə görə ömürlük həbs cəzası verilsin” deyəndə hakim Hafiz Nəsibov cavab vermişdi: “Bizdə verirlər! Bura Azərbaycandır, Avropa yox!”