“Qubad İbadoğlu hakimiyyətin sifarişini icra edir”

Müsavat başqanın müavini Səxavət Soltanlı facebook səhifəsində Qubad İbadoğlu və tərəfdarları barədə sərt ittihamlar səsləndirib:

“Əziz müsavatçılar, dəyərli mətbuat işçiləri və sevgili həmvətənlər, çoxsaylı vətəndaşların və mətbuat işçilərinin müraciətlərini nəzərə alaraq, Müsavat Partiyasında gedən prosesi yaxından izləyən bir kimi bildirmək istəyirəm ki, artıq Qubad İbadoğlu məsələsi müsavatdaxili məsələ deyil. Bu məsələ partiyadaxili məsələ olmaqdan xeyli vaxt olar ki, çıxıb. Bu olanlar hakimiyyətlə Müsavat arasında mübarizənin növbəti mərhələsidir.

Faktiki olaraq Qubad müəllimin fəaliyyəti Müsavatda guya “parçalanma var” görüntüsü yaratmağa hesablanıb.

Sifarişçı hakimiyyət, icraçı isə Qubad İbadoğlu və başqa bir neçə şəxsdir. Bu olanlar hakimiyyətin Müsavat Partiyasına qarşı növbəti hücumudur, bu prosesi bilərəkdən və ya bilməyərəkdən dəstəkləmək də hakimiyyətə yardım etmək deməkdir.

Təbii ki, bu fürsəti gözləyən başqaları da bundan faydalanmaq istəyəcəklər, narahat deyilik, siz də narahat olmayın. Biz – müsavatçılar sona qədər Musavat Partiyasını qoruyacaq və daha da gücləndirəcəyik, bundan əmin olun.

Tanrıdan və vicdanlı insanlardan bu prosesdə Müsavata kömək olmalarını istəyirəm.

Tanrı və vicdanlı insanlar Müsavatı qorusun!”