Qoca gənclərin günü

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Dünən Azərbaycanda “gənclər günü” qeyd edilirdi. Bu –  əldəqayırma bir tarixdir, heç bir məna və məzmun daşımır, təqvimə yaptokratların digər “əlamətdar günləri” kimi zorən əlavə olunub.

Əslində biz gəncliyə total nifrətin və qəzəbin hökm sürdüyü ölkədə yaşayırıq. Bizdə gənclərə qarşı heç bir sevgidən danışmaq mümkün deyil, daha doğrusu, Azərbaycanda gəncləri “qocaldıb” sonra sevirlər. Onu əl quzusuna çevirirlər, ona “hamı necə, sən də elə” prinsipinə alışdırır, ona başıaşağı, söyənə dilsiz, döyənə əlsiz olmağı öyrədir, sonra da hər cür “diqqət və qayğı” göstərirlər.

Dəfələrlə yazmışıq, yenə də yazaq: gənclik təkcə YAŞ-la bağlı hadisə deyil, gənclik həm də BAŞ-la bağlı hadisədir. Gənclik – çeviklik, dinamizm deməkdir, azad düşüncə deməkdir, özgür yaşam deməkdir, etiraz ruhu deməkdir, yeniliklərə açıq olmaq, sorğulamaq, razılaşmamaq deməkdir. 

Bizdə isə belə gəncləri camaat “indiki cavanların zayı çıxıb, heyf deyildi bizim vaxtlar?” deyib aşağılamaqla, rejim isə onları qondarma ittihamlarla şərləyib dəmir barmaqlıqlar ardına göndərməklə məşğuldur. Əvəzində bütün qapıları o “gənc”lərin üzünə açır, o gənclərə “yaşıl işıq” yandırırlar ki, onların yaşları 20, 25, 30… ola bilər, başları isə çoxdan qocalıb, ruhları çoxdan köhnəlib, mahiyyət etibari ilə məsələn, Fikrət Qocadan heç nə ilə fərqlənmirlər. Dünyagörüşlərini kif basıb, irəligörüşlü olmaq onlara tamamilə yaddır, çağdaşlığa, modern dünyaya bütün varlıqları ilə nifrət bəsləyir, yeniliyə qarşı dirənirlər. Təşəbbüskar deyillər, cürətkar deyillər, hər zaman hər yerdə, hər işdə dirijor çubuğuna ehtiyac duyurlar. Hazır direktivlər əsasında hərəkət edir, onların öz sözü olmur, başqasının başı ilə düşünüb, başqasının ağzı ilə danışırlar.

Əslində dünən bax belə gənclərin günü idi. 2 fevral məhz onların şəninə uydurulub. Adamı yandıran o idi ki, sosial şəbəkələrdə ağlı başında hesab etdiyimiz xeyli adam bütün bunların fərqinə varmadan, ciddi-ciddi təbriklər yazırdılar. Dəhşət orasında idi ki, yaptokratiyanın bu uydurma “bayramı” münasibətilə hətta hazırda rejim həbsxanalarına doldurulan vicdanlı, yalnız yaşca yox, həm də başca gənc olan dostlarımızı qutlayanlar da vardı. Adam heç bilmir də belələrinə nə desin, nə yazsın. Reallıq hissini də bu qədər itirmək, belə də “təkərə düşmək” olar?!

Mənə ən qeyri-ciddi görünən isə xeyli adamın “gənclər günü”ndə “qoca hökumət”ə işarə etməsi oldu. Çoxları “facebook” statuslarında yazırdı ki, bu qədər yaşlı nazirləri olan ölkədə nə “gənclər günü”-zad. Hətta tanınmış iqtisadçı dostumuz Natiq Cəfərlinin hesablamasına da rast gəldim, bəy yazırdı ki, “hökumətimizin Baş Naziri və 6 Baş Nazirin müavini var. Onların cəmi yaşı 487-dir, yaş ortalamaları 69,5 yaşdır. Ən yaşlı Artur müəllimdir, bu il 80 yaşı olacaq, ən gənci isə Ismət Abbasovdur – 61 yaş”.

Boş söhbətdir. Guya Artur Rəsizadənin yerində Ceyhun Osmanlı olsa nə dəyişəcək? Abid Şərifovun yerinə Zahid Orucu təyin etsələr, ya da Ismət Abbasovu Fuad Muradovla əvəzləsələr, sanki hansı yarağımız düzələcək? 

Mikayıl Cabbarov təhsil naziri təyin ediləndə xeyli adam sevincdən uçmağa başlamışdı, deyirdilər, gəncdir, xaricdə təhsil alıb. Bəs nəticə? Nəticəsizlik. Hətta artıq çoxlarımızda “Misir Mərdanov nostalgiyası” yaranıb. 

Unutmayaq: Azərbaycan kimi ölkələrin dərdi hansısa nazir, komitə sədri, icra başçısı deyil. Problem Sistemdədir. Sistem qaldıqca adların dəyişməsi yaxşı heç nə vəd edə bilməz. Əksinə, gələn gedənə rəhmət oxutdurmaqla məşğul olacaq.