Hanı Usubovun prinsipiallığı?!

Aslan İsmayılov

Eldar İbrahimovun Dövlət Yol Polisinin əməkdaşını ‪‎dana‬ adlandırması mövzusuna keçməzdən əvvəl, aydın olması üçün, bir neçə faktın sadalanmasını vacib sayıram:

 

30 may 2013-cü il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) baş vermiş qanunsuzluqla bağlı nazir Ramil Usubovun istefasını tələb etdiyimə görə Canpolad Daanov adlı birisi aldatma yolu ilə məni həmin idarəyə dəvət edib təhqir, təhdid etdi, vurdu. Dəfələrlə şəxsən Baş Prokuror Zakir Qaralova müraciət etsəm də bu günə qədər heç kim cəzalanmayıb. Əksinə, Daanov hadisədən sonra adı çəkilən idarənin istintaq şöbəsinin rəis müavini vəzifəsi ilə mükafatlandırıldı. Dayımın bağ evindən mənə məxsus əmlaklar bir neçə dəfə oğurlandı, heç bir tədbir görən olmadı. Baş vermiş bəsit oğurluq hadisəsinin üstünü açmaq heç bir xüsusi istedad tələb etmir. Hərçənd ki, Ramil Usubov bir ildə, bir neçə dəfə başçılıq etdiyi orqanın xüsusi peşəkarlığından, açılmamış cinayət işlərinin, faktiki olaraq, qalmamasından hesabat verir.

Tanınmış rejissor Eldəniz Quliyev polis işçilərinin hər gün etdikləri qanunsuzluqları sadaladığına görə nazir Ramil Usubov şəxsən özü onu məhkəməyə verib həbsini istədi. Məhkəmə dərhal “günahkar”ı müəyyən etdi, E.Quliyevi 480 saat müddətində ictimai işlərə cəlb olunmaqla 1000 manat cərimə ilə cəzalandırdı.

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor, 17 elmi məqalənin, 4 kitabın müəllifi, Şöhrət ordenli, 1990, 1995, 2000, 2005, 2010-cu illər millət vəkili seçilmiş Eldar İbrahimov DİN-nin Dövlət Yol Polisinin əməkdaşını, Milli Məclisin iclasında, bütün ölkə KİV-lərinin qarşısında “dana” adlandıraraq təhqir etdi. Bu məlumat bütün ölkə mətbuatının gündəmini zəbt etdi. Üstündən iki günə yaxın vaxt keçsə də heç kimdən, o cümlədən Daxili İşlər Naziri Ramil Usubovdan səs çıxmadı. DYP işçisinin hərəkətinin qanunsuz olması belə onun təhqir olunmasına əsas vermədiyindən, bu susqunluq məndə təəccüb doğurdu. Hadisə ilə maraqlandım.

Aydın oldu ki, Eldar İbrahimovun xidməti avtomobili Neftçilər prospektində, “Four Seasons” otelinin qarşısında yolun hərəkət hissəsində dayanmaqla, avtomobillərin gedişini dayandırıb. DYP əməkdaşının xahişinə isə kobud cavab verilib. Həmin əməkdaş maşının “yekə” adama məxsus olduğunu bildiyindən Natiq adlı rəisini hadisə yerinə dəvət edib. Həmin şəxsin xahişinə də saymamazlıq olduqda, zabit özünə, tutduğu vəzifəsinə və ən əsası qanuna hörmət edərək protokol tərtib edib. Üzr istəyirəm, “dana” adlandırılan polis zabitinin suçu vəzifəsini layiqincə yerinə yetirməsi olub. Belə olan halda, bəs hanı Ramil Usubovun prinsipiallığı?! Yoxsa qanun üçün ancaq müxalifətçi, müstəqil şəxs olmaq lazımdır? Bəlkə, Ramil Usubova görə polis ancaq hakimiyyət və ona yaxın olan zümrənin rahatlığını, hikkəsini qorumaqla məşğuldur? Polis nəfərini “dana” adlandırmaq olarmı? Yoxsa polis nəfəri heç bir hüquqa malik deyil? Bilmirəm, bu suallara Ramil Usubov cavab verəcək, yoxsa növbəti dəfə mənə qarşı zor tətbiq olunmasını tapşıracaq? Mən isə vətəndaş borcumu yerinə yetirirəm.

Baş vermiş hadisə illər boyu mətbuatda yazdıqlarımızın təsdiqidir. Bunun üçün Eldar İbrahimovun çıxışından bir neçə ifadəni sadalamaq kifayətdir: “Serjantlardan soruşun ki, Milli Məclsin maşınlarının nömrəsi hardan başlayır, harda qurtarır?”, “Prezident Aparatının nömrələri hardan başlayır, hardan qurtarır”, “Bilmədirlər ki, bunu idarə edən deputatdır”, “Bu “dana” üzr istəyirəm hardan gəlib?”, “Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir?”, “Hüquq məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar?“, “Məni maşına görə tanıyırsız”…

Bu ifadələr elə belə və tək Eldar İbrahimova məxsus deyil. Bu Azərbaycana rəhbərlik edənlərin əksəriyyətinin düşüncəsidir. Onlar hesab edirlər ki, qanunlardan üstündürlər və hakimiyyət strukturlarının vəzifələri onların şəxsi istəklərini təmin etməkdir. Bütün Azərbaycan Respublikası Prezident Administrasiyasında, Milli Məclisdə, Nazirlər Kabinetində, Məhkəmə sistemində işləyən “ağa”ların mülkiyyəti, qalan insanlar isə onlara qulluq edən nökərlərdir. Kefləri istəyəndə onlara “dana” da deyə bilərlər. Bu cür olmasa, sadalananlardan kim isə Eldar İbrahimova cavab verərdi.

Mən isə nökər deyiləm! Eldar İbrahimovun bircə, “məni maşına görə tanıyırsınız” ifadəsindən başqa bütün fikirlərinin əleyhinəyəm və buna görə onun cəzalanmasını tələb edirəm.

P.S. Nə üçün sonuncu ifadə ilə razıyam? Ona görə ki, seçilmiş deputatları millət həqiqətən üzdən, təyin edilmişləri isə maşınının nömrəsindən tanıyar.