Razi Nurullayev
İran və Kuba Qərblə əməkdaşlığa yenidən “çıraq” yandırırsa, Azərbaycan bunu niyə etməməlidir?
Barak Obama ABŞ-ın 1961-ci ildən sanksiyaya məruz qoyduğu Kuba ilə münasibətləri 56 ildən sonra yaxşılaşdırmağa qərar verib və iki ölkə arasında yüksək səviyyəli görüşlər də keçirilməkdədir. ABŞ-ın bu addımı artmasında önəmli rolu həm də Rusiya faktoru oynadı. Çünki, Rusiya hər zaman Kubadan ABŞ-a təsir mexanizmi kimi istifadə edib. ABŞ Bu təhlükəni aradan qaldıraraq, həm Rusiyaya qarşı münasibətinin barışmaz olduğunu, həm də Rusiyanı çökdürmək üçün keçmiş düşmənləri ilə dost olacağını bəyan etdi.
Bu əslində, alqışlanası addımdır. Rusiyanın güvəndiyi gücləri və ölkələri onun əlindən çıxarmaq lazımdır. Hazırda, Rusiyanın güvəndiyi güclər Türkiyə, Çin və Hindistandır.
Hindistan və Çinin neytrallaşdırılması və maraqlarının təmin olunması üçün ABŞ və Yaponiya addımlar atmaqdadır. Bunun üzərində geniş dayanmayım.
Məni maraqlandıran Türkiyədir. Türkiyənin Rusiya ilə əməkdaşlığa sövq edən Avropa Birliyinin qardaş ölkəyə qarşı tutduğu mövqedir. Avropa Birliyi geopolitik maraqları, düzgün qiymətləndirməlidir. İndiki halda, Türkiyə ilə üzvlük məsələsini daha ciddi və motivasiya ilə davam etdirməlidir. Türkiyə Avropaya bağlanmalıdır. Gələcəkdə Türkiyənin önəmi daha da artacaq. Türkiyə heç bir halda anti-Qərb mövqeyinə köklənməməli və demokratik dünya ilə eyni sırada dayanmalıdır.
Azərbaycan üçün də bu önəmlidir. Türkiyənin Avropaya inteqrasiyası həm də Azərbaycan üçün bir stimuldur. Azərbaycanın Avropaya inteqrasiyası və demokratikləşməsi Türkiyə üzərindən daha asandır, nəinki Rusiya üzərindən. Türkiyə Rusiya yaxınlaşması hazırda Azərbaycan üçün ciddi təhlükə deyilsə də bunun yeni yarana biləcək situasiyada necə olacağını demək çətindir
Ən önəmli məqamlardan biri isə İranın Qərblə münasibətləri normallaşdırmaq siyasətidir. Artıq İran hakimiyyəti də başa düşür ki, dövlətin və millətin çıxarları naminə Qərblə əməkdaşlıq, iqtisadi-siyasi inteqrasiya zəruridir. Çünki, dünyanın bugünkü standartları demokratiya və insan haqları, azad iqtisadiyyat parametrinə uyğundur. İran kimi anti- Qərb mövqeyində olan bir dövlət bu reallıqla barışır.
İran və Kuba Qərblə əməkdaşlığa yenidən “çıraq” yandırırsa, Azərbaycan bunu niyə etməməlidir?
Azərbaycan Qərbə inteqrasiya nəticəsində Kuba və İrandan daha çox dvident əldə edə bilər. Əvvəla ona görə ki, demokratik dünya ilə isti münasibətlər Qarabağ probleminin həllində yeni açar rolu oynaya bilər. Digər tərəfdən Azərbaycan ictimaiyəti dünyagörüşü etibarilə daha çox müasirdir, Azərbaycanın inkişaf perspektivləri daha yüksəkdir.
Rusiyanın cinahında yer almaq isə, yeni dünya nizamından təcrid olunmaq, fürsətləri dəfn etməkdir.
İndiki geopolitik vəziyyətin yaratdığı üstünlükləri şəxsi maraqlara qurban vermək olmaz. Düzgün seçim etmək və dövlətin maraqlarına uyğun siyasət yürütmək lazımdır. Onsuz də artıq dünya üçün enerji maraqları əvvəlki kimi cazibədar deyil və əvvəlki kimi manevr imkanları da yoxdur.
Bugün dünyada baş verənlər ibrət götürmək üçün asan seçim təqdimatıdır