Siyasi məhbuslara dəstək kampaniyası davam edir

AXCP siyasi məhbuslara dəstək kampaniyasını davam etdirir. Kampaniya bu həftə AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirliyə həsr olunur. Xatırladaq ki, atasının siyasi fəaliyyətinə görə şərlənərək həbs edilən Sənan Daşdəmirlinin səhhətində son günlər ciddi problemlər yaransa da, mqvafiq qurumlardan heç bir reaksiya yoxdur. Partiya bunu nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini atasının siyasi fəaliyyətinə görə günahsız yerə cəzaya və işgəncəyə məruz qoyulan Sənana və dolayısı ilə onun atası Rafiq Daşdəmirliyə dəstək kampaniyasında fəal iştiraka çağırır. Ötən həftələrdə olduğu kimi, bu həftə də kampaniyaya qatılan sosial şəbəkə istifadəçiləri profil şəkillərini kampaniya həsr olunan şəxsin şəkillərilə əvəzləyəcək və məhbusun yaxınlarına dəstək bildirən statuslar yazmaqla həftə ərzində kampaniyanı davam etdirəcəklər . AXCP-nin sosial şəbəkə istifadəçilərinə ünvanladığı çağrışı təqdim edirik. 

“Sənan Daşdəmirli siyasi proseslərin birbaşa iştirakçısı olmayıb. Onu atası Rafiq Daşdəmirlinin fəaliyyətinə görə və ondan qisas almaq məqsədilə şərləyib həbs ediblər. Bu mənada Sənana siyasi məhbusdan daha çox siyasi girov deyə bilərik. Bəli, acınacaqlı haldır ki, İlham Əliyev hakimiyyəti ölkədə siyasi məhbuslarla yanaşı siyasi girovlar anlayışını da yaratdı. Sirf 37-ci il repressiyalarına oxşar tərzdə valideynlər övladları, övladlar valideynləri ilə sınağa çəkilir və cəzalandırılır.

Sənan da belə idbar siyasətin qurbanlarından biridir. İndi o, Kürdəxanı təcridxanasında saxlanılır. Ciddi müalicəyə ehtiyacı var. Gözlərində və bağırsağında əvvəldən mövcud olmuş problemlər şiddətlənib. Yubanmadan cərrahi əməliyyata ehtiyacı var. Təcridxana şəraitində müalicəsi demək olar ki, mümkünsüzdür. Ailəsi onun təcili olaraq müalicə müəssisəsinə köşürülməsini istəyir.

AXCP olaraq bu tələbə qoşuluruq. Siyasi məhbuslara dəstək kampaniyamızı bu həftə ona həsr etməklə də ictimai diqqəti Sənanın problemlərinə yönəltmək, günhasız yerə həbs edilmiş bu gəncin sağlıq durumunun nəzarətə götürülməsi və azad edilməsi üçün ictimai çağırışlara təkan vermək istəyirik”,-deyə bildirilir”.