Qubad İbadoğlundan Müsavat rəhbərliyinə ağır ittihamlar

Müsavat Partiyasının qurultayından 4 aydan artıq müddət keçsə də, tərəflər arasında gərginlik hər ötən gün daha da artır.  Seçkinin nəticələrinə fərqli  münasibət fonunda yaranan bu gərginlik, partiyanın ikiyə bölünməsinə, xeyli müsavatçının partiyadan istefasına səbəb olub. Hətta yeni rəhbərliyin bir neçə tanınımış müsavatçını partiya nizamnaməsini  pozmaqda ittiham edərək partiyadan uzaqlaşdırması faktları da mövcuddur. Əvvəllər yeni başqan Arif Hacılı və başqanılğa keçmiş namizəd Qubad İbadoğlu təmkinli görünür, tərəfdarlarını da təmkinli olmağa səsləyirdisə, artıq son zamanlar hər iki şəxs açıq şəkildə bir birini ağır formada ittiham etməyə başlayıb. Belə ki, bir neçə gün öncə başqan Arif Hacılı Qubad İbadoğlunu Müsavat Partiyasına zərbə vurmaqda, xəyanətdə ittiham etmişdisə, bu dəfə Qubad İbadoğlu əks tərəfi sərt ifadələrlə tənqid edib. Qubad İbadoğlu şəxsi "facebook" səhfəsində tərəfdarlarına etdiyi çağırışda qarşı tərəfi kişi kimi mübarizə aparmağa səsləyib, özünə və tərəfdarlarına qarşı yönələn təhqirlərin bir başa partiya rəhbərliyi tərəfindən təşkil olunduğunu bildirib. Ağır ittihamlarla dolu həmin müraciəti təqdim ediirik:

"Bilirsiniz ki, mən partiya Divanının 2 fevral tarixli iclasına dəvət almışam. Həmin iclasda mənim davranışlarımın partiya nizanaməsinə uyğunluğu müzakirə olunacaq.

Bu dəvəti qəbul etsəm də Bakıda olmadığıma görə iclasa qatıla bilməyəcəm. Bakıda olduğum günlərin birində Divanın növbəti toplantılarından birinə qatılıb, Divan müzakirələrində iştirak etmək niyyətindəyəm. Bununla bağlı narahatılığım yoxdur. Mən həmişə müzakirələrə açıq olmuşam. Məni narahat edən başqa mədamdır. Bur dəvətdən sonra artıq bir neçə gündür ki, Müsavatın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü və birbaşa göştərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verilib. Artıq bütün cəbhə boyu hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar və şərhlər yazır, qurşaqdan aşağı zərbə vurmaqla məni nüfuzdan salmağa çalışırlar. “Çamur at, izi qalsın” prinsipi ilə hərəkət edən bu kiçik qrup güman edir ki, təhqir, şər və böhran yolu ilə Qubad İbadoğlunu hörmətdən salıb, özləri sayğı qazanacaqlar. Fəqət, bu anlayışsızlıqları ilə çox böyük səhv etdiklərinin fərqində deyillər. Mən yaxşı bilirəm ki, Müsavat Partiyası onlar güman etdikləri qədər tükənməyib, aşınmayıb. Bu partiya həmişə Sizin kimi fədakar və haqqı nahaqqdan ayıra bilən sıravi müsavatçıların sayəsində ayaqda qalıb, ən çətin zamanlarda belə şərin, nifrətin, böhtanın öhdəsindən gəlməyi, şər ocaqlarını susdurmağı bacarıb.Fədakar müsavatçı bacı və qardaşlarım!Öncə, etdiyiniz zənğlərə, sağlam mövqeyinizi statuslarla, rəylərlə bildirdiyinizə, qısası, müxtəlif vasitələrlə verdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm. Mənim sözüm Sizədir. Bu statusla məhz Sizə müraciət edirəm! Siz kimin həqiqətlə, halalıqla, kimin yalanla, haramla, oğurluqla mövqe qazandığını yaxşı bilirsiniz. Mən Sizin sağlam məntiqinizə, böyük ədalətinizə və Müsavat ideyasına olan sarsılmaz inamınıza, sədaqətinizə güvənirəm. Bilirəm ki, sosial şəbəkələrdəki bu iyrənc kampaniyanın əsl məqsədini yaxşı anlayır, suyu bulandıranların kimlər olduğunu gözəl dərk edirsiniz. Sosial şəbəkələrdə bu qeyri-insani kampaniyaya fətva verənlərin həmin iyrənc şərhlərə yazılan əks mövqeli rəyləri anındaca sildiklərini, məhdud tərəfdarlarını bu işlərə cəlb etmək üçün ilan kimi qabıqdan çıxdıqlarını Sizə anlatmağa da lüzum görmürəm. Siz yaxşı bilirsiniz ki, həyatını bu kimi cılız kampaniyalara sərf edənlər böyük ideya və amal sahibləri ola bilməzlər. Şərəfli müsavatçı adının daşıyıcıları isə heç bir zaman ola bilməzlər!

Bu çirkin kampaniyanı başlatmaqda onların bir əsas məqsədi var: məni hövsələdən çıxarmaq, təmkinimi itirməyimə nail olmaq! Əsla! Mən onların şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyəm.
Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Vicdanınızın (əgər varsa, onu da itirməmisinizsə) səsini dinləyin və bu kampaniyanı dayandırın! Sizi kişi kimi mübarizə aparmağa çağırıram! Tükənmiş gücünüzü mənə yox, xalqın sərvətini talayan, söz azadlığına, demokratiyaya, insan haqlarına arxa çevirən iqtidara göstərin!
Bir daha təkrar edirəm ki, bu mübarizədə mənim yeganə amalım partiyadaxili barışığa nail olmaq və Müsavatı gücləndirməklə hakimiyyət uğrunda mübarizə aparmaqdır".
 
Müsavat başqanının müavini Elman Fəttah isə bir gün öncə Qubad İbadoğlunun seçdiyi yolun onu iflasa uğratdığını, müsavatçıların dəstəyini itirdiyini bildirmişdi:
 "…Əliyev rejimi tərəfindən həbs edilən, həyatları, sağlamlıqları gerçək təhlükə altında olan müsavatçıların müdafiəsi üçün, əslində, heç bir fəallıq göstərməyən, sadəcə, onların adından istifadə edən Qubad İbadoğlu indi 15-20 adamı başına toplayıb müsavatçıları nizamnamə tədbirlərindən qorumaq adı ilə "Müsavat Partiyası üzvlərinin hüquqlarının müdafiəsi komitəsi" yaradır?!
Bu bir tərəfdən qeyri-səmimiliyin davamıdır… Müsavatçıların Nizamnamə cəzaları (xəbərdarlıq, töhmət, partiyadan ixrac) almasını istəməyən şəxs onları partiyaya qarşı fəaliyyətdən çəkindirməli, təhqirlərə, böhtanlara son qoymağa çağırmalı, onları Nizamnaməyə uyğun şəkildə fəaliyyət göstərməyə səsləməlidir. Əksinə həmin şəxsləri saxta arqumentlərlə, absurd iddialarla, qeyri-mümkün hədəflər göstərməklə anti-partiya fəaliyyətinə həvəsləndirir… Digər tərəfdən Qubad İbadoğlunun bügünkü fiaskosu (Qubad İbadoğlunun bu günə təyin etdiyi toplantı partiya üzvləri gəlmədiyi üçün baş tutmadı. E.F) onun son aylarda Müsavata qarşı apardığı siyasətin iflasıdır. Artıq bu siyasətə son verilməlidir. Əgər Qubad İbadoğlu bu siyasəti dayandırmırsa, onun aldatdığı şəxslər bu fəaliyyətdə iştiraklarını dayandırmalıdırlar.
Hər şeyin bir sonu var…"
 
Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı da Qubad İbadoğlunun nüfuzdan düşdüyünü, müsavatçılar tərəfindən dəstəklənmədiyini bildirib. Gülaga Aslanlı özünün "facebook" səhifəsində Qubad İbadoğluna müəyyən məsləhətlər də verib:

"Kimliyindən,cəmiyyətdəki statusundan, təşkilatdakı vəzifəsindən, cinsindən, dini mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq, yalan söyləmək heç kimə baş ucalığı gətirmir və ALLAH qarşısında günahdır. Müsavat Partiyasının qərargahı bu gün orada görüş keçirməkdə iddialı olan şəxslərin üzünə açıq olub. Görüşün keçirilməməsinin səbəbləri isə həm təşkilatçılara həm də müsavatçılara məlumdur. "Zərərin yarısından qayıtmaq da xeyirdir" deyimini üstün tutan müsavatçılar bu tədbirə qatılmağı lazım bilməyib".

Qubad İbadoğlunun tərəfdarı kimi tanınan, başqan seçkilərinin nəticəsinə etiraz edərək partiyadan istefa verən Hüseyn Məlik isə qarşı tərəfi  "mandata satılmışlar" adlandıraraq, həmin adamların onları ittiham etmək haqqı olmadığını bildirib:

"Məni və mübarizə dostlarımı mandata görə satılanların ittiham etmək haqları yoxdur",- deyə Hüseyn Məlik bildirib.