Almaniya mediasından Əliyev hökumətinə kütləvi hücum

Nüfuzlu qəzetlər Bakıda keçiriləcək Olimpiada kontekstində Azərbaycandakı acınacaqlı durumdan yazır

Bugünlərdə “Human Rights Watch”, “Freedom House” kimi beynəlxalq hüquq-müdafiə təşkilatlarının yaydığı illik hesabatlarda Azərbaycan hökuməti ölkədə insan haqlarının pozulması, repressiyalara görə sərt tənqid olunurdu. Dünən Almaniya mediası kütləvi şəkildə “Human Rights Watch”ın hesabatından çıxış edərək, Azərbaycandakı acınacaqlı durum haqda məqalələr yayımlayıb.

“Der Spiegel”, “Focus”, “Tagesspiegel”, “Frankfurter Algemayne” kimi nüfuzlu mətbuat orqanları ölkəmizdəki vəziyyətə xüsusən bu yay Bakıda keçiriləcək Olimpiya Oyunları kontekstindən yanaşıblar. Məqalələrdə qeyd olunur ki, Avropa Olimpiya Oyunlarına dörd ay qaldığı bir vaxtda Azərbaycanda vəziyyət çox pisdir, ölkədə söz və mətbuat, toplaşma azadlıqları yoxdur, həbsxanalarda xeyli siyasi məhbus var.

“Azərbaycanda hökumət indiyədək görünməmiş həddə sərt repressiya siyasət aparır. Beynəlxalq donor təşkilatlarının bu ölkədə fəaliyyətinə imkan verilmir. Hökuməti tənqid edən jurnalistlərin, hüquq müdafiəçilərinin, müxalif mövqeli insanların həbsi və ya qorxudulması prosesi davam edir”, – deyə qəzetlər “Human Rights Watch”ın Almaniya təmsilçiləri Viçalski və Uordendən sitat gətirir.

“Azərbaycanda yayda ilk dəfə Avropa Olimpiya Oyunları keçiriləcək. Olimpiada ilə əlaqədar Azərbaycan hökumətinə təzyiq göstərib siyasi məhbusların azadlığa buraxılmasına nail olmaq üçün bu bəlgə də yeganə fürsətdir və ondan mütləq istifadə olunmalıdır”, – deyə “Der Spiegel” yazır.

“Repressiv rejimlər adətən böyük idman tədbirlərinə ev sahibliyi etməyə can atırlar. Azərbaycan da belə ölkələrdən biridir. Bu il Azərbaycanda Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan hakimiyyəti bu yarışa çox böyük önəm verir. Olimpiada ərəfəsində bu ölkədə insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib və bu da ciddi narahatlıq doğurur. Hesab edirik ki, Olimpiada haqda yazan jurnalistlər turnirin keçirildiyi ölkədəki vəziyyəti də diqqətdən kənarda qoymamalı, orada baş verənləri reportajlarında mütləq qeyd etməlidir. Almaniya hökumətinin də bu məsələ ilə əlaqədar məsuliyyət daşıdığını vurğulamağı vacib bilirik” – bunu isə “Frankfurter Algemayne” yazır.

Almaniyanın başqa bir nüfuzlu qəzeti olan “Suddeutsche Zeitung” isə Azərbaycandakı vəziyyəti belə xarakterizə edib: “Azərbaycan azad olmayan ölkələr kateqoriyasına aid edilib. Bu ölkədə demokratiya yoxdur, insan hüquqlarını hörmət olunmur. ”Human Rigths Watch” Olimpiada kimi beynəlxalq yarışların Azərbaycan kimi ölkələrdə deyil, insan hüquqlarına hörmət olunan ölkələrdə keçirilməsini tələb etməkdə haqlıdır”.

Siyasət şöbəsi