Eşşək olmaq həsrəti

Bu günlərdə ənənəni pozaraq müxalifətə qarşı xüsusi aqressivliyi seçilən, bu mövzuda sərhəd və abır-həya tanımayan Azər Həsrət və Elşən Musayev adlı iki “həmkar”ın son iki yazısını oxudum. Etiraf edim ki, bu günə qədər belə məqalələrin yalnız başlıqlarına baxmaqla kifayətlənirdim. Məsələ burasındadır ki, bu tip yazıların süjeti eynidir və sadəcə başlığa baxanda onların nə demək istədikləri məlum olur. Yazılar adətən, məşhur tamaşada deyildiyi kimi, üç hissədən ibarət olur. Müxalifət düşməndir, iqtidarın içində də azacıq aşın duzu olmayanlar var və nəhayət… bizə, sinəsini iqtidara sipər etmişlərə bir gün ağlayın… Təkcə bu iki yazarın bu günə qədər eyni mövzuda 50 dən çox başlığı (yazısı – X.Ə.) var… 

Bu dəfə başlıqlar fərqli idi və oxumaq qərarına gəldim. Əvvəlcə başlıqları nəzərinizə çatdırım, buyurun: “Dəvəni eşşəyin quyruğuna bağlamaq…”(Azər Həsrət) və… “Arvadını nazir oğlu ilə cütləşdirən nurçu”(Elşən Musayev)… 

Hər iki yazıda iqtidar tənqid yox, sözün əsl mənasında təhdid və şantaj edilir. Yazılarda oxucuya qaranlıq qalan isə, hansı məmurun eşşək və hansı vurulmuş nurçunun peysər olmasıdır. Müxalifət haqqında şər-böhtan yazılardan fərqli olaraq, onların bu dəfə də sadəcə oxlarını atdılar. Yəni biz sizin haqqınızda da çox şey bilirik, amma hələlik açıqlamırıq…

Məqsədim nə məmurları ifşa etmək, nə də nurçuları təhqir etməkdir. Əsas məsələyə keçməzdən əvvəl kənd uşağı kimi bir neçə cümlə ilə eşşəkləri müdafiə etmək istəyirəm. 

Kənddə böyüyüb boya-başa çatan hər kəs eşşəyin necə cəfakeş, xeyirli, eyni zamanda… sədaqətli heyvan olduğunu bilir. Mühüm nəqliyyat vasitəsi olan eşşək yeganə heyvandır ki, hara getsə, axşam sahibinin qapısına gəlir. Özünü dəvə, məmuru isə eşşək ilə müqayisə edən Azər Həsrətin nəzərinə çatdırıram ki, dəvə ən etibarsız və ambisiyalı heyvanlardan sayılır. Yaxşı xatırlayıram, uşaq vaxtı dəfələrlə dəvəsi itənlərin at belində onu günlərlə axtarmasının şahidi olmuşam. Atalarımız nahaq yerə deməyiblər ki, “Allah dəvəyə qanad versə…” 

Digər bir tərəfdən isə… gözünü qırpmadan eşşəyə 98 min manat sayan iqtidar üçün bu cür eşşək-dəvə müqayisəsi aparmaq, razılaşın ki, odla oynamaq kimi bir şeydir. Iqtidar nümayəndələrinin bir çoxunun kənddə boya-başa çatması, eşşəyin onların uşaqlıq xatirələrinin bir parçası olması danılmaz həqiqətdir. Bu sətirlərin müəllifi kimi, mən də bu məsələdə yaxamı kənara çəkmirəm. Nəhayət, nəzərinizə onu da çatdırım ki, dünyaya ağalıq edən ABŞ-ın hakim demokrat partiyasının simvolu da eşşəkdir. Dolayı yolla desək, eşşək dünyada demokratiyanın simvolu sayılır. “Google”də  demokratiya sözü yazsanız eşşək, diktatura yazsanız, mütləq bir dəvə çıxacaq… 

Gələk, Elşən Musayevin yazısına… Bu yazının adından göründüyü kimi, iqtidarın kifayət qədər yüksək eşelonunda baş verən əxlaqsızlıq iddiaları baş alıb gedir. Yazıya inansaq, nurçu məmur öz həyat yoldaşını nazir oğlu ilə oynamağa sürükləyir. Bu yazının biabırçı başlığını və yazarın iddiasını bir az yumşaltsaq, belə çıxır ki, nurçu məmur öz həyat yoldaşını nazir oğlu ilə münasibətə sürükləyir. Və… istəyinə nail olur… 

Fikrimcə, burada nə Azər Həsrəti, nə də Elşən Musayevi günahlandırmaq lazım deyil. Problemə tamamilə fərqli aspektdən yanaşmaq lazımdır… 

Əfsuslar olsun ki, yaltaqlıq cəmiyyətdə artıq peşəyə, daha doğrusu, məqsədə çatmaq uğrunda bir vasitəyə çevrilib. Əvvəllər bir vəzifəni tutmaq üçün bilik və bacarıq lazım idisə, hazırda şərtlər tamamilə dəyişib. Iqtidara sadiq olduğunu sübut etmək üçün dəridən-qabıqdan, loru dildə desək, min oyundan çıxmalısan ki, sənə vəzifə, yaxud mandat versinlər. 

Yuxarıda bəhs etdiyim iki şəxsə elə gəlir ki, lazım olan hər şeyi ediblər, obrazlı desək, “peşəkar döyüşçü kursunu keçiblər”, amma iqtidardakı bəzi nadürüstlər (yenə həmin məqalələrdəki təhqiramiz ifadələrdən vaz keçirəm – X.Ə.) bunu görmək istəmirlər. Odur ki, başlayırlar “va-bank” getməyə. Illər uzunu müxalifəti təhqir edən üslubda yazmağa adət etdiklərindən, iqtidara da iradlarlarını tərbiyəsiz şəkildə ifadə edirlər. Nəticədə bir məmur olur eşşək, o birisi peysər, nazir oğlu da bazın yekəsi…

Allah kəssin belə tərifi də, tənqidi də…