Artıq yumşaq tənqid də qələbə kimi qəbul edilir
Hakimiyyətin dünyada nüfuzdan düşməsi, xüsusən ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsi, beynəlxalq təşkilatların Azərbaycana qarşı sanksiya çağırışı, Britaniya parlamnentinin mövqeyi və bu kimi digər hadisələr hakimiyyət daxilində də narahatlıq yaradıb.
Çünki, iri məmurlar üçün Qərblə körpülərin yandırılması məhrumiyyət deməkdir. Belə ki, hakimiyyət komandasına daxil olan iri ranqlı məmurların Qərb ölkələrində biznesləri, mülkləri var, övladları Avropa Universitetlərində təhsil alır, mütəmadi müalicələri bu ölkələrdə həyata keçirirlər, istirahətləri Avropadadır və.s Bütün bu üstünlüklərdən məhrum olmaq, konfortdan imtina etmək asan deyil. Təbii ki, bu narazılıq və narahatlığı ölkə rəhbərliyi də duyur və komandaya təsəlli vermək üçün müəyyən addımlar atmaq istəyirlər. Məhz buna görə bəzi Qərb ölkələri ilə fərdi əməkdaşlığa cəhd edib, isti münasibət görüntüsü yaratmaq istəyirlər.
Görünür, bütün dayaqlardan məhrum olmuş insan üçün saman çöpü də təsəlli ola bilir. Indi vəziyyət o həddə çatıb ki, Ilham Əliyevin Almaniya səfəri üzərində geniş təbliğat qurulub və bu səfəri hakimiyyətin uğuru kimi təqdim etməyə başlayıblar. Hökumət mətbuatı bir az da uzağa gedərək Almaniya səfərinin müxalifəti məyus etməsindən yazır. Guya, Azərbaycan hakimiyyəti ABŞ-la münasibətləri korlasa da, Avropa Birliyinin əsas ölkəsi olan Almaniya ilə dostluq əlaqəsindədir.
Əslində isə Almaniya səfərində uğur kimi təqdim ediləcək heç bir detal olmadı. Ilham Əliyevin Almaniya səfərində etiraz aksiyası keçirildi, Almaniya kansleri Angela Merkel insan haqları məsələsində Ilham Əliyevlə fikir ayrılığı olduğunu ifadə etdi və hakimiyyətin Rusiya seçiminin Qarabağ münaqişəsinin həllinə mənfi təsir etdiyini dilə gətirdi. Yəni, həmişəki kimi bu dəfə də Ilham Əliyevdən öhdəliklərə əməl edilməsi tələb olundu. Almaniya mətbuatı isə Azərbaycan hakimiyyətini tənqid edən məqalələr yazdı və Almaniya hökumətini obyektivliyə səslədi.
Əslində, “ənənə”yə sadiq qalaraq Ilham Əliyev səfərdən qayıdan kimi hökumət mətbuatı Almaniya əleyhinə “qara kampaniya”ya başlamalı idi. Amma digər dünya ölkələri ilə münasibətlər o qədər gərgindir ki, Almaniyada Ilham Əliyevin qəbul edilməsi, təbəssümlə qarşılanması böyük uğur kimi qəbul edilir. Hakimiyyətin indiki statusunda, hətta hansısa Avropa ölkəsində protokol qaydasında qəbul edilmək də təəccüblü görünür. Ona görə də hökumət Almaniyanı mədh etmək zərurəti hiss edir və Almaniyanın ABŞ-dan fərqli olduğunu göstərməyə çalışır. Elə təəssürat yaratmağa çalışırlar ki, ABŞ-ın ittihamları, tələbləri qərəzli görünsün.
Reallıq isə ondan ibarətdir ki, Ilham Əliyevlə görüşən, nahar edən, səmimi münasibət qurmaq istəyən Avropa rəsmiləri öz ölkələrində süngü ilə qarşılanır və tənqid hədəfinə çevrilir.
Əslində, Almaniya səfərinin təbliğ edilməsi xarici siyasətin ifşasının növbəti göstəricisidir.
Hakimiyyət bu məğlubiyyəti qalibiyyət sayırsa, biz də bu “qələbə” münasibəti ilə hökuməti təbrik edirik.
Amma bir həqiqət var ki, insan hüquqlarına, demokratiyaya nifrət edən rejimlər, sivil dünyanın nifrətini qazanmaqdan sığortalana bilmir. Nəticədə həmin rejimlər süni təbəssümü də kompliment kimi qəbul edib, təsəlli tapırlar.
Akif


