Bakıda taksi sürücüsü özünü yandırdı FOTO VİDEO

Nəqliyyat qoçularının qanunsuz əməli daha bir faciəyə səbəb oldu

Bakıda özünü yandıran taksi sürücüsü Arzuman Hümbətovun vəziyyəti ağır olaraq qalır.

Virtualaz.org saytının müxbiri 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Mərkəzində A.Hümbətovun qardaşı Rahid Hümbətovla görüşüb.
 
R.Hümbətov hadisənin təfərrüatlarını danışıb: “Nəqliyyat Departamentinin işçiləri düşüb üstünə. Arzuman taksidən sərnişinini düşürəndə nəqliyyat müfəttişləri onu dərhal mühasirəyə alıblar. Aralarında əvvəlcə mübahisə olub, sonra nəqliyyatçılar qardaşımı vəhşicəsinə döyüblər. Ətrafda adamlar çox olub. Amma biz hələ də bilmirk ki, qardaşım özünü hansı şəraitdə yandırıb. Arzuman 1976-cı il təvəllüdlüdür, iki uşağı var. Kirayədə qalır. Yazıq çörəkpulunu zorla çıxarırdı”.
 
R.Hümbətov onu da dedi ki, onda olan məlumata görə, nəqliyyat müfəttişləri qardaşından pul istəyiblər, o da verməyib: “Bura prokurorluqdan da nümayəndələr gəlmişdilər. Hadisə şahidlərindən izahat aldılar. İnanırıq ki, bu işə ədalətlə baxılacaq. Yoxsa bu qədər də ağ eləmək olmaz”.

***

 

 

Bakıda taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırıb. Hadisə 20 Yanvar dairəsində baş verib.

Şahidlərin dediyinə görə, Bakı-Sumqayıt marşrutu ilə sərnişin daşıyan Ford markalı avtomobilin sürücüsü ilə Nəqliyyat Departamentinin əməkdaşları arasında hansısa səbəbdən mübahisə yaranıb. Nəticədə sürücü əsəbiləşərək üzərinə benzin töküb və özünə od vurub. Yaxınlıqdakı şəxslər alovu söndürərək sürücünü yanmağa qoymayıblar. Sürücü xəstəxanaya aparılıb. Hadisə yerinə isə çoxlu sayda polis gəlib.

Yasamal polisi özünü yandıran sürücünün kimliyini açıqlayıb. O, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətovdur.

Hümbətov yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, A.Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.

Hadisəyə Nəqliyyat Nazirliyindən reaksiya verilib. Nazirliyin Katibliyinin rəisi Namiq Həsənov APA-ya deyib ki, özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür: "Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır… Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır".