İran dollardan imtina etməyə hazırlaşır

Nemət Əliyev: «Bundan ilk növbədə Iran özü itirəcək, çünki beynəlxalq hesablaşmalarda dolların yerini heç bir valyuta tuta bilməz»

Iranda xarici ölkələrlə ticarət əlaqələri zamanı dollar əvəzinə Türkiyə lirəsi, yuan, rubl və avrodan istifadə ediləcək. “Publika.az”ın məlumatına görə, bu barədə Iran Mərkəzi Bankının Köməkçisi Qulaməli Kambay açıqlama verib.

O bildirib ki, bundan sonra xarici ölkələrlə ticarət zamanı həmin ölkələrin valyutasından istifadə olunacaq.

“Iran artıq ticarət və maliyyə işlərində türk lirəsi, Çin yuanı, rus Rublu, Cənubi Koreya vonu və avrodan istifadə ediləcək”, – deyə Kambay qeyd edib.

Onun sözlərinə görə, Iran bəzi ölkələrlə “valyuta mübadilə razılaşmaları” həyata keçirməyi planlaşdırır. Bu müqavilələr Iranla digər ölkələr arasındakı ticarət və iqtisadi əməliyyatları asanlaşdıracaq.

Iranın ən böyük ticarət ortağı olan Çinlə neft ticarətində 2012-ci ildən bəri dollar əvəzinə Çin yuanından istifadə olunur. Iranın Neft naziri Biçən Namdar digər ticarət ortaqları ilə ticarətdə də dollardan imtina edəcəklərini deyib. O, sentyabr ayında Tehranda keçirilən Iran-Rusiya 11-ci Iqtisadi Toplantısında Rusiya ilə ticarətdə rubldan istifadəyə dair razılığa gəldiklərini qeyd edib. Türkiyə ilə də bu məsələdə danışıqlar aparıldığı vurğulanıb.

Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, Iran dollardan imtina etsə, bundan ilk növbədə özü itirəcək. Ekspertin fikrincə, beynəlxalq hesablaşmaların aparılması üçün dollar ən əlverişli valyuta növü hesab edilir: “Iranın öz valyutası bir o qədər möhkəm hesab olunmur. Hər bir halda, dollar kimi bir valyutanın yerini heç bir valyuta verə bilməz.  Başlanğıc mərhələdə, ödəmə sistemində müəyyən narahatlıqlar yarana bilər. Lakin prosesin davamı sonradan Iran və Azərbaycan valyutalarının qarşılıqlı münasibətlərindən asılı olacaq. Iranın dollardan rəsmi şəkildə imtina etməsini,  onun belə bir addım atmasını mümkün hesab etmirəm”.

Nigar