Azərbaycanda jurnalistlərin cinayət üstündə həbs olunduğu haqda rəsmi iddialar rədd olunur
Bugündən Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır. Budəfəki sessiyada Avropa Şurasına üzv ölkələrdə medianın vəziyyətilə bağlı qətnamənin qəbulu nəzərdə tutulub. Artıq qətnamə layihəsi açıqlanıb. Layihənin Azərbaycan bölməsində bu ölkədə müstəqil jurnalistlərə qarşı hücumlar, hökumətin tənqidçi səsləri susdurmaq üçün istifadə etdiyi üsullar, ötən il baş verən olaylar öz əksini tapıb. Qətnamə layihəsinin Azərbaycan bölümünün tərcüməsini təqdim edirik:
***
Azərbaycandakı müstəqil media orqanları və jurnalistlər müxtəlif təzyiqlərlə üzləşiblər. Tənqidçi səsləri susdurmaq üçün aqressiv metodlara əl atılıb. Söhbət bir neçə jurnalistə qarşı fiziki hücum, hüquq-mühafizə orqanları tərəfindən saxlanma, eləcə də saxta ittihamlarla həbslər, məhkəmə təqibləri, hökumətə bağlı adamlar tərəfindən hədələnmə kimi hallardan gedir.
2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynov, eləcə də 2011-ci ildə öldürülmüş yazar Rafiq Tağı ilə bağlı cinayətlərin üstü hələ də açılmamış qalıb. Onların qatillərinin bugünədək məsuliyyətə cəlb olunmaması cəzasızlıq mühiti yaradır. Beynəlxalq Jurnalistlər Federasiyası təkcə 2013-cü ildə Azərbaycanda media nümayəndələrinin peşə fəaliyyətini yerinə yetirdiyinə görə hücuma məruz qalmasına dair 15 fakt qeydə alıb.
Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair ötən ilin aprelində hazırladığı məruzədə bu ölkədə müstəqil jurnalistlər, eləcə də hökuməti tənqid edən digər şəxslərə qarşı əsassız təqiblərin, cinayət məsuliyyətinə cəlb olunma hallarının artmasına görə narahatlığını ifadə edib. Komissarın bu qiymətləndirməsi demək olar ki, 2013-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın bu qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirib-yetirməməsilə bağlı qəbul etdiyi qətnamənin təkrarı idi.
Komissar ötən ilin yanvarında blogger Ömər Məmmədovun, 2013-cü ilin noyabrında sosial şəbəkə fəalı Əbdül Əbilovun şübhəli narkotik, həmçinin 2013-cü ilin sentyabrında “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin silah saxlama ittihamıyla həbsindən bəhs edirdi. Azərbaycan hökuməti iddia edir ki, həbsdəki jurnalistlər peşə fəaliyyətlərilə bağlı olmayan cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Lakin komissar hökumətin bu iddialarını qəbul etmir.
“Bizim yol” qəzetinin əməkdaşı olmaqla yanaşı, eyni zamanda, “moderator.az” saytının rəhbəri olan Pərviz Həşimli 2014-cü ilin mayında qaçaqmalçılıq və qanunsuz silah saxlama ittihamı ilə 8 il azadlıqdan məhrum edildi. Bu hökm Avropa Ittifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən tənqid olundu. Bu, saxta sübutlar əsasında çıxarılmış ədalətsiz hökm kimi dəyərləndirildi. Həşimli Azərbaycanda insan haqlarının pozulması, korrupsiya mövzusunda tənqidi məqalələri ilə tanınır. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu Pərviz Həşimlinin həbsini 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisi öncəsi jurnalistlərin gözünü qorxutmaq üçün məqsədyönlü şəkildə atılan addım kimi qiymətləndirmişdi.
İlham Əliyev həmin seçkidə üçüncü müddətə prezident seçildi. Lakin ATƏT müşahidəçilərinin rəyinə görə, bu seçki azad və ədalətli keçməyib. Seçki prosesi rəqib namizədə qarşı böhtan-təhqirlər, seçicilərin qorxudulması, medianın fəaliyyətinin məhdudlaşdırılması, müstəqil jurnalistlərə, hüquq müdafiəçilərinə, demokratik fəallara qarşı təzyiqlərlə müşayiət olunub. ATƏT müşahidəçiləri seçkiqabağı kampaniya dövründə 6 televiziya kanalında monitorinq aparıb. Məlum olub ki, onların efir fəaliyyətinin 92 faizi hazırkı prezidentə həsr olunub.
Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsinin 2014-cü ilin mayında açıqladığı hesabata əsasən, Azərbaycanda yalan və siyasi motivli ittihamlarla həbsdə on jurnalist və blogger vardı. Onların arasında Nicat Əliyev, Hilal Məmmədov, Rauf Mirqədirov, Tofiq Yaqublu və başqalarının adları çəkilirdi.
“Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə Ismayıl 2012-ci ildən təqib və təzyiqlər altında idi. Prezident və ailə üzvlərinin gizli biznesi haqda araşdırma yazılarına son qoyması üçün ona qarşı qarayaxma kampaniyası aparılırdı. 2013-cü ildə onun şəxsi həyatına kobud şəkildə müdaxilə olundu – evinə gizli kamera yerləşdirilərək, yataq otağında çəkilmiş görüntülər internet vasitəsilə yayımlandı. Hökumət isə onun şəxsi həyatına müdaxilə etmiş şəxsləri müəyyənləşdirib cəzalandırmadı. 2013-cü ildə xanım Ismayılova Azərbaycan hökuməti tərəfindən zorakılıq, şantaj, şəxsi həyatına müdaxilə kimi hallardan müdafiə olunmaq məqsədilə Avropa Insan Hüquqları Məhkəməsinə müraciət etdi.
Bugünədək Azərbaycan qanunvericiliyində təhqir və böhtana görə cinayət məsuliyyəti qalmaqdadır. Hələ üstəlik, hökumət əhatə dairəsini daha da genişləndirərək, qanunvericliyə internetdə təhqir və böhtana görə də cinayət məsuliyyətini nəzərdə tutan əlavə etdi.
Bundan başqa, məhkəmələr bəzi media orqanlarına fantastik həddə cərimələr kəsir ki, bu da həmin KIV-ləri fəaliyyətini dayandırmaq təhlükəsilə üz-üzə qoyur. Cinayət Məcəlləsinin isə 323-cü maddəsində prezidentin şərəf və ləyaqətinin təhqir olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub ki, bu da ifadə azadlığının məhdudlaşdırılmasıdır.
Müxalifət qəzeti olan “Azadlıq”ın əməkdaşı Xalid Qarayev ötən il oktyabrın 30-da xuliqanlıq və polisə tabe olmama ittihamıyla saxlanılaraq 25 sutka azadlıqdan məhrum edildi. Lakin hüquq-müdafiə təşkilatları bu ittihamın yalan olduğunu bəyan etdi.
Hökumətə yaxın şəxslərin iddiaları əsasında məhkəmələr bu qəzetə fantastik məbləğdə cərimələr kəsib. Bununla əlaqədar 2012-ci ilin noyabrında qəzetin bank hesabları dondurulub. Qəzet fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşib.
“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı bildirib ki, fantastik cərimələr hökumətin qəzeti zəiflətmək üçün məqsədyönlü şəkildə atdığı addımlar idi. “Sərhədsiz reportyorlar” onu da qeyd edir ki, Azərbaycandakı digər müxalifət qəzetləri fəaliyyətini dayandırıb. Bütün telekanallar və radiolar hökumətin nəzarəti altındadır.
Ötən il noyabrın 10-da ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Azərbaycanda müstəqil mediaya və söz azadlığını müdafiə edən şəxslərə qarşı repressiv addımları sərt tənqid edib.
Blogger Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. O, ötən ilin noyabrında ATƏT-in Tbilisidə keçirilən konfransında iştirak etməyə gedərkən Bakı aeroportunda saxlanılıb. 2012-ci ildə hökumət tərəfindən təşkil edilən şantajın hədəfi olan Xədicə Ismayılın da həmin konfransda iştirakına imkan verilməyib. Onun da ölkədən çıxışına qadağa qoyulub.
2014-cü il noyabrın 12-də bir qrup media və hüquq-müdafiə təşkilatları birgə bəyanat yayaraq, Azərbaycanın dövlət başçısını ölkədəki bütün siyasi məhbusları, o cümlədən vətəndaş cəmiyyətinin üzvlərini dərhal azad etməyə çağırdı. Azadlığı tələb olunanlar arasında ötən ilin iyulunda həbs olunan Leyla Yunus və həyat yoldaşı Arif Yunus, hüquq müdafiəçiləri Intiqam Əliyev, Rəsul Cəfərov, seçki mütəxəssisləri Anar Məmmədov və Bəşir Süleymanlı da var idi.
Ötən il oktyabrın 24-də Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycana səfərindən sonra bu ölkədəki həbslərlə bağlı narahatlığını ifadə etdi. O bildirdi ki, faktiki vətəndaş cəmiyyətindən olan bütün tərəfdaşları hazırda həbsxanaya salınıb. Komissar onu da qeyd etdi ki, Azərbaycanın QHT-lərlə bağlı qanunvericiliyinin təcili islahata ehtiyacı var. QHT-lərin fəaliyyətini məhdudlaşdıran mürtəce normalar qanunvericilikdən çıxarılmalıdır. Noyabrın 3-də Strasburqda çıxış edən komissar bildirmişdi ki, Azərbaycanda tənqidi mövqeyini ifadə edən jurnalistlərə qarşı münasibət narahatlıq doğurur. Əlavə etmişdi ki, hazırda ən azı, 11 jurnalist tənqidçi fəaliyyətinə görə həbsdədir.
“Article 19" təşkilatının bu yaxınlarda yaydığı hesabatda deyilir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı açıq-aşkar hücuma keçib, QHT-lər, jurnalistlər və digər tənqidçi səslər ictimai həyatdan uzaqlaşdırılaraq həbs olunur. Təşkilat 2009 və 2012-ci illərdə döyülmüş, işgəncələrə məruz qalmış jurnalist Idrak Abbasovun dediklərini yayımlayıb. O bildirib ki, hökumət tənqidçi jurnalistlərə qarşı işgəncə və digər cinayətləri araşdırmır.
İnformasiya şöbəsi



