Ruhunda ölən şeirlərin məzarına getdinmi, Səadət?

Zümrüd Yağmur

İnsan qəribədir deyirik. Amma deyil, qəribə olsaydı, bu qədər tez tükənib bitirməzdi özünü… Qəribə olanlar həm də bir az qeyri-adi olanlardır axı… Qeyri-adi olanlar bu qədər tez tükənib bitə bilməz.

İnsansa bitir, bitirir, ən adi şeylərin əsirinə çevirir özünü, qəlbinin qapısını boşluğa açır. Sonra bu boşluqda itib batır, kimliyini, ləyaqətini, şəxsiyyətini itirir. Azır içində, qanına qarışan yalanda itirir həqiqətini, beləcə, qəlbinə qaranlıq çökür. Nə özünü görür, nə də ətrafında fırlanan oyunları, yalanları… Yalanlaşır, qəlbi qəlb olmaqdan çıxır, ruhu təmizlik libasın soyunub natəmizliyin qaranlıq döngələrində dalana dirənir. 

Bizim sözümüz  bu dalana dirənənlərin, kimliyini, ləyaqət və heysiyyatını ititrənlərin acizliyindən doğan zoruna əsir düşdü, Səadət. Amma sən qürurlu olmalısan. Bilirsənmi niyə? Çünki sözün əsir alındığı bir ölkədə azad yaza bilən az insanlardansan. Yadındamı, sənin “Qırov”unun təqdimatında demişdim ki, bir var söz sahibi, bir də var sözünə sahib olanlar. Sən sözünə sahib ola bilənlərdənsən. Belələrinin sayı  nə qədər azdır bu ölkədə, bilirsənmi? Gözəl danışıb bəlağətli nitqlər söyləyənlərin boş kimliklərini, yalanlarını nə çox gördük biz… Sən də gördün, amma ümidini itirmədin. Həqiqətini itirənlərin, şəxsiyyət və kimliyini yalana tabe edənlərin zoru qarşısında sözününün azadlığını qoruya bildin. 

Ancaq siyasi yazılar yazdıq biz – siyasi köşələr, təhlillər… Sözümüz siyasi çəkişmələrin, hoqqabazların, acizlərin və qəddarların, ya da həqiqəti hayqırmaq istəyənlərin deyişmələri arasında bəzən eşidilməz oldu, bəzən də bərkdən çıxdı. Bəzən “hərdən duyğulu yazılar da yazaq” dedik biri-birimizə, amma sabah yenə “Azadlıq” qəzetini açdım və sənin siyasi köşəni gördüm.
Bildim ki, duyğulu yazı yazmaq üçün oturduğun masadan bu siyasi köşəni yazaraq qalxmısan. Çünki sən kölələr, qəddarlar və hoqqabazların çox olduğu bir ölkənin şairi idin.

Çünki sənin ölkəndə azad olanlar çox azdır, səmimi və ləyaqətli olanların sayı bir əlin barmaqları qədər az…
Sənin kövrək şeirlərinin içindən çıxıb yenəmi yalanlı, yamanlı siyasətin içinəmi girək? Yox, qoy bu yazıda bir az da duyğulu şeylərdən yazaq…

Axı biz yazı adamı idik, Səadət!
Amma səni savaş adamına çevirb bu yalanlı, yamanlı siyasət…
Doğulandan daşıdığın adının mənasını yaşaya bildinmi sən? Çətin, olmaz, yaşaya bilməzsən. Çünki sən… bu ölkənin şairisən.

Sənin ruhunu anlayan olmayacaq. Bu həqiqətin zəqqum zəhəri ilə nə zaman tanış oldun, bilmirəm, amma tanış olduğuna əminəm. Çünki “Səadət”in yanına Cahangir qoydun ki, savaş adamı olduğunu bilsinlər. Hamıya bəyən etdin ki…
“Biz savaş adamlarıyıq, oğlum!”

Sən savaş adamı deyildin, şeir adamı idin. Sadəcə sən qurğuşun altında ana olmağı daddın, qaçqınlıq yaşadın… Dünyanın şeiriyyət üzünü sənə qapayanların əhatəsində yaşamaq məcburiyyətində qaldın. Sənin zərif, əhəstə, incə sözünlə arana Azərbaycan boyda bir hasar çəkib ürəyi dağlı bir vətəndaşa çevirdilər.

Sən sürgünə gəldin öz doğma ölkəndən doğma şəhərinə…
Sözünün şeiriyyəti də sürgün olundu siyasətin azğın çöllərinə…
Bakıda yaşaya bildinmi, Səadət? Yoxsa şeirindəki kimi  “bu şəhər sənə sürgünmüş” kimi gəldi…

Gücümüz tükənəndə, acımız ruhumuzu aşanda, ürəyimiz dayanmaq istəyəndə, yaşamaq istədiklərimiz bizdən uzaq salınanda, dəyərli olanımız əlimizdən gedəndə, ölməyə belə gücümüz çatmayanda sözə sığındıq. Şeir, hekayə, köşə şəklində… Bəzən yazmaq istədiyimizi deyil, yazmaq lazım olanı yazdıq, amma nə yazdıqsa, azad yazdıq. Heç qıfıl vurmadıq sözümüzə…
Amma sözə vurmadığımız qıfılı çox şeyə vurmalı olduq. Bəzən bağırmaq, nifrət qusmaq yerinə susduq, bəzən ağlamaq yerinə güldük, bəzən də danışmaq yerinə susduq. Qorxudan deyil. Güclü olmaq üçün…
Bəzən də gücə lənətlər yağdırıb  “kor qarğalar” olmaq istədik.

Səadət, sən heç ruhunda ölən şeirlərin, sözlərin, hisslərin məzarlığına getdinmi?
Mən bu ölkənin ədəbiyyat məzarlığında öz söz məzarımı dəfələrlə ziyarət etdim, öz başucumda ağladığım belə oldu. Tanrı hüzurunda ölən şözlərimin ruhuna bildiyim duaları oxudum.

Sən necə, içində ölən, itən, yaddaşının küsən yerində gedər gəlməzə düşən sözlərin üçün ağladınmı?
Ağlamadınsa, ağla! Zəif görünməkdən qorxma, ruhunda həbs etdiyin göz yaşlarına azadlıq ver! Onları da sözlərin kimi azad et! Sözlərin misralarda pərvazlandığı kimi, qoy göz yaşların da bəbəklərində qanadlansın!
Hətta bəzən güclü olmağa nifrət et, sözünün xəfif pıçıltısında göz yaşların yağmurlar kimi yağsın qoy. Axı “hər yağmurdan sonra bir göyqurşağı çıxar”…
Çıxacaqmı, səncə?!
İnanmaq çətin gəlir, eləmi, çünki bu ölkədə…

Səhərin gəlişini nədən duyursan?!
– Bildim-
Qapıya dəyən təpikdən.
Haydı, qalx, gözətçi görməmiş yığışdır
Gecə yandırılan şamları,
Bir azdan gətirəcəklər
Üzünə duracaq
Yalançı
Namərd adamları…

Bu üzdən çətindir inanmaq, eləmi!? Amma yenə də inan, hər yağmurdan sonra göyqurşağı çıxar!