Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Ilham Əliyev Almaniyada kansler Merkellə görüşdükdən sonra təşkil olunan birgə brifinqdə “Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır” deyib.
Avropanın göbəyində bu cür bəyanatın necə qarşılana biləcəyini izah etməyə ehtiyac yoxdur. Gəlişmiş, demokratik toplumlarda çox yaxşı başa düşür, çox gözəl bilirlər ki, seçki olsun, yaxud sorğu, fərq etməz, açıqlanan bu cür yüksək faizlər ancaq və ancaq hər cür azadlıqların boğulduğu, normal siyasi mübarizə imkanlarının yox edildiyi, saxtakarlığın normaya çevrildiyi ölkələrə xasdır.
Inkişaf edən ölkələrin təcrübəsi də, politoloji araşdırmalar da göstərir ki, demokratiya şəraitində hətta doğrudan da əhalinin rifah səviyyəsini inanılmaz dərəcədə yüksəltmiş, ona həqiqətən xalqa misilsiz xidmətlər göstərmiş siyasi lider və ya qrup belə, mövcud elektoratın 90 faizinin birmənalı dəstəyinə ümid edə bilməz. Hansı ölkədə ədalətli, bərabər mübarizə imkanları varsa, orada belə bir faiz göstəricisi mümkünsüzdür. Əks halda belə çıxır ki, Norveç, Finlandiya, Danimarka, Isveçrə… kimi “yerüstü cənnətlərdə” hakimiyyətlər heç vaxt dəyişməməlidir? Hansı ki, biz oralarda az qala hər parlament seçkisində fərqli siyasi qüvvənin qalib gəldiyi, prezident seçkisini hər dəfə fərqli siyasi cəbhədən olan namizədin udduğu barədə oxuyuruq. Yaxşı bəs bunu indi hörmətli yapçılar görəsən nə ilə izah edirlər?
Bir daha xatırladaq: bu cür yüksək seçki və sorğu faizləri artıq dünyada üçüncü ölkələrin adları ilə assosiasiya olunur. Siz hər hansı seçkidə 80-90 faizlik “qələbə”lərə nəinki dünyanın gəlişmiş ölkələrində, heç postsovet ölkələrinin bir çoxunda – Moldovada, Ukraynada, Gürcüstanda, lap elə Ermənistanın özündə rast gələ bilməzsiniz. Bəli, bəlkə (lap bəlkəsiz də!) bu ölkələrdə də seçkilər ideal deyil, amma hər halda Azərbaycandakı kimi də – total saxtakarlıq, kütləvi repressiya, qorxutma və misli görünməmiş qeyri-bərabərlik şəraitində! – keçirilmir, ən əsası isə onlarda nə bir nəfərə məhdudiyyətsiz prezidentlik hüququ tanıyırlar, nə də qalibə 60-65 faizdən yuxarı səs yazmağı özlərinə rəva görürlər. Bilirlər ki, bu cür hallar 21-ci əsrin ruhuna yaddır, kənardan baxdıqda heç də xoş görünmür, belə ölkələr haqqında ürək açmayan təsəvvürlər, düşüncələr yaradır.
Bəli, artıq Zamanın ruhu başqadır. Ritmi, dili başqadır artıq Zamanın. Bu gün Zaman ölkələrin zopa ilə deyil, zəka ilə güclənə, qüdrət və hörmət qazana biləcəyini diqtə edir. Bu gün Zaman hər addımda bilək deyil, beyin gücünə tərəqqiyə, rifaha qovuşmağın mümkünlüyünü anladır bizə. Yalnız azadlıqların toxunulmazlığı, hüququn üstünlüyü ölkələrə sabitlik və firavanlıq, insanlara xoşbəxtlik və sevinc bəxş edə bilər.
Ona görə də YAP rejiminin hansısa beynəlxalq təşkilatın demokratiya çağırışlarına əsəbi, qəzəbli reaksimya verməsini anlamaqda şəxsən mən çətinlik çəkirəm. Belə təşkilatların anındaca “düşmən” elan edilməsi, “ermənipərəst” çıxarılması absurd görünür adama. Məsələ onda deyil ki, bu ittihamlar nə qədər doğrudur, ya da nə qədər yalandır. Bunun yeri gəlsə, heç bir mənası da yoxdur.
Çünki heç həmin təşkilatları dinləmədən də, onların çağırışları olmadan da Azərbaycanın yanlış yolla irəlilədiyini görmək mümkündür. Bunun üçün Zamanın özünü duymaq, Zamanın özünə qulaq vermək kifayətdir. Bəli, Zaman artıq o Zamandır ki, istər hakimiyyətdə olsun, istər adi həyatda, fərqi yoxdur, artıq nəinki 100, 300, 500… il əvvəlki kimi, bəzən lap 50 il öncə olduğu kimi davranmaq, düşünməyk, danışmaq da onun ruhuna, onun ritminə, onun avazına ziddir, yaddır.
Yox, əgər yapçılar hesab edirsə ki, Zaman özü də ermənipərəstdir, Azərbaycanı sevməyən qüvvədir, onun uğurlarını gözü götürmür, onda bax bu başqa məsələ, artıq mənim bu mövzuda deyiləcək heç bir sözüm qalmır.