Rusiya nəhənglərinə sarsıdıcı zərbə

Məhəmməd Talıblı: «İri şirkətlərin reytinqinin düşməsi daxildəki resursları azaldacaq, xarici investisiyaları kəsəcək»

Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar tədricən ölkə iqtisadiyyatını sıradan çıxarmaqdadır. Zaman ötdükcə sanksiyaların gücü özünü daha ağır formada göstərir.

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın 13 iri şirkətinin reytinqini dəyişib. Reytinqi aşağı salınan şirkətlər arasında “Qazprom”, “Lukoyl”, “Novatek”, “Rusiya dəmir yolları”, “Qazprom neft”, “Rostelekom”, “Suxovo sərnişin təyyarələri ”, “Tatneft” və “Uralkalium” var. “Fitch” həmçinin “Atomenerqoprom”, “Federal sərnişin şirkəti”, “Federal  VES şəbəkə sistemi” və “Qızıl qütbü” şirkətlərinin reytinqini aşağı salıb. Bu şirkətlərin reytinqi BBB səviyyəsindən BBB- səviyyəsinə endirilib, reytinqlərə görə proqnozlar isə “neqativ”dir. 

Keçmiş maliyyə naziri Aleksey Kudrin reytinqin aşağı salınmasının dövlət borclarına neqativ təsir edəcəyini deyib. Onun sözlərinə görə, Rusiyanın avroistiqrazları “zibil” kimi satılacaq.

Bəs son addım Rusiya iqtisadiyyatına necə təsir edəcək?

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, reytinqi düşən kompaniyalar sırasında xüsusilə neft-qaz şirkətlərinin üstünlük təşkil etməsi təsadüfi deyil: “Reytinq göstəricilərini müəyyənləşdirən zaman həmin şirkətlərin üstün və zəif cəhətləri bazar dəyərləri haqqında müəyyən təsəvvür formalaşdırmağa imkan verir. Ötən il Rusiyaya olan təsirlərin bazarda fəaliyyət göstərən şirkətlərin gəlirlərinə neqativ təsiri ortadadır. Amma sanksiyaların təsiri təkcə ötən illə yekunlaşmayacaq. 2015-ci ildə Rusiyada iqtisadi artım 0,8 faiz proqnozlaşdırılır. Növbəti ilə isə iqtisadi artım səviyyəsi səfər səviyyəsində də ola bilər”.

M.Talıblı vurğuladı ki, Rusiya iqtisadiyyatında ümumiləşmiş makroiqtisadi vəziyyəti xarakteriza edən ÜDM-in təsiri bazardakı vəziyyəti bundan daha çətin olacağını deməyə əsas verir: “Rusiya şirkətlərinin rəqabət imkanları aşağı düşdükcə və mənfəət normaları sıxıldıqca həmin şirkətlərin reytinq göstəriciləri də aşağı düşməkdə davam edəcək. Çünki, bu reytinq göstəriciləri iqtisadiyyatın barometridir. Bazarın infrastruktur elementləri – bank sektoru, sığorta kompaniyalarının fəaliyyəti, qiymətli kağızlar bazarı kimi mühüm sahələrdə dinamizm azalacaqsa, onda həmin sferalardan sərmayələr sürətlə azalacaq. Bu baxımdan mənim daha çox gözləntilərim ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı üçün daxildəki resurslar azalacaq, xarici investisiyalar əhəmiyyətli şəkildə kəsiləcək, şirkətlərin kapitallşam səviyyələri məhdudlaşacaq”.

M.Talıblının sözlərinə görə, əslində şirkətlər bir ölkənin iqtisadiyyatını xarakteriza edən minikomponentlər deməkdir. Bu baxımdan bazarda şirkətlərin resurslarının azalması ölkədə istehlak və investisiyanın azalması deməkdir ki, bu da iqtisadiyyatda gərginliyin artmasından qaynaqlanır.

Xəyal