Tural Abbaslı “Gənclər fraksiyası” yaradır; Məclis üzvü isə partiyada demokratik islahatlara çağırır
Müsavat Partiyasında parçalanma meylləri güclənməkdə davam edir. Partiyada yeni fraksiya yaratmağa hazırlıq gedir. Partiyanın başqanlığına keçmiş namizəd Tural Abbaslı və tərəfdarları “Gənclər fraksiyası” yaradacaqlar.
Tural Abbaslı APA-ya deyib ki, qurultaydan sonra partiyada yaranan vəziyyətlə əlaqədar fraksiya formalaşdırılması üçün təşəbbüs qrupunun yaradılmasına qərar verilmişdi. Əvvəl bunu partiya başqanlığına daha bir keçmiş namizəd Qubad İbadoğlu və onun tərəfdarları ilə birgə etmək niyyətində olublar, lakin sonradan ikincilər planlarını dəyişiblər. “Məqsəd o idi ki, partiyada təkhakimiyyətlilik olmasın, demokratik və diskussiya mühiti yaransın. Qubad İbadoğlunun tərəfdarları ilə bir yerdə bu addımı atmaq niyyətində idik və xeyli iş də görüldü. Təəssüf ki, sonradan Qubad İbadoğlu və tərəfdarları fraksiyadan daha çox hansısa hərəkatın yaradılmasına meylləndilər. Onlar Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaradıblar, indi də onun rayonlarda təşəbbüs qruplarını formalaşdırırlar. Bu, partiyada narazılar arasında qeyri-müəyyənlik mühiti yaratdı. Bu, əslində partiyadan kənarda fəaliyyətdir, biz isə daxildəki mühitin yaxşılaşdırılması və partiyanın güclənməsi nəticəsində güclü bir partiya şəklində hakimiyyətlə mübarizə aparmağın tərəfdarıyıq. Ona görə də biz bir müddət gözlədik ki, bu qeyri-müəyyənlik aradan qalxsın. Ancaq belə getsə, qeyri-müəyyənliyin aradan qalxması çox vaxt aparacaq və partiya daxilindəki demokratiya tamamilə məhv olacaq, narazılar tamamilə istefa verib gedəcəklər və insanlar passiv vəziyyətə düşəcəklər. Belə bir mühitin yaranmaması üçün yaxın vaxtlarda mən və tərəfdarlarım Qubad İbadoğlunun tərəfdarları olmadan da fraksiya formalaşdırmağa məcbur olacağıq”.
T.Abbaslı bildirib ki, böyük ehtimalla fraksiyada əsasən gənclər təmsil olunacaq: “Elə adını da böyük ehtimalla “Gənclər fraksiyası” elan edəcəyik. Yaxın vaxtlarda bu addımı atmaq fikrindəyik. Hələ ki, bu məsələ diskussiya mərhələsindədir. Bir məqamı da qeyd edim ki, söhbət burada tək məni dəstəkləmiş gənclərdən getmir. İstənilən partiya üzvü bu fraksiyada təmsil oluna bilər, könüllülük prinsipi əsasdır”.
Qubad İbadoğlu isə APA-ya bildirib ki, o və tərəfdarları partiya daxilində fraksiya yaradılması prosesində iştirak etməyəcək. Hazırda onun və tərəfdarlarının iki əsas hədəfi var: “Bu hədəflərə birincisi, partiyadan kənar ADR formalaşdırılması və onun tezliklə təsis yığıncağının keçirilməsi, ikincisi, Müsavat daxilində tərəfdarlarımızın dəstəyi ilə partiyanın növbəti qurultayının keçirilməsi daxildir. Mən Tural Abbaslıya uğurlar arzulayıram. Fraksiya da uyğun formatlardan biridir və düşünürəm ki, bu sahədə fəaliyyəti, qarşıya qoyduğu hədəflər partiyanın maraqlarına xidmət edəcək”.

Bu arada daxili narazılıqdan doğan daha bir təşəbbüs partiyanın Məclis üzvü Sabir Məmmədlidən gəlib. S.Məmmədli APA-ya bildirib ki, Müsavatda demokratik prinsipləri qorumağa ehtiyac var. Partiyada “Demokratik İslahatlar Mərkəzi”nin yaradılması buna böyük töhfə verə bilər. “Biz bu barədə təkliflərimizi səsləndirmişik, ancaq təəssüflər olsun ki, müzakirə olunmayıb. Ona görə də təkliflərimizi sənədləşmiş formada irəli sürməyi düşünürük”.


