Hakimiyyətin daha bir arqumenti ifşa olundu

Azərbaycana qarşı qərəzli mövqedə ittiham edilən təşkilat  Barak Obamanı da tənqid atəşinə tutdu

Hakimiyyət təmsilçiləri bütün dövrlərdə Azərbaycanla bağlı tənqidi hesabatlar yayan təşkilatları “qara siyahı”ya salıb, demokratiya tələb edən ölkələri ikili standartlarda ittiham edib, hakimiyyətin qanunsuz addımlarını icitmailəşdirən beynəlxaq ekspertləri erməni lobbisi ilə əməkdaşlıqda suçlayıb.

Son dövrlər isə Qərbdən demokratiya və insan haqları tələbi sərtləşdiyinə görə, hakimiyyət bütün resurslarını ABŞ və Avropanın tənqidi üçün istifadə edir.  

Amma son günlər baş verən bir hadisə hakimiyyətin ənənəvi arqumentini ifşa etdi. Belə ki, Azərbaycan hakimiyyətinin  zaman-zaman ağır ittihamlarla təqdim etdiyi, erməni lobbisi ilə iş birliyində suçladığı, qərəzli adlandırdığı “Amnesty Internastional” təşkilatı bugünlərdə ABŞ prezidenti Barak Obamanı hədəf seçdi və kəskin tənqidlərə məruz qoydu. Obamanı tənqid atəşinə tutan təşkilat, Quantanamo həbsxanasının bağlanmasının insan haqları sahəsində mühüm faktor olmasının 11 səbəbini açıqlayıb. Ardınca, Obamanın verdiyi vədlərə əməl etmədiyi, düzgün addımlar atmadığı vurğulanır və bu haqda geniş şərh verilir.  

Bəli, bugünlərdə Azərbaycan hakimiyyətinin düşmən elan etdiyi, ikiüzlü adlandırdığı Obamanı, hakimiyyətin yenə də düşmənləri siyahısında olan “Amnesty International” təşkilatı kəskin tənqid etdi. 

Bu məqam bir neçə mətləblərə aydınlıq gətirir. “Amnesty International” ermənipərəst, Azərbaycana qarşı qərəzlidirsə, niyə Obamanı da hədəf seçib? Axı, hakimiyyətin “analiz”inə görə Obama da erməni lobbisinə işləyir? Belə çıxır ki, ermənipərəst qüvvələr bir-biri ilə vuruşur?

Ümumiyyətlə, hakimiyyətin qənaəti bunu deməyə əsas verir ki, bütün dünyanı ermənilər idarə edir. ABŞ boyda nəhəngi də,  beynəlxalq təşkilatları da təlimatlandıran Ermənistandı. Təbii ki, bundan böyük absurd ola bilməz. 

Amma reallıq onu göstərdi ki, hansısa təşkilatın Azərbaycandakı korrupsiyanı, siyasi məhbus problemini, insan haqlarının pozulmasını hesabata salması, Azərbaycana qərəzin göstəricisi deyil. Sadəcə olaraq bu təşkilatların iş prinsipi bundan ibarətdir. Son hesabat da göstərdi ki, Barak Obamanı Ilham Əliyevdən sərt tənqid ediblər.

Ümumiyyətlə, bu təşkilatların Azərbaycana qarşı qərəzli olmasının hansısa bir əsası da yoxdur. Əksinə, ermənipərəst, qərəzli təşkilat Azərbaycanda demokratiyanın olmasını, insan haqlarının təmin edilməsini istəməz.

Bir sözlə, hakimiyyətin “qara siyahı”sına düşmüş təşkilatların fəaliyyət dairəsi sübut etdi ki, hakimiyyət sadəcə olaraq tənqidə dözümsüz, həqiqətlərə qapalıdır. Onu da qeyd etmək lazımdır ki, bu təşkilatın Obamanı tənqid edən hesabatını hökumət mediası da tirajlayıb. Azərbaycanla bağlı tənqidi hesabat yayanda “bunlar mötəbər təşkilat deyil” söyləyənlər, indi bu təşkilatın hesabatı əsasında ABŞ-a qiymət verməyə başlayıblar. 

Akif