İşdə məhəbbət macərası

Başqaları üçün romantik mövzu bizdə niyə faciədir?

Məqsədim heç də sizi yaxın və nostalji bir keçmişə aparmaq, məhşur sovet rejissoru Eldar Ryazanovun eyniadlı məhşur filmi haqqında danışmaq deyil. Əksinə, mənə elə gəlir ki, Eldar Ryazanov filmdə məhəbbətdən çox sovet rejiminin axmaq qurumlarından olan statistika və onun lazımsızlığını qabartmağa çalışıb. Belə ki, filmdə sevgi və intim səhnələr həddindən artıq bayağıdır. Əvəzində statistika ələ salınır.

Əgər Eldar Ryazanova imkan verilsəydi, o yəqin ki, mövzu ilə əlaqədar başqa süjet xətti seçərdi, məsələn, müdir-katibə, nazir-referent, birinci katib-deputat xanım, təyyarəçi-stüardessa, qatar rəisi-bələdçi və s.

Azərbaycan reallığına keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, sovet dövründə vəziyyət tamamilə fərqli idi, yəni məhəbbət bir yana, hər kəs öz işini bacarırdı. Katibə müdirin sevgi etirafına qədər də bu işdə çalışırdı, stüardessa və qatar bələdçisi də həmçinin…

Çox güman ki, elə məhəbbət macərası da həmin qadınların öz işini gözəl bacarmasından qaynaqlanır və müdir də onlara qarşı fərqli hisslər bəsləməyə başlayırmış. Ən azı bu variant istisna deyil… Nə isə, gələk Azərbaycana…

Tez-tez televiziyada və mətbuatda cazibədar, eyni zamanda müəyyən ictimai statusu olan, vəzifədə çalışan bir çox xanımların naşı, savadsız çıxışlarına rast gəlirik. Onların tutduqları postlar müxtəlifdir. Məktəb direktoru, ali məktəblərdə kafedra müdiri, hüquq mühafizə işçisi, idarə müdiri və… yəqin ki, təəccüblənməyəcəksiniz, Milli Məclisin deputatı…

Mən televiziya aparıcıları və adını müğənni qoyan zərif cinsin saysız-hesabsız nümayəndələrini buraya aid etmirəm. Bu təbii fəlakət kimi bir şeydir. Bu yaxınlarda Arif adlı özünü bəstəkar, müğənni, klipmeyker, nəhayət… nağaraçı kimi təqdim edən birisi televiziyadan bəyan etdi ki, ən bahalı mahnımı və ona klipi… bir bank işçisi ilə isti münasibətləri olan bir qız üçün çəkmişdim, amma efir üzü görmədi. Sən demə, bankda çalışanla qızın münasibətləri son anda pozulubmuş. Gerisini və yüksək bank faizləri haqda özünüz düşünün… 

Bu gün Azərbaycanın sadə vətəndaşları “işdə məhəbbət macərası”nın ağır bədəlini həyatımızın hər sahəsində ödəyirlər. Səhiyyə və təhsildə isə vəziyyət daha dözülməzdir. Iri məmurla isti münasibətlərinə görə məktəb direktoru gələcək nəslin təlim-tərbiyəsində hansı rol oynaya bilər, onlara hansı nümunə göstərə bilər. Bugünkü məktəb direktorunun imicinə bir məşuqə əlavəsi, razılaşın ki, fəlakətdir. Heç olmasa kişi direktorları yerində olsaydı, nə var idi ki…

Bu günlərdə Hövsandakı orta məktəbdə baş verənlərdən yəqin ki, xəbəriniz var. Direktor şagirdlərə “atanız evdə olmayanda onu başqa kişi əvəz edirmi?” deyə sual verir. Təsəvvür edəndə ki, bu əxlaqsız illərlə direktor olaraq çalışıb, adamı dəhşət bürüyür. Fikrimcə, müəllimlərin  valideynlərdən pul yığması daha böyük əxlaqsızlıqdır. 

Valideynlərdən pul yığmayan məktəbin mövcudluğu yadplanetlilərin varlığından da şübhəli məsələdir. Nə isə mövzudan yayınmayaq…

Məsələnin ən ağrılı tərəfi isə, bu cür qadınları saxlayan məmurların özlərinin yerində olmamasıdır. Xirtdəyəcən rüşvətə, əxlaqsızlığa bulaşmış məmurlar azmış kimi, məşuqələrini Azərbaycanın gələcəyi üçün vacib olan postlarda oturdurlar. Bəzən ortada isti münasibət olmur, sadəcə birləşib pul qazanırlar. Təkrar edirəm, ən acınacaqlı hal ondadır ki, təhsil və səhiyyə bunların başında gəlir. 

Azərbaycanda uşaq, həm də insan ölümünün artmasında, eləcə də savadsızlığın baş alıb getməsində bu faktorun böyük rolu var. Sadəcə bir misal çəkim. Bakıdakı bir xəstəxananın şöbə müdiri bütün xəstə körpələri etibarını qazanmış savadsız bir həkimə həvalə edir. Bir neçə gündən sonra şöbənin digər həkimlərı yığışaraq vəziyyəti ağırlaşmış uşağı xilas etməyə (!) çalışırlar. Bu hal illərdir(!) davam edir. Şöbə müdirinə və həkimə gözün üstə qaşın var deyən yoxdur. Bilirsiniz niyə? Çünki, yuxarıya çatacaq vəsait vaxtlı-vaxtında, özü də artıqlaması ilə ödənilir. Bu, Azərbaycan səhiyyəsində əlahiddə hal olsaydı, bəlkə də üzərinə gedib, nəsə etmək olardı. Təəssüf ki, belə deyil.

Işdə məhəbbət macərası həqiqətən romantik mövzudur. Amma buna Azərbaycanda müraciət edilsə, razılaşın ki, faciə, dram alınacaq. Nəinki Eldar Ryazanov, hətta Fredriko Fellini  qəbirdən xortlayıb gəlsə belə…