Sabunçu polisi vətəndaşın şikayətini niyə araşdırmır?

Döyülərək xəsarət alan Xətai sakini Ramil Usubova müraciət etdi
 

Xətai rayon sakini Elvin Əliyev daxili işlər naziri Ramil Usubova müraciət edib. Elvin Əliyevin müraciətin bir surətini də "Azadlıq"a gönldərib. Şikayətçi bildirir ki, 2014-cü il oktyabrın 10-da naməlum şəxslər tərəfindən döyülüb. Hadisə Xətai rayonu, Sadıqcan küçəsində baş verib. Elvin Əliyev döyüləndən sonra DİH-in 102 xidmətinə müraciət edib: "Polislər birinci zəngimə gəlməsələr də, ikinci zəngə gəldilər. aldığım zərbələrdən ayağa dura bilmirdim. Qolumda da kəskin ağrı var idi. Polislər məni 7 saylı təcili tibbi yardım xəstəxanasına apardılar. Burada olakən Sabuçu polis İdarəsinin 36-cı polis bölməsinin təhqiqatçısı, mayor Vüsal müəllim ora gəldi. Hadisə ilə bağlı suallarını verdi və məndən səhəri gün 36-cı bölməyə gəlməyimi tələb etdi. Bundan sonra təcili tibbi yardım maşını ilə məni Sabunçu rayonunda fəaliyyət göstərən 3 saylı xəstəxanaya apardılar. Müayinə nəticəsində bəlli oldu ki, qolum sınıb. Qolum gips qoyaraq məni evə göndərdilər. Oktyabrın 11-i 36-cı bölməyə getdim. Vüsal müəllim hadisə ilə bağlı müxtəlif suallar ünvanladı. Mən də hadisəni olduğu kimi danışdım. Tanımadığım şəxslərin heç bir əsas olmadan mənə hücum çəkərək döydüklərini dedim. Vüsal müəllim məni ekspertizaya göndərdi. Ekspert rəyində göstərilirdi ki, az ağır xəsarət almışam. Məndən izahat alındı, ekspert rəyi, həkimlərin verdiyi arayış da materiala əlavə olundu".
Elvin Əliyev deyir ki, bundan sonra təhqiqatçı onun döyənlərdən birinin kimliyini və yaşadığı ünvanı müəyyən edib: "Məlum oldu ki, Rəsul adlı bu şəxs 11 saylı marşrutda sürücü işləyir. Lakin maraqlıdır ki, hər şey ortada olduğu halda heç bir tədbir görülmədi. Artıq 4 aya yaxındır ki, bu işdə hər hansı irəliləyiş yoxdur. Cənab nazir, sizdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız. Bu işin sona qədər araşdırılmasını tələb edirəm. Mən bu hadisəyə görə 4 aydır ki, işləmirəm. Aldığım xəsarətlər üzündən səhhətində problemlər yaranıb".