Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Gəlin əvvəlcə bu adi həqiqətlə razılaşaq ki, biz hər vəchlə öz keçmişi ilə üzləşməkdən qaçan, onu bütün yönləri ilə görüb qiymətləndirməkdən qorxan, çəkinən, bunu xəyanət, satqınlıq kimi görən xalqlar sırasına daxilik. Bu, formalaşmamış, gəlişməmiş hər bir xalq üçün xarakterikdir. Belə xalqlar üçün tarixlə miflər arasında heç bir cizgi yoxdur. Belə xalqlar keçmişlərini obyektiv bir gözlə görmək və ağıllı başla dəyərləndirmək yerinə onu müqəddəsləşdirməyi və toxunulumaz elan etməyi üstün tuturlar. Modernləşməməyin, bu günü ilə fəxr etməməyin və gələcəyə ümidsiz baxmağın yaratdığı yarımçıqlıq kompleksi bizim kimi xalqları ancaq keçmişə sığınmağa, yalnız keçmişlə qurdalanmağa, yalnız keçmişlə qürurlanmağa məcbur edir.
Müasir insan məskəninə çevrilməyi bacarmayan istənilən ölkədə adamların öz vətənlərinin qədim insan məskəni olmasından fəxrlə, fərəhlə danışdığını görəcəksiniz. Yaxud, bəşəri dəyərlərdən gen düşən ölkələrdə həmişə qədim adət-ənənələrlə öyünməyi sevirlər. Qınamalı deyil. Başqa nə etməlidirlər? Özlərini və ölkələrini maraqlı etmək üçün başqa yol varmı?
Ona görə də Azərbaycan kimi ölkələrdə tarixin müzakirəsi qaçılmazdır. Tarixi olayların və şəxsiyyətlərin diskussiya mövzusuna çevrilməsi, polemika masasına cəlb edilməsi mütləqdir. Inkişafın, xalq olaraq gəlişməyin başqa yolu da yoxdur. Tərəqqi həm də keçmişin təftişindən keçir.
Son vaxtlar tez-tez rastlaşdığımız “tarix mübahisələrini” isə məhz belə bir sağlam təftiş müstəvisində qiymətləndirmək çətindir. Həmin “mübahisələr”i adətən ölkənin indisi, hazırkı ağır, məşəqqətli dövrü ilə bağlı heç bir sağlam, dürüst mövqeyi, münasibəti olmayan adamlar yaradırlar. Indi haqqında danışmaq cəsarəti olmayanlar keçmiş haqqında müzakirələrlə baş girləyirlər. Nə etməli, indi bir JEK müdirini, ya da hansısa icra başçısını tənqid etmək Babəki yıxıb-sürüməkdən qat-qat təhlükəlidir. Babəkdən danışanda adamın biznesinə, deputat mandatına, prezident təqaüdünə, oliqarxlardan aldığı maaşa, qonorara heç bir təhlükə yaranmır.
Bir daha yazmaqda fayda var: gələcəyin binasını düzgün, möhkəm təməllər üzərində atmağın bir yolu da öz tarixi ilə üzləşə və hesablaşa bilməkdən keçir. Amma bu günə ayıq gözlə baxa bilməyənlərdən keçmiş və gələcək haqqında hansı sağlam fikir və əməl gözləyə bilərik? Bu günü yalana təslim edib, bu günün yalana təslim olmasında iştirak edib keçmişdə doğrular axtarmaq necə də riyakar görünür! Özün bu gün saxta deputat olmağa razılaşırsan, amma tarixdən kimisə saxta qəhrəman çıxarırsan. Iyrənc deyilmi?
Keçmiş ancaq bir halda müzakirə, mübahisə, təftiş mövzusu ola bilər – əgər o doğrudan da keçibsə! Əgər o doğrudan da keçmişdirsə, tarixdirsə, dünəndə, srağagündə qalıbsa!
Çünki keçmişi yaxşıları-pisləri, düzləri-əyriləri ilə görmək üçün ona məhz bu gündən baxış lazımdır. Bəs hanı həmin o BU GÜN? Azərbaycanda BU GÜN varmı ki, oradan dayanıb keçmişə açıq gözlə, ayıq başla baxa bilək?
Biz hər addımda keçmişin nəfəsinin hiss olunduğu, hər addımda keçmişin izlərinin gözə dəydiyi bir ölkənin sakinləriyik. Bu gündən məhrum, gələcəkdən isə ümidsiz ölkədə yaşayırıq. Bir növ biz də elə keçməyən keçmişin sakinləriyik.
Və lütfən inciməyin, keçmişdə yaşaya-yaşaya keçmiş haqqında istənilən cür – tərif və ya təftiş ruhunda, yaxşı və ya pis, düz və ya əyri! – danışmaq çox gülməli görünür.
Çalışın, özünüzü bundan artıq güldürməyin!