İsmayıllı sakini, birinci qrup Qarabağ əlili dövlət başçısından ədalət gözləyir
İsmayıllı rayonu Lahıc qəsəbəsi, Ərəgit kənd sakini, birinci qrup Qarabağ əlili Nasur Məmmədov qəzetimizə müraciət edərək ona qarşı edilən ədalətsizlikdən şikayətçi olduğunu bildirdi.
“Mən 1970-ci il təvəllüdlüyəm. Iki il Sovet ordusunda hərbi xidmətdə olmuşam. Xocalı soyqırımından sonra könüllü olaraq Qarabağ döyüşlərinə qatıldım. Döyüşlərin birində 8 güllə yarası ilə ağır yaralandım. Hazırda birinci qrup Qarabağ əliliyəm. 2007-ci ildə 4 övladım olmasına baxmayaraq, yaşadığım ünvanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları mənə həyət evi tikərkən bunu nəzərə almadılar. Çünki 4 övladı olan Qarabağ əlilinə 4 otaqlı mənzil tikilməlidir. Onlar isə 2 otaqlı, heç bir şəraiti olmayan keyfiyyətsiz bina tikib getdilər. Layihədə nəzərdə tutulsa da, tikintini aparan şirkət əməkdaşları istilik, su, kanalizasiya sistemi, ayaqyolu və s. zəruri işləri görmədilər. Ev üçün 62 000 manat pul ayrılsa da, ancaq təxminən 17-18 min manat sərf edildi.
Həmin dönəmdə xeyli təşkilatlara, yerli icra nümayəndəliyinin sədri Fikrət Haqverdiyevə müraciət edib tədbir görməsini xahiş etdim. Heç bir tədbir görülmədi. Əksinə, Fikrət Haqverdiyev şirkət əməkdaşları ilə anlaşdı, evim üçün ayrılmış vəsaitdən ona da pay ayırdılar. Fikrət müəllim iş icraçıları ilə o dərəcədə yaxınlaşdı ki, hazırda Bakı şəhərində yaşayan qızını həmin nazirlikdə işə də düzəldə bildi.
Evdəki əyər-əskiyi borc-xərc ilə özüm təmir elətdirmişəm. 7 ildir bütün dövlət orqanlarına yazılı şikayətlər edirəm. Bir neçə dəfə prezidentə, xanımına müraciət eləmişəm. Baş prokuror Ismayıllıya qəbula gələndə görüşüb problemimi bildirmişəm, nazir Səlim Müslümovun qəbulunda olmuşam, heç bir tədbir görən yoxdur. Axırıncı dəfə Səlim Müslümovun müavini Natiq Əzizov məni ağır sözlərlə təhqir etdi. Mən həmin an bu ölkənin vətəndaşı olmağıma, əlil olmağıma görə özümə nifrət etdim. Bəyəm biz Ermənistan tərəfdən ölkəmizə qarşı vuruşmuşuq? Yoxsa Erməniyə güllə atmağımıza görə bizi cəzalandırırlar? Tarix boyu vətən torpaq uğrunda vuruşmaq hamıya qürur verib. Bütün dövrlərdə dövlətlər öz vətən qazisinə, müharibə veteranına yüksək diqqət və qayğı göstərib, onlara ağrı-acılarını unutdurub. Dövlətimizi idarə edənlər isə əksinə, bizlərlə xalq düşməni kimi rəftar edir. Erməniyə güllə atdığımıza görə bizi xalq düşməni elan eləsələr, heç təəccüblənmərəm. Vaxtilə müharibədən yayınanlar, fərarilər bu gün ölkənin ən zəngin adamlarına çevrilib. Budur Azərbaycan həqiqəti.
Təsəvvür edin ki, bu gün ölkədə Qarabağ əlillərinə, veteranlarına bütün teleməkanlar, söz demək üçün tribunalar qapadılıb. Mənim ayağımda iki yerdən qış aylarında çirk axır. Bura zəhərli güllələr dəyib. Məmurlar ildə ehtiyac oldu olmadı istirahətə, sanatoriyalara gedirlər. Olmaz ki, məni də ildə bir dəfə müalicəyə göndərsinlər?
Prezidentə müraciət edirəm. Cənab prezident, siz and içəndə əlinizi müqəddəs Qurana basıb dediniz ki, mən hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam. Mən müstəqil, suveren Azərbaycan dövlətinin yaranması və güclənməsi üçün bədənimdə 8 zəhərli güllə yarası gəzdirirəm. Ailəmlə 3 dəfə prezident seçilməyiniz üçün sizə səs vermişik. Onda belə çıxır ki, səhv edib sizə səs vermişik? Cənab prezident, niyə vətən qazilərinə qarşı bu haqsızlıqlara, ədalətsizliklərə göz yumursunuz? Niyə andınıza sadiq çıxmırsınız? Bu suallara cavabı özünüz fikirləşin. Ümidvaram ki, bu ədalətsizliyə münasibət bildirəcəksiniz”.


