Vətəndaşı şərləmək nə vaxtdan dövlətin marağı hesab edilir?
Hakimiyyətin Qərbə qarşı aqressiv reaksiyası davam edir və bütün vasitələrlə sübut etməyə çalışırlar ki, Qərbin tələbləri Azərbaycanın müstəqilliyinə, dövlət maraqlarına təhdid törədir.
Bir neçə gün öncə PA rəsmisi Novruz Məmmədov müsahibəsində açıq şəkildə bildirdi ki, Qərb bizi olduğumuz kimi qəbul etməlidir və bizim maraqlarımıza hörmətlə yanaşmalıdır: “Biz bütün dövlətlərin maraqlarına hörmət edirik və bütün dövlətlərdən də tələbimiz ondan ibarətdir ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Yəni bu əlaqələr qarşılıqlı surətdə faydalı olmazsa, qarşılıqlı hörmət üzərində qurulmazsa, onda nəticə indiki vəziyyətə gətirib çıxaracaq. Bizim bütün dövlətlərlə ilk illərdən qurduğumuz əməkdaşlığı davam etdirmək üçün qapılarımız açıqdır. Sadəcə olaraq, böyük dövlətlərdə belə bir iddia yaranıb ki, ”mən nə dedimsə, beynəlxalq hüquq da bu olmalıdır. Biz öz yolumuza sadiqik, gedirik. Bunu necə başa düşüb qiymətləndirirlərsə, eyni münasibəti də görürlər” deyə Novruz Məmmədov bildirir.
Bu fikirlərdən aydın görünür ki, hakimiyyət öz antidemokratik siyasətini davam etdirməkdə israrlıdır və Qərbi də bununla barışmağa dəvət edir. Yəni açıq mesaj verirlər ki, demokratiyadan başqa nə istəsəniz, həmişəki kimi verməyə hazırıq.
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da mətbuata açıqlamasında Novruz Məmmədovun fikirlərini təkrarlayıb və milli maraqların öndə olduğunu vurğulayıb: “Dünyanın bəlkə də ən aparıcı ölkəsi olan ABŞ-ı nəzərdə tutaraq deyirik ki, Azərbaycan artıq 15 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan qüdrətli, güclü və ən əsası, millətin maraqlarını yüksək səviyyədə həyata keçirən dövlətdir. Azərbaycan hansısa ölkələrin maraqlarını ödəmək yox, hər şeydən əvvəl öz xalqının maraqlarını ödəməyi əsas götürür. Hansısa ölkə Azərbaycanda öz maraqlarını xalqdan üstün tutaraq tətbiq etmək istəyəcəksə, bu mümkün olmayacaq. Bunu birdəfəlik dərk etmək lazımdır. Bizim yeganə tələbimiz odur ki, əməkdaşlıqda Azərbaycanın da maraqları nəzərə alınsın. Azərbaycanla hesablaşmaq lazımdır”.
Göründüyü kimi, Qərbin bütün tələblərinə “bizim üçün milli maraqlar önəmlidir” cavabı verilir. Bəs, Qərbin milli maraqları təhdid edən tələbləri nədən ibarətdir?
Əgər ABŞ Azərbaycandan pulsuz neft və qaz tələb etsəydi, ölkənin bir hissəsinin ABŞ-ın nəzarətinə verilməsini istəsəydi, Qarabağı Ermənistanın ərazisi kimi tanısaydı, ölkədə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsinə çalışsaydı Azərbaycan hakimiyyətinin “milli maraq” davasını başa düşərdik.
Indiki reallıqda isə Azərbaycan əlverişli şərtlər daxilində neft və qazını Qərbə satır, bugünə qədər antiterror əməliyyatlarında NATO ilə birlikdə əməkdaşlıq edib, Qərblə investisiya layihələrinə imza atıb və s. Yəni milli maraqlar baxımından önəmli məsələlərdə Qərblə razılaşma əldə olunub.
O zaman sual ortaya çıxır? Qərb indi Azərbaycanın hansı milli maraqlarına zidd tələblər irəli sürür?
Bugün Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etmək, insan hüquqlarına hörmətlə yanaşmaq, korrupsiyaya qarşı mübarizə aparmaq, mətbuat azadlığını təmin etmək tələb olunur.
Əgər korrupsiyaya son qoymaq tələbi milli maraqlara ziddirsə, hakimiyyət özü niyə korrupsiyaya qarşı mübarizə idarəsi yaradıb? Yaxud, korrupsiyaya qarşı mübarizə idarəsi yaradıb, eyni zamanda korrupsiya faktlarını ortaya çıxaran jurnalisti həbs etməyin məntiqi nədir? Real vəziyyət onu göstərir ki, hakimiyyətin “milli maraq” adlandırdığı amillərdən biri korrupsiyadır.
Hakimiyətin digər “milli maraq”ı siyasi məhbuslardı. Deməli, şərlənərək həbs olunmuş insanları azad etmək milli maraqlara ziddir. Belə çıxır ki, vicdanlı hüquqşünası cinayətkar kimi qələmə vermək milli maraqlara hörmətdir. Intiqam Əliyev yüzlərlə vətəndaşın hüququnu qoruduğuna, ölkədəki ədalətsiz məhkəmə hökmlərini ifşa etdiyinə görə həbs olunub. Belə çıxır ki, vətəndaşın hüququnun bərpa olunması, dövlətin maraqlarına ziddir. Yəni, hökumətimiz hikkə ilə “milli maraq” deyəndə, həm də qondarma həbsləri nəzərdə tutur.
Səməd Seyidovun, Novruz Məmmədovun “Azərbaycana hörmət etməlidilər” ifadələrinin arxasında, “jurnalistin həbsinə, azad mətbuatın boğulmasına, fərqli fikrin sıradan çıxarılmasına göz yummalıdılar” reallığı dayanır. Deməli, Qərb dünyası tənqidçi jurnalsitlərin döyülməsinə, öldürülməsinə, həbs olunmasına etiraz edəndə, ölkə milli maraqlarına zərbə vururlar.
Müxtəsər, bu ölkədə nə qədər neqativ hallar baş verirsə, hakimiyyət hansı qeyri-qanuni addımları atırsa, hökumətimizin nəzərində bu, “milli maraq” kateqoriyasındadır.
Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi, bugün Azərbaycandan tələb olunanlar milli maraqlara zidd ola bilməz. Əksinə, hakimiyyətin bugün bütün dünyaya aqressiv münasibəti şəxsi maraqlara görədir. Sadəcə olaraq hökumət şəxsi maraqları milli maraqlar kimi təqdim etməyə çalışır və daxili auditoriyanı bu təqdimatla çaşdırır.
Akif


