ABŞ Dövlət Departamentinin maliyyə şəffaflığı üzrə hesabatında Azərbaycan hökuməti ifşa olunub
Nemət Əliyev: «Korrupsiya, monopoliya olan yerdə maliyyə şəffaflığından, ölkənin inkişafından danışmağa dəyməz»
ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan maliyyə şəffaflığı üzrə minimal tələblərə cavab verməyən ölkələr sırasına daxil edilib. Hesabatda bildirilir ki, Azərbaycan son illər ərzində təbii ehtiyatların satışı nəticəsində böyük vəsaitlər əldə edib.
Bu vəsaitlər Azərbaycana ölkənin qarşısında duran problemləri həll etməyə ciddi kömək olardı. Lakin maliyyə vəsaitlərinin idarə olunması sahəsində şəffaflığın minimal kriteriyalara belə cavab verməməsi göz qabağındadır: “Təbii resursların hasil edilməsilə bağlı lisenziyaların verilməsini müəyyən edən kriteriyalar elan edilmir. Bundan başqa, hökumətlə əsas dövlət müəssisələri arasında maliyyə münasibətləri barədə məlumat olduqca azdır”.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bu cür hesabatlar Azərbaycan hökumətini, maliyyə vəsaitlərinin xərclənməsinə məsul olanları ifşa edir. Ekspert qeyd edir ki, rüşvət alınmasa, korrupsiya, monopoliya olmasaydı, ölkəmizdə sahibkarlıq normal şəkildə inkişaf edə bilərdi, qabiliyyət-bacarığı olan hər kəs önə çıxmaq imkanı qazanardı. Belə olan halda, biznes və siyasi fəaliyyət sahəsində hazırda mövcud olan xeyli problemlər aradan qalxardı: “Lakin onlar kreslodan bərk yapışaraq, qeyri-konstitusion, qeyri-qanuni fəaliyyətdən istifadə etməklə mövqelərini möhkəmləndirirlər. Qeyri-qanuni fəaliyyətlə məşğul olanlar bu işə son qoysa, öz vəzifələrində qəti şəkildə qala bilməzlər. Normal dövlət, siyasi-iqtisadi sistem qurmaq lazımdır ki, Azərbaycan dünya ölkələri sırasında özünə layiq olan yeri tuta bilsin. Normal siyasi iradə ortaya qoyulsa, bütün neqativlərin aradan qaldırılması istiqamətində böyük dəyişikliklər baş verə bilər. Beynəlxalq hesabatların hamısında ölkəmiz arzuolunmaz yerlərdə qərarlaşır. Şəffaflıq təşkilatları ölkəmizi cəngəllik qanunlarıyla işləyən ölkələrlə eyni sıraya qoyur. Hökumət, siyasi rejimin başında duran insanlar isə bu istiqamətdə iş görmək istəmir. Hakimiyyət nümayəndələrinin adlarının maliyyə maxinasiyalarında hallandırılması bundan sonra da davam edəcəksə, belə fəaliyyətlə ölkənin iqtisadi inkişafında irəliləyiş gözləmək sadəlövhlükdür. Korrupsiya, monopoliya olan yerdə maliyyə şəffaflığından, ölkənin inkişafından danışmağa dəyməz”.
Nigar



