Hüquqşünas generalı teledebata çağırdı

Müzəffər Baxışov: “Hüseyn Əlixanovun bilik səviyyəsi sıfırdır. Onun yalan danışdığını isbatlamağa hazıram”

Penitensiar Xidmətin rəis müavini general Hüseyn Əlixanov hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraitindən danışarkən Azərbaycan həbsxanalarında vəziyyətin ideal səviyyədə olduğunu bildirib. General bildirib ki, “mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər”.

Maraqlıdır, doğrudanmı Azərbaycan həbsxanalarında vəziyyət o qədər yaxşıdır ki, bu, azadlığa çıxan məhkumları yenidən həbsxanaya qayıtmağa həvəsləndirə bilər?

Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov H.Əlixanovun fikirlərin həqiqətdən uzaq olduğunu vurğuladı:

“H.Əlixanov çox məsuliyyətsiz bəyanat verir. Vəzifəsini qorumaq üçün bu cür əsassız açıqlamalar səsləndirir. Azərbaycan həbsxanalarındakı vəziyyət bütün xalqa və dünya ictimaiyyətinə bəllidir. Məhbusları hansı vəziyyətdə, hansı təzyiq altında saxladıqları hamıya məlumdur. Bunun ən bariz nümulərindən biri də 14 saylı cəzaəkmə müəssisəsində Elşad Babayevin öldürülməsi faktıdır. Azərbaycan həbsxanalarında hər şey korrupsiya ilə tənzimlənir. Hətta məhbuslar hamamda çimmək, bərbərxanaya getmək üçün pul vermək məcburiyyətində qalırlar. Azərbaycan həbsxanalarında fəaliyyət göstərən mağazalarda məhsullar məhbuslara 3-5 dəfə baha qiymətinə satılır. Məhbuslar hətta hava almaq üçün belə penitensiar xidmətin əməkdaşlarına pul ödəyirlər. Bunu H.Əlixanova teledebatda sübut etməyə hazıram. Həbsxana qapalı müəssisə olsa da sadaladığım falktları isbat edə bilərəm. Yaxın günlərdə cəzaçəkmə müəssisəsindən buraxılmış Qurban bəyin fikirlərini oxuyanda adam dəhşətə gəlir. Adam düşünür ki, özünü hüquq dövləti elan edən bir ölkənin həbsxanalarında insanlaırn başına necə müsibətlər gətirilir. H.Əlixanovun dedikləri tamamilə yalandır. Azərbaycan həbsxanalarınkı vəziyyət dünyanın ən geridə qalmış ölkələrindən, Nigeriya həbsxanalarından belə bərbad vəziyyətdədir. H.Əlixanov və onun kimilər sadəcə öz vəzifələri xatirinə bu cür açıqlamalar verirlər. Əslində o, daşıdığı vəzifəsinə layiq adam deyil. Onun bilik səviyyəsi sıfırdır. Onlar əsassız açıqlamalarla sadəcə “yuxarılara” yarınırlar”.