Gömrük işçiləri şokda

«Zərf»lər ləğv olunur?! 

Dövlət Gömrük Komitəsində işçilərə qeyri-rəsmi şəkildə (“zərf”lərdə) təqdim edilən əmək haqlarının verilməsi gecikdirilir. Işçilər arasında təşvişə səbəb olan bu vəziyyət neft böhranı ilə əlaqələndirilir. 

Bildirilir ki, Nazirlər Kabinetinin məlum iclasında prezident Ilham Əliyevin neft gəlirlərinin azalması ilə əlaqədar xəbərdarlığı öz nəticəsini göstərir. Həmin iclasda prezident dövlət strukturlarına özlərini məsuliyyətli aparmağı, israfçılığa yol verməməyi tapşırıb. Həmçinin dövlət qurumlarında idarəetmə prinsiplərinin təkmilləşdirilməli olduğu diqqətə çatdırılıb. 

“Zərf”lərin məhz bu iclasdan sonra geçikdirilməsi təsadüfi sayılmır. Məlumatlara görə, gömrük sistemində ixtisarların aparılacağı və bu prosesə mart-aprel aylarında başlanılacağı gözlənilir. 

Eyni vəziyyət Fövqəladə Hallar Nazirliyində də yaranıb. Burada da “zərf”lərin ləğv ediləcəyi və ixtisarlar aparılacağı barədə xəbərlər işçiləri panikaya salıb. 

Qeyd edək ki, bəzi büdcə təşkilatlarında əməkdaşlara rəsmi əmək haqları ilə yanaşı “zərf”lərin də verilməsi uzun illərdir tətbiq edilir. “Zərf”lərdəki məbləğ rəsmi əmək haqqıdan ən azı iki dəfə çox olur. 

Informasiya şöbəsi