“Ehram TV” qalmaqalı yenidən gündəmdə

Ayaz Salayev: «Köhnə söhbətləri gündəmə gətirmək nəyə lazımdır?»

Yazar Elnur Astanbəyli “Facebook” sosial şəbəkəsində “Ehram TV” məsələsini yenidən gündəmə gətirib. O, filmin senzuraya məruz qaldığına və ilkin variantda dəyişikliklərin olduğuna toxunub. 

arqument.az xəbər verir ki, E.Astanbəyli statusunda yazıb: “Xatırlayacaqsınız, Ayaz Salayev 7 il əvvəl uzun fasilədən sonra ”Ehram TV” adlı bir film çəkmişdi. O vaxt bəndəniz yazdı ki, büdcə hesabına çəkilən film hakimiyyətin senzurasından keçməyib, orada siyasi-ictimai yüklü kadrlar xoşa gəlmədiyi üçün “qayçılanıb”. 

Tozanaq qopdu. Mədəniyyət və Turizm Nazirliyi bunu tələm-tələsik təkzib etdi, Ayaz Salayev isə məni yalan yazdığıma görə məhkəmə ilə hədələdi, telefon danışığımızda isə dedi ki, heç kim onun filmində nəyisə artırıb-əskildə bilməz. 

Aradan 7 il keçdi, “Ehram TV”dən heç bir xəbər çıxmadı. Daha doğrusu, filmin bu gün-sabah nümayişə çıxarılacağını deyə-deyə baş qatdılar. Nəhayət, 7 il sonra filmin tam hazır olduğunu bəyan ediblər. 

Əsas məsələ: “Mədəniyyət və Turizm Nazirliyinin Milli Filmlərin Istehsalı sektorunun rəhbəri Aydın Hüseynov filmin istehsalının müəyyən dəyişikliklərə görə uzandığını söylədi: ”Film ötən il qəbul olunub və bu ilin sonunadək təqdimatı keçiriləcək”. 

Jurnalist dostlardan xahiş edirəm araşdırıb öyrənsinlər görək: filmdə haqqında danışılan dəyişikliklər hansılardır, bu dəyişikliklərə niyə ehtiyac duyulub və bununla təsdiq olunmurmu ki, filmin ilkin variantı senzura qurbanına çevrilib? Ayaz Salayev deyirdi, “Ehram TV”də heç nə dəyişə bilməz, dəyişməyəcək də, bəs nə oldu?”.

Məsələ ilə bağlı Ayaz Salayevlə əlaqə saxladıq. O, arqument.az-a açıqlamasında bu məsələnin niyə yenidən gündəmə gətirildiyini anlaya bilmədiyini dedi. Həmçinin onun bu məsələyə reaksiyası da əsəbi oldu: “Artıq ikinci saytdır ki, bu məsələ ilə bağlı mənə zəng edib. Bilmirəm, bu nə kampaniyadır? Bu, köhnə söhbətdir, film 2008-ci ildə təhvil verilib. Altı ildir ki, bu məsələ bağlanıb. Indi durub sual verirlər ki, nə dəyişiklik olub? Nə olubsa, o vaxt olub. Köhnə söhbətləri gündəmə gətirmək nəyə lazımdır? Film yaxın zamanlarda nümayiş olunacaq”.   

Rejissor hansı dəyişikliklərin olduğu ilə bağlı suala isə konkret cavab verməyib. 

Yazar Elnur Astanbəyli isə bildirib ki, nazirlik filmdə dəyişikliyin olduğunu deyir: “Maraqlıdır, rejissor iştirakı və icazəsi olmadan hər hansı bir filmdə dəyişikliyin olması mümkün deyil. Mən o vaxt bu məsələni gündəmə gətirəndə bəs niyə bu şəkildə etiraz edirdilər ki, dəyişiklikdən söhbət gedə bilməz”.