Hövsan camaatı ayağa qalxdı; qarşıdurmada 1 nəfər öldü

Məktəb direktorunun təhqiramiz cavabı aranı qatdı, işə polis qarışdı və… FOTO

Sakinlərə direktorun işdən çıxarıldığı və barəsində cinayət işinin açıldığı deyilib

Yanvarın 19-da Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilib. Aksiya zamanı polislə qarşıdurmada 21 yaşlı qəsəbə sakini Elmar Əliyev vəfat edib.

Aksiya qəsəbədəki 118 saylı məktəbin qarşısında keçirilib. Sakinlərin etirazına səbəb məktəb direktoru Qardaşxan Kərimovun şagirdlərin valideynlərini təhqir etməsidir.

Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli “Turan”a bildirib ki, qəsəbə sakinləri dəfələrlə məktəbdə müəllimlərin dərsə davamiyyətindən direktora şikayət ediblər, amma direktor bu barədə ölçü  götürməyib. Sakinlərin dərslərə davamiyyəti pis olan tarix müəlliminin dəyişdirilməsi tələbinə isə direktor “Siz kişi evə gəlməyəndə məgər onu dəyişirsiz?” kimi təhqiramiz cavab verib. Bu isə sakinləri hiddətləndirib və aksiyaya səbəb olub. Sakinlər məktəbin önünə toplaşdığını görən direktor məktəbdən qaçıb, sonra polisin müşayətilə geri qayıdıb. Direktoru mühafizə edən polislə sakinlər arasında qarşdıdurma yaranıb. E.Əliyev də bu qarşıdurmanın qurbanı olub. Daha bir yaşlı şəxs isə xəstəxanaya qaldırılıb.

“Lent.az”ın hadisə yerində olan əməkdaşı isə xəbər verib ki, qarşıdurma zamanı E.Əliyevin səhhəti pisləşib, onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Qəsəbə sakinləri E.Əliyevin hərbi xidmətdən yeni qayıtdığını bildiriblər.

Ölüm xəbəri yayıldıqdan sonra sakinlər məktəbə axışıb, insident böyüyüb. Polis orqanları, Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələri hadisə yerinə gəliblər. Onlar sakinlərdən aksiyanı dayandırmağı xahiş edərək, bu məsələni həll edəcəklərini vəd ediblər. Lakin sakinlər dağılmayıblar. Onlar direktor barəsində təcili ölçü götürülməsini tələb ediblər.

Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi də hadisə yerinə gəlib və sakinlərə bildirib ki, məsələ ilə bağlı ciddi araşdırma aparılacaq.
 
R.Dəmirlinin “Turan”a bildirdiyinə görə, hüquq-mühafizə orqanları və Suraxanı RİH təmsilçiləri sakinlərə direktor Qardaşxan Kərimovun artıq işdən kənarlaşdırıldığı və barəsində cinayət işi balşadıldığı haqda məlumat veriblər.