Bakı meri nəqliyyat nazirinin nəzarətində olan keçidlərdəki köşkləri niyə sökür?
28 May metrostansiyasının yaxınlığındakı keçiddə ticarət köşkləri sökülən sahiblərə 6 min manat kompensasiya verirlər. Bu barədə köşk sahiblərindən birinin “Qafqazinfo”ya ünvanladığı məktubda deyilir. “Mən mart ayında 20 min manat ödəyərək ikinci əldən dükan aldım, ayaqqabı satırdım.
Iki gün əvvəl gəlib sökdülər. Biz müqaviləni ”Röyal Isteyt” MMC ilə bağlamışıq və müqaviləni avtovağzaldan gedib götürmüşük. Keçidə Nəqliyyat Nazirliyi nəzarət edir. Mənim kimi 62 nəfərin dükanı sökülüb. Səs-küy salanlara isə 6 min manatdan pul verib müqavilə imzalatdırırlar ki, heç bir narazılığımız yoxdur. Bu müqaviləni imzalayıb 6 min alanlar var. Mən və digər yoldaşlarım konkret nə edəcəyimizi bilmirik. Əlimdə bir neçə min manatlıq malla qalmışam küçələrdə”, – deyə adının çəkilməsini istəməyən sahibkar bildirib.
Məlumat üçün deyək ki, yeraltı keçidlər nəqliyyat naziri Ziya Məmmədovun nəzarətindədir. Ziya Məmmədov bir neçə il əvvəl “28 May”da, həmçinin “Azdrama”nın qarşısında yerləşən keçidləri təmir etdirərək, orada mağazalar açıb və köşklər quraşdırıb.
Bir neçə gün əvvəl isə Bakı Şəhər Icra Hakimiyyəti köşkləri söküb. Səbəb isə olimpia oyunları gətirilib. Lakin bəzi iddialara görə, Bakı meri Hacıbala Abutalıbov olimpiya oyunlarını əsas gətirərək Ziya Məmmədova zərbə vurur. Çünki nəqliyyat nazirilə mer arasında “parkomat” məsələsində ziddiyyət var. Məhz Nəqliyyat Nazirliyi ilk olaraq Bakı meriyasını bu məsələ ilə bağlı fəaliyyətini tənqid etmişdi.



