«Nordic Freedom» tankerinin açıq dənizdə gözlədilməsinin sirri
1 milyon barrel Azərbaycan nefti yüklənmiş “Nordic Freedom” tankeri hazırda açıq dənizdə gözləməkdədir. Tanker bu nefti ABŞ-ın Men ştatının Portlend limanına çatdırmalıdır. Tanker bu həftənin əvvəlində Ceyhan limanından yola çıxıb. Tankerdəki neftin hansı treyder şirkətinə məxsus olduğu göstərilmir.
“Röyter” bunu neftin qiymətinin ucuz olması ilə izah edir. Agentlik yazır ki, bir sıra iri neft treyderləri əllərində olan nefti indiki aşağı qiymətə satmaqdansa, uzun müddətə kirayələdikləri tankerlərdə açıq dənizdə saxlamağa və qiymət qalxanda bazara çıxarmağa üstünlük verirlər.
Dənizçilik tematikası üzrə ixtisaslaşmış “The Maritime Executive” portalı da bu taktika haqda daha geniş yazıb (virtualaz.org). Bildirilir ki, Qərbi Afrikadan ABŞ-a neft yola salan treyderlər qiymətlərin qalxmasını gözləyirlər və əllərindəki nefti kirayələdikləri tankerlərdə saxlayırlar.
Lakin “Azadlıq”a daxil olan məlumatlara görə, Azərbaycan nefti ilə bağlı problem heç də qiymətlərin ucuz olması ilə bağlı deyil. Iddialara görə, Azərbaycan neftinin yükləndiyi “Nordic Freedom” tankerinin açıq dənizdə gözləməsi ABŞ-Azərbaycan münasibətlərindən qaynaqlanır. Məlumat üçün deyək ki, hazırda Vaşinqtonla Bakı arasında münasibətlər çox gərgindir. Gərginliyin kökündə isə Azərbaycan hakimiyyətinin repressiv siyasəti dayanır. Əliyev iqtidarı ABŞ-la enerji sahəsindəki əməkdaşlıqdan yararlanaraq Vaşinqtonun demokratiya çağırışlarına məhəl qoymur.
Məlumatda bildirilir ki, tankerin açıq dənizdə gözlədilməsi artıq ABŞ-ın Azərbaycanla enerji sahəsindəki əməkdaşlığa o qədər də ciddi önəm verməməsinin mesajıdır. Yəni, Vaşinqton Bakının diqqətinə çatdırır ki, indi Azərbaycan nefti onun üçün prioritet məsələ deyil və ABŞ hətta bu əməkdaşlıqdan imtina edə bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bəyan etmişdi ki, neft artıq siyasi məsələ deyil və bu ABŞ üçün 20 il əvvəlki tək önəm kəsb etmir. Ekspertlər Kozlariçin bu açıqlamasını ABŞ-ın Azərbaycan neftindən imtinasına hazırlıq kimi dəyərləndirirdi.



