AXCP lideri vicdan məhbusu jurnalistin müdafiəsinə yazı həsr etdi
AXCP sədri Əli Kərimli vicdan məhbusu, jurnalist Xədicə İsmayıl haqqında yazıb. Onun facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:
“Xədicə İsmayıl həbs ediləndə çoxunuz kimi, mən də özümə sual vermədim ki, onu niyə həbs etdilər? Hamıya aydın idi ki, ondan qisas alırlar. Amma özümə sual verdim ki, Xədicə xanımın xalqımız qarşısında ən böyük xidməti hansı işi, hansı addımı olub? Axı onun fəaliyyəti çoxşaxəlidir. Xədicə xanım peşəkar jurnalistdir. Son illərdə Azərbaycanda yeganə azad debat imkanı onun “Azadlıq” radiosunda apardığı proqramda olub.
İstər rejimin ifşası, istərsə də maarifçilik baxımından Xədicə xanımın təkcə facebookdakı profili vasitəsilə gördüyü işlər əksər partiya və qəzetlərin bu istiqamətdə etdiklərindən daha çox idi.
Xədicə xanım əsl vətəndaş cəmiyyəti lideri kimi fəaliyyət göstərirdi. Cənubi Azərbaycanda zəlzələ qurbanlarına yardımın təşkilindən tutmuş, əsgər ölümlərinə etirazların təşkilinə qədər ən müxtəlif sahələri əhatə edən təşəbbüsləri ilə cəmiyyətin əhəmiyyətli bir hissəsini xeyirxah işlərə, faydalı təşəbbüslərə cəlb edə bilib. Leyla xanımın, İntiqam bəyin, Rəsul Cəfərovun həbsindən sonra isə özü bu ada iddia etməsə də ölkənin ən mötəbər hüquq müdafiəçisinə çevrilmişdi.
Bütün bunlara baxmayaraq özümə yuxarıda qeyd etdiyim “Xədicə xanımın xalqımız qarşısında ən böyük xidməti hansı işi, hansı addımı olub” sualını verəndə ilk ağlıma gələn onun İlham Əliyev ailəsinin biznes imperiyasını aşkara çıxaran cəsarətli korrupsiya araşdırmaları gəldi. Bu, həqiqətən də çox böyük və vacib iş idi. Lakin bir az düşündükdən sonra fikrimi dəyişdim. Xatırladım ki, Xədicə xanımın hətta həmin araşdırmalardan da daha cəsur və indiki və gələcək nəsillər üçün daha faydalı addımı – qərarı olub.
Bilirsiniz ki, məşhur araşdırmalarından sonra Xədicə xanım olduqca çirkin bir şəkildə şantaj edilmiş, ondan susması tələb olunmuşdu. Xədicə xanım isə sonra olacaq hər şeyi gözə alıb, şantajı rədd etmiş, mübarizəsini davam etdirəcəyini bəyan etmişdi. Xədicə xanımın məhz o addımı onun cəsarətinin zirvəsi – qəhrəmanlıq idi!
Adam ölkə jurnalistikasında cəsarət zirvəsini fəth etdikdən sonra “bu ölkə üçün bütün riskləri mənmi gözə almalıyam?” təsəllisi ilə susub kənara çəkilə bilərdi, amma etmədi. Açıq–aşkar “ölkəyə qayıtsan, həbs olunacaqsan” mesajlarını alanda, mübarizəsini kənardan davam etdirmək qərarını da verə bilərdi, amma etmədi. Onu hədələyənlərin, təhdid edənlərin üstünə getdi. Nümunə yaratdı.
Dostlar, söhbət belə bir ürək sahibinin müdafiəsindən gedir. Onun və bütün vicdan məhbuslarının müdafiəsi üçün vaxtınızı, çalışmalarınızı əsirgəməyin!”


