12 yaşlı qızın sualı Papanı sarsıtdı

“Niyə Allah bunların başımıza gəlməsinə yol verir?”

Roma papası Francis Maniladakı universitetlərdən birində 12 yaşlı qızın ona verdiyi bir sualdan sarsılıb.
Yoxsulların və əzilənlərin himayədarı kimi ad çıxarmış Papa ailəsi tərəfindən atılmış qızın sualından sonra onu qucaqlayıb və dizi üstündə oturdub.

Qlizelle Palomar hönkürərək Papadan soruşub: “Bir çox uşaqlar narkotiklər və fahişəliklə məşğul olurlar. Niyə Allah bunların başımıza gəlməsinə yol verir? Axı uşaqların heç nədə günahı yoxdur”.

Papa sualdan özünü o qədər itirib ki, əvvəlcədən hazırlanmış çıxışının ingiliscə mətnini bir kənara qoyaraq, uşağa özünün doğma ispan dilində cavab verib.

 “O cavabı olmayan sual verənlərdən yalnız biridir. Əslində o bu sualı sözləri ilə yox, göz yaşları ilə ifadə edib”, – deyə Papa bildirib.

Öz çıxışında insanları imkansızlara rəğbətlə yanaşmağa çağıran Francis sözünə davam edib: “Mən sizi özünüzə suallar verməyə dəvət edirəm. “Mən ac bir uşaq görəndə, küçələrdə narkotik maddə qəbul edən, evsiz, atılmış, namusuna toxunulmuş, cəmiyyətin qul kimi işlətdiyi bir uşaq görəndə hönkürməyi, ağlamağı öyrənə bilmişəmmi?”.
Mətbuat yazır ki, Papaya sual verən qız ailəsi tərəfindən atıldıqdan sonra onu bir kilsənin icması himayəyə götürüb.

Uşaq Papaya sualını onun baş çəkdiyi Filippin Katolik Universitetindəki görüşdə verib.

Bundan sonra Roma papası Rizal Parkda 6 milyon insanın qatıldığı kütləvi ibadətdə iştirak edib. Adamların burada parkın qapılarının açılması üçün bütün gecəni gözlədikləri xəbər verilir.