Elşad Abdullayev Kamran Əliyevə cavab verdi

«Onun fikirləri siyasi sifarişdir, məqsəd məni qorxu altında saxlamaq, mövqeyimdən çəkindirməkdir»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə cavab verib.

Qeyd edək ki, Kamran Əliyev bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirildiyini bildirib. O, həmçinin qeyd edib ki, Elşad Abdullayev hazırda axtarışdadır. Kamran Əliyev həmçinin bildirib ki,  vaxtilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb ediliblər.

Elşad Abdullayev isə “Azadlıq”a göndərdiyi açıqlamada iddia edib ki, Kamran Əliyevin fikirləri siyasi sifarişin nəticəsidir. Elşad Abdullayev bildirib ki, hakimiyyət bununla onu təhdid edir: “Mənim barəmdə başladılan cinayət işi qondarmadır. Mənə qarşı irəli sürülən ittihamlar əsassız və saxtadır. Bütün bunların səbəbi məni susdurmaq, mövqeyimdən çəkindirməkdir. Baş prokuror Zakir Qaralov Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin əməllərini açmaq əvəzinə məni qorxu altında saxlamaq istəyir. Bunun özü bir ağır cinayətdir. Mənim qardaşım oğurlanıb. Lakin hələ də bu cinayətin üstü açılmayıb. Tələbim bu cinayətin üstünün açılmasıdır. Amma bunun əvəzində məni təhdid edirlər. Necə deyərlər, ”oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.

Biz Azərbaycan vətəndaşı olaraq 46 illik tayfa rejiminin terroruna məruz qalmışıq, dövlət öz vətəndaşının hüquqlarının müdafiəçisi deyildir. Tayfa rejimi cinayətkar şəbəkənin qarantı olduğu üçün bizi susdurmaqla məşğuldur”.