
Xəzər Universitetinin rəhbərliyi dünən əldə etdikləri nailiyyətlərlə bağlı mətbuat konfransı keçirib. Universitetin rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet Isaxanlı mətbuat konfransını açaraq təhsil ocağının uğurları barədə danışıb və həmin uğurların təsadüfi olmadığını qeyd edib:
“Müasir dünyada yaxşı ali məktəb elmi tədqiqat gücü, maddi-texniki bazası, kadr potensialı və keyfiyyətli təhsil verməsi ilə tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalı, yeni inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməli, yeri olmalıdır. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünyanın digər ali təhsil və elm ocaqları, böyük şirkətlər və dünya mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır”.
Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan birinin də “QS” təşkilatı olduğunu deyən H.Isaxanlı vurğuladı ki, təşkilat 2014-cü il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinq cədvəlində Azərbaycandan yalnız 3 ali məktəb yer alıb. Xəzər universiteti 39.6 balla 100 ən yaxşı ali məktəb arasında 71-ci yerdə qərarlaşıb. BDU 39.4 balla 72-ci, Qafqaz Universiteti isə 38.5 balla 75-ci yerdədir.
H.Isaxanlı bildirdi ki, ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biri də EDUNIVERSAL Beynəlxalq Elmi Cəmiyyətidir. Bu təşkilat hər il dünyada 12,000-dən çox magistr proqramlarını tədqiq edir, qiymətləndirir və “Ən Yaxşı Magistr Proqramları”nı elan edir.
Xəzər Universitetinin Menecment, Iqtisadiyyat, Mühasibat uçotu və audit ixtisasları üzrə MBA proqramları Avrasya və Yaxın Şərq bölgəsinin ən yaxşı 10 (on) magistr proqramı siyahısında yer alıb. Menecment və Iqtisadiyyat 9-cu, mühasibat uçotu və audit isə 10-cu yeri tutub.
Təhsil haqından gələn gəlirin hamısını universitetin inkişafına yönəldiklərini deyən H.Isaxanlı bildirdi ki, artıq bir ildir fəaliyyət göstərən Mühəndislik fakultəsi də özünü doğrultmaqdadır: “Universitetimizin mühəndisləri qarşısında günəş enerjisi ilə işləyən avtomobil icad etmək vəzifəsini qoymuşuq. Bu istiqamətdə qızğın iş gedir. Universitetimizdə təhsili davam etdirmək də asan deyil. Elə tələbə olur ki, dörd illik təhsili səkkiz ilə tamamlayır. Amma eləsi də olur ki, üç il ərzində proqramı tamamlayır”.
Xəyal


