Ərdoğanın Netanyahunu «sancması» iki ölkə arasındakı soyuq savaşı alovlandırdı
Elxan Şahinoğlu: «Bu gərginliyin davam etməsi Türkiyəyə xeyir gətirməyəcək, PKK terroru ilə üz-üzə qalan Türkiyə üçün vəziyyət dəyişə bilər»
Ankara ilə Təl-Əviv arasında yaşanan problemlər dərinləşməkdə davam edir. Israilin Xarici Işlər Naziri, Türkiyə ilə Israil arasında başlayan “aşağı kreslo” böhranının memarı kimi tanınan Aviqdor Liberman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Israili tənqid etməsinə kəskin cavab verib. Bu da iki ölkə arasındakı soyuq savaşı yenidən alovlandırıb.
Israilin baş naziri Benyamin Netanyahunun Paris yürüşünə qatılması ilə bağlı Rəcəb Tayyib Ərdoğanın “Sanki insanlar həyəcanla onu gözləyirmiş kimi əl də yelləyirdi. Nə üzlə ora gedib, orasını anlaya bilmirəm. Əvvəlcə siz öldürdüyünüz körpələrin, qadınların hesabını verin” deməsinə əvvəlcə baş nazir Netanyahu belə cavab verib: “Parisdəki yürüşdə Israilin təmsil olunmasıyla bağlı onun utandırıcı çıxışları rədd və tənqid edilməlidir. Terrora qarşı mübarizəyə əxlaqla yanaşarıqsa, uğur qazanmaq mümkündür”.
“Hürriyyet” qəzeti isə Israilin xarici işlər naziri A.Libermandan sitat gətirib. Qəzetin yazdığına görə, Liberman deyib: “Ərdoğan özünü küçə xuliqanı kimi aparır”.
Liberman eyni zamanda, Ərdoğanı yəhudilərə qarşı nifrət toxumu səpməkdə günahlandırıb və Avropanın ona qarşı bundan sonra səssiz qalmayacağı fikrini dəstəkləyib:ÿ”Mən başa düşə bilmirəm ki, Avropa ona nə vaxta qədər dözəcək? “Quzuların susması” sonda bizi ötən əsrin 30-cu illərinə qaytara bilər”.
Ərdoğanın Parisdəki terrordan sonrakı yürüşə qatılmağı tənqid edərək “Hansı üzlə ora gedib?” sözlərinə cavab verən Netanyahuya Türkiyənin Prezident Administrasiyasından cavab gəlib. Administrasiyanın spikeri Ibrahim Kalın Netanyahuya belə cavab verib: “Netanyahunun Paris terroruna qarşı birlik yürüşünü öz çıxışları üçün istifadə etməsi qınanmalıdır. Netanyahunun ”Islami terror” sözlərini istifadə edərək bu terroru açıqca Islamla əlaqələndirməyə çalışması Islamafobik bir münasibətdir və qəbul edilə bilməz”.
Bu arada, Ərdoğanın Israilin baş naziri Netanyahunu Parisdə təşkil olunan Cümhuriyyət yürüşünə qatıldığı üçün tənqid etməsindən sonra başlayan mübahisəyə ABŞ-ın xarici siyasət idarəsi də qoşulub. ABŞ Dövlət Departamentinin sözçüsü Mary Harfın “Ərdoğanın sözlərinə şiddətlə qarşıyıq” açıqlamasına Türkiyə Xarici Işlər Nazirliyindən Tancu Bilgiç cavab verib.
“Harfın xüsusilə hörmətli prezidentimizin sözləri haqqında şərh vermək əvəzinə, Israilin bu hərəkətləri haqqında şərh verməsinin daha doğru olacağını demək yerinə düşər. ABŞ Dövlət Departamenti spikerinin ifadələrini eşitdim. Yersiz bir şərh olduğunu düşünürəm. Israil 2012-ci ilin iyul və avqust aylarında onsuz da mühasirə səbəbilə açıq hava həbsxanasına dönmüş olan Qəzza xəttinə qarşı qadın-uşaq ayrı-seçkiliyi güdmədən insafsız bir şəkildə hücum təşkil etdi. Ölənlərin sayı 2205 idi. Bunların 521-i uşaq, 283-ü isə qadın idi. Hücumlar əsnasında 11 min fələstinli yaralanmış, 20 min fələstinlinin evi məhv edilmiş, 110 min adam evsiz qalmışdı. Israil bu hücumlarıyla beynəlxalq vətəndaşların qorunması öhdəliyi başda olmaq üzrə beynəlxalq humanitar hüququ da ayaqlar altına almış olur. Parisdə edilən hücumlar nə qədər anti-humanist hərəkətlər idisə, bu qədər vətəndaşın öldürülməsi, bir çox insanın evsiz, uşaqların yetim buraxılması eyni şəkildə anti-humanist hərəkətlərdir”, – deyə Tancu Bilgic bildirib.
Türkiyə və Israil münasibətlərindəki yeni gərginliyi şərh edən politoloq Elxan Şahinoğlu iki ölkə arasında davam edən soyuqluq fonunda Ərdoğanın Netanyahunu ittiham etməsini, onun Parisdə mitinqə qatılmasıyla bağlı söylədiklərini “Israilin baş nazirini sancmaq” kimi qiymətləndirir. Ekspert yada salır ki, Netanyahu da buna səssiz yanaşmadı: “Bu cür açıqlamalar iki ölkə arasında münasibətləri daha da soyumağa aparır. Suriya və Iraqda savaş, terrorun geniş yayılması bölgədə bu iki ölkə arasında bir-birinə qarşı müqaviməti artırmağı deyil, münasibətlərin normallaşmasını diqtə edir. Dünya birliyi, həmçinin Türkiyə Israil hökumətindən tələb edir ki, Fələstin məsələsində addımlar atsın, onun müstəqilliyini tanısın. Israil dövləti hələ ki, buna getmir. Digər dövlətlər də Israilin siyasətindən narazı olsa da, bunu münasibətləri Türkiyə kimi gərginləşdirmək səviyyəsində etmir. Süni surətdə münasibətlər gərginləşib. Çünki bu iki dövlət arasında heç vaxt belə münasibətlər olmayıb, onlar müttəfiq olublar. Hər iki ölkə arasında son hadisələrə qədər normal şəkildə əlaqələr mövcud olub. Hazırda münasibətlər elə kəskinləşib ki, sanki bu dövlətlər 40-50 ildir belə soyuq vəziyyətdə yaşayıb. Türkiyə və Israil yenidən həmin isti dönəmə qayıtmalıdır. Çünki bu gərginliyin davam etməsi Türkiyəyə xeyir gətirməyəcək. PKK terroru ilə üz-üzə qalan Türkiyə üçün vəziyyət dəyişə bilər. Israilin Iraqın şimalında yaşayan kürdlərə dəstək verməsi barədə də məlumatlar dolaşır. Nəticədə onun kürdlərə dəstəyinin artması Türkiyə üçün arzuolunmaz haldır”.
Siyasət şöbəsi


