Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Biz təriflə yaltaqlığın sərhədlərinin itdiyi ölkədə yaşayırıq. Bu, Azərbaycanın düşdüyü faciəvi situasiyanın ən aydın görsənişidir. Tənqidin olmadığı ölkədə tərif də yoxdur. Tənqidin olmadığı yerdə tərif insanların qarşısına ancaq məddahlıq, yaltaqlıq kimi çıxa bilər.
Tərif əslində bizim kimi ölkələrdən göründüyü qədər də iyrənc deyil. Yeri gəlsə, tərifdə pis heç nə yoxdur. Hər nə qədər Platon tərifi əsl fikirlərini və niyyətlərini gizlətmək istəyənlərin söylədikləri yalan kimi qəbul etsə də, hər nə qədər Russo tərifin ondan zövq alanları korlamaqdan başqa bir şeyə yaramadığına inansa da, əslində tərif də tənqid kimi özgür bir haqdır. Tərif də qiymətləndirməyin bir növüdür. Haqqı olanlar, layiq olanlar bu cür qiyməti öz sağlığında, qulaqları eşidə-eşidə almalıdırlar. Amma nə yazıq ki, Azərbaycan kimi ölkələrdə belə bir qiymət – qiymətsizlikdir, yəni tərif – tərifsizlikdir. Çünki o, bizim qarşımıza tərif kimi deyil, tamamilə əksinə – yalmanmaq, yaltaqlanmaq, əl və ya ətək öpmək, ömründən kəsib başqasının ömrünə bağışlamaq, Şərə qulluq etmək, həqiqətə düşmən kəsilmək kimi çıxır. Çünki tərif bizdə Xeyir əmələ, mütərəqqi fikirə verilən dəyər deyil, tərif bizdə – istənilən bəşəri idealı asanlıqla tapdayıb keçərək, həyatda mövqe tutmaq, mənsəb sahibi olmaq, komforta qovuşmaq üçün əsas yollardan biridir.
Azərbaycanda tərif ona görə çox iyrəncdir ki, onun qaynağı, ilhamvericisi – vəzifədir, inzibati gücdür, maddi imtiyazlardır.
Bizdə hakimiyyət kimdədirsə – güclü də odur. Bizdə güclü kimdirsə – haqlı da odur. Və bizdə…
Və bizdə tərif də ancaq belələrinin əyninə biçilidir.
Məsələn, bizdə allahın Qaz Emalı Zavodunun direktoru olmaq kifayətdir ki, səndən bir günün içində istənilən şeyi düzəltsinlər – pyes yazırsansa, ən böyük dramaturq elan etsinlər, şeir yazırsansa, səni Puşkinlə, Bayronla müqayisə eləsinlər.
Ya da bizdə özün heç kim olmaya bilərsən, amma oğlun-qızın icra başçısı, ya da deputatdırsa, hansısa ixtiyar, imtiyaz sahibidirsə, deməli, problem yoxdur: bu “heç kim”dən bircə anın içində “hər şey” qayırmaq mümkündür. “Heç kim” olmadığın təqdirdə istənilən məclisdə ən başda səni oturdarlar, ağzından çıxan hər kəlməni Quran ayəsi kimi qəbul edərlər. Əlinin üstünə əl, sözünün üstünə söz tanımazlar.
Bax elə ona görə yazıram ki, Azərbaycanda tərif yoxdur, kiməsə hətta layiq olduğu dəyəri vermək də çox çətindir. Yaptokratlar elə bir mühit yaratdılar ki, haqlı tərif belə – yaltaqlığın sinonimi kimi qəbul olunur. Istənilən xoş sözün arxasında adamlar hansısa niyyət, məqsəd axtarırlar. Qınamalı deyil. Əksinə – doğru olan elə budur. Hər şeyin maddiləşdiyi, “qarının qardaşdan önə çıxdığı”, mənəvi dəyərlərin tamamilə dəyərsizləşdiyi bir mühitdə istənilən tərif – yaltaqlıq nümunəsidir.
Tərif ancaq o mühitdə dəyərlidir ki, orada tənqid daha dəyərlidir. Tənqidin top-tüfənglə, linçlə, şillə-təpiklə, zorakılıqla qarşılandığı heç bir ölkədə tərif xoş qarşılana bilməz. Tənqidə münasibətin dözülməz olduğu yerdə tərif də yoxdur, bir az da konkretləşdirsək, “tərif” adı altında yarınmaqlıq, yala hürməklik, mədə güdməklik, merkantillik var.
Tənqidin həzm edilmədiyi, tənqidin xoş qarşılanmadığı, tənqidə görə ağızların qıfıllandığı, qolların qandallandığı, boyunun vurulduğu, gözün çıxarıldığı yerdə tərif – ürək bulandırır, utanc yaradır.
Harda tənqid yoxdursa – orda kimisə tərifləyən insan əslində heç kimi tərifləmir, sadəcə, tərifləyə-tərifləyə hərifləyir. Layiq olmadığı halda nələrsə qazanır, hansı ki, Sistem, situasiya dəyişdikdən sonra onun üçün həmin təriflərdən imtina etmək və yeni Sistemi, situasiyanı tərif etmək su içimi kimi asan bir şeydir.
Harda tənqid yoxdursa, orda tərif də yoxdur – əvəzində yaltaqlıq var, məddahlıq var, yalan var, sabunlanmaq var, iftira var.
Uzun sözün qısası: tənqid olmayan yerdə tərifləmək rəzillikdir.