İntiqam Əliyevin üç dəqiqəlik məhkəməsi…

Hüquq müdafiəçisinin işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədilər

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, vicdan məhbusu Intiqam Əliyevin işi üzrə prosesi başlamalı, məhkəmənin hazırlıq iclası keçirilməli idi. Məhkəməyə Intiqam Əliyevə dəstək məqsədilə yüzdən artıq adam gəlmişdi. Onların arasında Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslər, istiqlalçı deputat Ibrahim Ibrahimli, bu yaxınlarda azadlığa çıxan siyasi məhbus Qurban Məmmədov, REAL hərəkatının Idarə Heyətinin üzvləri də vardı.

 

Məhkəməni izləmək istəyənlərin böyük əksəriyyəti zala daxil ola bilmədi. Çünki proses çox kiçik zalda keçirilirdi.

Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən məhkəmə prosesi heç üç dəqiqə çəkmədi. Məlum oldu ki, istintaq iş üzrə 5 nəfəri zərərçəkmiş qismində tanıyıb ki, onların da heç biri məhkəməyə gəlməyib. Yeri gəlmişkən, zərərçəkmiş qismində tanınan şəxslər hüquq müdafiəçisinin işçiləri olub. Həmçinin Intiqam Əliyevin vəkillərindən Elton Quliyev də hazırlıq iclasına gəlməmişdi. Hakim bildirdi ki, digər vəkil Cavad Cavadov məhkəməyə yazılı vəsatət təqdim edib. Intiqam Əliyevin bütün vəkilləri və zərərçəkmişlər vəsatətə mütləq öz münasibətlərini bildirməlidir. Lakin onlar iştirak etmədiyindən hazırlıq iclası keçirilə bilməz. Bu səbəbdən proses yanvarın 23-nə qədər təxirə salındı.

Məhkəmə zalındakı ictimai-siyasi fəallar dəmir qəfəsdə də olsa, Intiqam Əliyevi görüb, onunla hal-əhval tuta bildilər. Hüquq müdafiəçisi nikbin olsa da, onun səhhətinin yaxşı olmadığı açıq-aşkar görünürdü.

Xatırladaq ki, Intiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamların qondarma olduğu, Intiqam Əliyevin hüquq-müdafiə sahəsindəki fəaliyyətinə, xüsusən Avropa Məhkəməsinə göndərdiyi şikayətlərə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib. Hüquq müdafiəçisi həbsindən sonra “Saxarov” mükafatına layiq görülüb. Eyni zamanda, Intiqam Əliyevin adı dünyada ən məşhur 11 siyasi məhbusların siyahısına daxil edilib. Onun azadlığa buraxılması üçün beynəlxalq aləmdən Azərbaycan hökumətinə çoxsaylı çağırışlar olub.

Aytən Məmmədova